İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 19 mart tarixli fərmanı ilə ləğv olunmuşdur.
Tarixi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsiİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı təsdiq edilmişdir. Fərmana əsasən Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurum olub.
Agentlik tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017–2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirilmişdir. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan vermişdir. Layihə müddətində əhalidən sığortahaqları toplanılmayıb.
Pilot layihənin müvəffəqiyyətlə nəticələnməsi onun bütün ölkə üzrə tətbiqinin reallaşmasına zəmin yaratdı. Nəticədə Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli Qərarına əsasən icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiqləndi. Mərhələli tətbiqin qərarı icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, islahatın əhatə dairəsinin böyüklüyünün və tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin nəzərə alınması ilə bağlı olmuşdur.
I mərhələ 2020-ci il 1 yanvar tarixindən etibarən 23 şəhər və rayonu (Mingəçevir, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş);
II mərhələ 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayonu (Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul);
III mərhələ isə 2021-ci il 1 aprel tarixindən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu da daxil olmaqla icbari tibbi sığorta sisteminin tətbiqinin bütün ölkəni əhatə etməsi ilə yekunlaşıb.
2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs ilə birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılmışdır. thumb|221x221px|İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ardıcıllığı
Agentliyin filialları Agentliklə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə ölkənin müxtəlif bölgələrində Agentliyin strukturuna daxil olan 11 filial yaradılıb: Gəncə, Lənkəran, Şəki, Quba, Şirvan, Şamaxı, Mingəçevir, Göyçay, Ağcabədi, Şəmkir və Cəlilabad filialları.
Filialların fəaliyyət istiqamətlərinə icbari tibbi sığorta sahəsində Agentliyə dəstək göstərmək, əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək, habelə icbari tibbi sığorta sahəsində maarifləndirmə işinin aparılması daxil olub.
Agentliyin elektron xidmətləri Agentliyin "Laboratoriya analizlərinin nəticələri", "E-TƏBİB", "Elektron müraciət", "Vətəndaş qəbuluna onlayn növbə", "Göndərişlər", "Tibbi sənədlər", "COVİD-19 sertifikatları", "Vaksinasiya üçün onlayn növbə", "COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi", "Onlayn çat" və "Zəng sifarişi " adlı elektron xidmətləri olub.
Çağrı Mərkəzi Agentliyin Çağrı mərkəzi vasitəsilə vətəndaşlara icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul, koronavirus epidemiyası və s. barədə məlumatlar təqdim olunub. Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərib. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542–1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542–2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542–3), koronavirusla bağlı xətti (1542–4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542–0) isə 7/24 fəaliyyət göstərib.
Beynəlxalq əməkdaşlıq Agentliyin bir sıra beynəlxalq təşkilatlarla — Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Qlobal Fond, Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi və Sosial Müdafiə Qurumu (SGK), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Koreya Səfirliyi, Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Yaponiya Səfirliyi, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Asiya İnkişaf Bankı, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Avropa İttifaqı və beynəlxalq şirkətlərlə müxtəlif istiqamətlərdə birgə layihələr və tədbirlər həyata keçirib.
Qanunvericilik "Tibbi sığorta haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU "Əhalinin sağlamlığının qorunması haqqında" AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Həmçinin bax Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İcbari Tibbi Sığorta Fondu (Azərbaycan) Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Azərbaycan Tibb Universiteti Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
İstinadlar
Xarici keçidlər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Facebook səhifəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Instagram səhifəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Twitter səhifəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin LinkedIn səhifəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin YouTube kanalı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Teleqram kanalı
Kateqoriya:2007-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:27 dekabrda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları