Cin Qrey () — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Personaj eyni zamanda Marvel qız, Zümrüd quşu və Qara Zümrüd quşu kimi də tanınmışdır. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.

Cin Qrey qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, telekinez və telepatiya qabiliyyəti ilə dünyaya gəlmişdir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. Onun gücləri ilk dəfə uşaqlıq dostunun avtomobil qəzasına düşdüyü zaman büruzə vermişdir. Qayğıkeş və sakit xarakteri ilə seçilən personaj Omeqa-səviyyəli mutantlardan biri və həm də kosmik Zümrüd quşu gücünün fiziki təzahürüdür. Böyük gücə sahib olan mutant dəfələrlə komikslərdə ölümlə üzləşmişdir. Onun ilk vəfatı Marvel qız maskası altında ikən olmuşdur. Daha sonra isə o Zümrüd quşu kimi yenidən dünyaya qayıtmışdır.

Cin Qrey həyat yoldaşı Siklop, müəllimi və ata kimi gördüyü Çarlz Xavier, onu qarşılıqsız sevən Şimal porsuğu, ən yaxın rəfiqəsi Fırtına və genetik cəhətdən övladları sayılan Reyçel Sammers, Kabel, Strayf və Neyt Qrey ilə birlikdə Marvel dünyasının və əsasəndə İks-adamların ən önəmli personajlarından biridir.

İlk İks-adamlardan olan Cin Qrey İks-adamlarla bağlı olan bir çox komiks, cizgi serialları, filmlər və video oyunlarda yer almışdır. Cin Qrey rolunu İks-adamlar, İks-adamlar 2, İks-adamlar: Son müqavimət və Şimal porsuğu filmlərində aktrisa Famke Yanssen, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Cin Qreyi aktrisa Sofiya Törner canlandırmışdır.

2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Cin Qrey altıncı yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 13-cü yerdə göstərilmişdir. Onun bir parçası hesab olunan Qara Zümrüd quşu "Bütün Zamanların 100 Ən Böyük Supercinayətkarları" siyahısında 9-cu yerdə göstərilmişdir.

Uydurma personaj həyatı

Erkən illəri Cin Qrey Con və Elin Qreyin ikinci övladı olaraq dünyaya gəlmişdir. Onun Sara adlı böyük bacısı olmuşdur. Cinin atası Con Qrey Nyu-Yorkda yerləşən Bard kollecində müəllim olaraq fəaliyyət göstərirdi. Komikslərdə Cinin sevgi dolu, qayğıkeş bir ailədə böyüdüyü göstərilmişdir.

İks-adamlar Cinin mutant gücləri ilk dəfə uşaqlıq dostunun avtomobil qəzasına düşərək, həlak olduğu zaman büruzə vermişdir. Cin dostu ilə mental olaraq əlaqə qurur və özü də ölümlə üzləşir. Hadisə nəticəsində Cin komaya düşür və kömək üçün onun valideynləri güclü mutant telepat Çarlz Xavierə müraciət edirlər. Xavier Cin böyüyənədək onun telepatiya gücünü məhdudiyyətləşdirir və geriyə yalnız onun telekinez gücü qalır. Xavier daha sonra onu komandanın yeganə qadın üzvü olaraq, Marvel qız ləqəbi ilə İks-adamlara qəbul edir. İks-adamlarla bir neçə missiyadan sonra Xavier Cinə qoyduyu mental məhdudiyyəti qaldırır və ona telepatiya gücünü idarə etməkdə yardım göstərir. Cin daha sonra komanda yoldaşı Siklop ilə sevgi münasibəti yaşamağa başlayır.

Zümrüd quşu gücü left|thumb|150px|Cin Qreyin Zümrüd quşuna dönüşü right|150px|thumb|Zümrüd quşu ulduzu udaraq milyardlarla canlını məhv edərkən Kosmosda fövqəladə missiya zamanı İks-adamların kosmik gəmisi xəsarət alır. Cin ölümcül dərəcədə radiasiyaya məruz qalaraq, gəmini Yer kürəsinə sürür. Ölüm ayağında olmasına baxmayaraq Siklop və digər komanda yoldaşlarını xilas etməkdə qətiyyətli olan Cin kömək üçün bağırmağa başlayır və onun səsinə kosmik varlıq olan Zümrüd quşu gücü cavab verir. Cinin fədakarlığını və sevgisini görən Zümrüd quşu gücü onun görünüşünü və yaddaşını alaraq artıq gerçək Cin Qrey olduğunu düşünür. Cinin ölüm ayağında olan vücudunu isə baramaya yerləşdirir. İks-adamlar kosmik gəmi ilə birlikdə Yamayka körfəzinə düşürlər. Hədsiz kosmik gücə sahib olan Zümrüd quşu gücü yeni yaşıl rəngdə kostyumu və Zümrüd quşu ləqəbi ilə Cin Qreyi İks-adamlar komandasında əvəz etməyə başlayır. Gerçək Cin isə baramanın içində körfəzin dərinliyinə batır. Zümrüd quşu İks-adamlarla missiyalarda iştirak edir, lakin bir müddət sonra Cəhənnəm Atəşi Klubuna daxil olmaq istəyən Zəka ustası özünü klub üzvlərinə sübut etmək üçün klubun Ağ kraliçası Emma Frostun ona bağışladığı zəka cihazı ilə Zümrüd quşunu yoldan çıxarmağa çalışır. Zümrüd quşununun xəyallarına daxil olan Zəka ustası onu əslində Cəhənnəm Atəşi Klubunun Qara kraliçası olduğuna inandırmağa nail olur. Bunun ardınca Zümrüd quşu Cəhənnəm Atəşi Klubuna İks-adamları ələ keçirməkdə yardım edir. Zəka ustası Cinin sevgilisi Siklopun xəyali formasını mental dueldə məğlub edərək, öldürür. Bununla da onun Zümrüd quşu üzərindəki təsiri tamamilə aradan qalxır. Zəka ustasına qəzəblənən Zümrüd quşu gücünün ən zirvəsinə yüksəlir və Cinin telepatiya gücündən istifadə edərək Zəka ustasının xəyallarına daxil olur və onu tamamilə dəli edir. Beləliklə o öz ləqəbini dəyişərək Qara Zümrüd quşu olur. Cin Qrey ilə bağlantasını tamamilə kəsmək üçün Qara Zümrüd quşu İks-adamlara ağır zərbə endirərək, uzaq Qalaktikaya yollanır. O, gücünün gözlədiyi qədər də çox olmadığının fərqinə vardığı zaman kosmosdakı nəhəng ulduzları udaraq, onların enerjisini ələ keçirir. Bütün kainat üçün təhlükə yaratmağa başlayan Qara Zümrüd quşunu müxtəlif planet orduları hədəf alsalar da, sonunda yalnız gerçək Cin baş verənlərin qarşısını almaq üçün vücudunun idarəsini ələ keçirərək Zümrüd quşunun intihar etməsinə səbəb olur.

Dirçəliş Parçalayıcı şüa ilə intihar etməzdən öncə Zümrüd quşu gücü öz orijinal formasına parçalanır və həmin parçalardan biri Yamayka körfəzinin dərinliyində hələ də sağalmağa çalışan gerçək Cini tapır. Onunla yenidən birləşməyə çalışdığında Cin Qara Zümrüd quşu kimi ölüm və fəlakət xatirələrini görərək, buna etiraz edir. Zümrüd quşu gücünün parçası Mister Zalımın yaratdığı Cin Qrey klonu Madelin Prayor ilə birləşir. Mister Zalımın Madelini yaratmaqda məqsədi onu Siklopa yaxınlaşdıraraq, nəticədə ona tabe olacaq genetik cəhətdən möhtəşəm mutantlar dünyaya gətirmək idi. Mister Zalımın gizlicə təşkil etdiyi bir vəziyyətdə Madelinin gerçək kimliyindən xəbərsiz olan Siklop onunla qarşılaşır. Cinin öldüyünü düşən Skott təsəllini ona çox bənzəyən Madelində tapır və onlar bir müddət sonra bir-birlərinə aşiq olub, evlənirlər. Onların Neytan adlı oğulları dünyaya gəlir. Cinin yerləşdirildiyi barama isə Qisasçılar və Fantastik dördlük tərəfindən aşkar edilir. Cin Zümrüd quşu gücü ilə baş verən hadisələrin heç birini xatırlamır. Qisasçılar və Fantastik dördlük Cinə baş verənləri danışır və hər kəsin onun öldüyünə inandığını söyləyirlər. Hakimiyyətin anti-mutant tədbirlərinə qarşı olaraq İks-adamların Maqneto ilə birləşdiyini öyrəndiyi zaman Cin etiraz olaraq komandaya geri dönməkdən imtina edir. O daha sonra Marvel qız ləqəbi ilə İks-Faktor komandasına qoşulur. Cin Siklopun Madelin Prayor ilə ailə həyatı qurduğunu öyrənir və ailəsini tərk edərək, İks-Faktora qoşulduğu üçün ona qəzəblənir. Siklop Cinin təkidi ilə ailəsinə geri dönsə də, o evin boş olduğuna şahid olur və Madelinin Neytan ilə birlikdə onu tərk etdiyini güman edir. O, İks-Faktora yenidən geri qayıdır və Cin ilə sevgi münasibətinə başlayır. Bir müddət sonra şeytani varlıqlarla anlaşaraq Qoblin Kraliçaya dönüşən Madelin yenidən peyda olur.

Mister Zalımın yaratdığı bir klon olaraq yaradılış səbəbini öyrənməsi Madelinin tamamilə ağlını itirməsinə səbəb olur. O, Neytanı qurban verərək böyük gücə sahib olmaq və Yer kürəsində Cəhənnəm yaratmağı planlaşdırır. Onu dayandırmağa çalışan Cin İks-adamlarla yenidən birləşir. Keçmiş komanda yoldaşları və əsasən də Cinə qarşılıqsız sevgi bəsləyən Şimal porsuğu onun yaşadığını görməyə çox sevinir. Cin və Madelin döyüşürlər və sonda Madelin hər ikisini öldürməyə cəhd göstərir, lakin Cin Madelinə daxil olan Zümrüd quşu gücünün qalığını udaraq, xilas olur və həm Madelinin xatirələrini, həm də Qara Zümrüd quşunun törətdiklərini öyrənir.

İks-adamlara geri dönüş İks-Faktor komandasının üzvü ikən Siklop Cinə evlənmək təklif edir. Daha sonra Cin alternativ gələcəkdə olacaq qızı Reyçel Sammers ilə qarşılaşır, lakin Reyçel onların varlığının özünün yaşadığı reallığın gerçək olmadığını təsdiqlədiyi üçün Cin və Siklopu görməkdən imtina edir. İks-Faktor İks-adamlar ilə birləşdikdən sonra Cin Fırtınanın rəhbərlik etdiyi Qızıl komandaya qoşulur. Qısa zaman sonra o Reyçel ilə münasibətlərini düzəltməyə nail olur və onu öz həyatına qəbul edir. Cin və Siklop evlənir. Onlar bal ayı üçün 2000 il gələcəyə Neytanın yanına gedirlər. Qədim mutant Apokalipsisin Neytanı texno-üzvi virusa yoluxdurmasının ardınca çarəsiz qalan Siklop oğlunu müalicəsi üçün gələcəyə göndərmək məcburiyyətində qalmışdır. Onlar gələcəkdə Neytana Apokalipsisi məğlub etməyə kömək etdikdən sonra keçmişə geri dönürlər. Daha sonra Cin Neytanı xilas etmək üçün Reyçelin onları gələcəyə teleportasiya etdiyini öyrənir. Reyçelin xahişi ilə Cin yaxşılığın simvolu kimi Zümrüd quşu ləqəbini yenidən götürür. Zamanla Cinin telepatik və telekinez gücləri daha da böyüməyə başlayır. Cin və Siklop bir müddət sonra alternativ gələcəkdən olan daha bir övladları, möhtəşəm gücə sahib olan mutant Neyt Qrey ilə qarşılaşırlar. Neyt gələcəkdə yanlışlıqla Madelin Prayorun ruhunu oyandırır. Cin ondan qisas almaq istəyən Madelin ilə yenidən döyüşmək məcburiyyətində qalır.

Qırğının gəlişi thumb|left|150px|Cin Qrey Əsrarəngiz İks-adamlar komiksinin 334-cü sayının üz qabığında Bişop öz zamanında İks-adamların müharibə otağını tapır və orada Cindən bir xainin İks-adamları məhv etdiyi haqqında kəsintili siqnal alır. Bu vaxtlarda İks-adamlar indiki zamanda Qırğın adlı qorxunc bir varlıq haqqında xəbərlər eşitməyə başlayırlar. Cin Qırğın barədə görüntülər almağa başlayır. İlk öncə Cin Qırğının Darvazanı Siklop, Şimal porsuğu, Fırtına və Buz adamı qaçırmağa məcbur etməsini görür. O, daha sonra həmin məxluqu bənzər bir şəkildə onu və Qambiti Bastiondan xilas etdikdən sonra ona qoşulmaq fürsəti verməsini görür. Qırğın ilk dəfə tam görüntüsünü Cinə astral təyyarədə göstərir. O, Cinə insanların mutantlardan nə qədər nifrət etdiyini, Xavierin onu sırf İks-adamlara qatılması üçün sevdiyini göstərir. Cin onun adını öyrənməkdən imtina etdiyi zaman o telepatik olaraq öz adını Cinin beyninə yerləşdirir. Caqqernaut Qırğının əsl kimliyini açıqlamaq üçün iqamətgaha gəldiyində mental blok onun qarşısını alır. Cin onun beyninə daxil olaraq, Qırğının məhz Professor İks olduğunu öyrənir. Belə ki, Professor İks Maqnetonun yaddaşını pozmağa çalışarkən Maqnetonun qaranlıq niyyətləri Xavierin şüuraltı qaranlıq zəkasını oyadır və nəticədə Professor İks Qırğın adlı qaranlıq məxluqa dönüşür.