Abdulla bəy Əli bəy oğlu Poladov (Fuladov) — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. İbrahim bəy Azərin kiçik qardaşı və Qasım bəy Zakirin nəvəsi.

Həyatı Abdulla bəy Asi Əli bəy və Nənuş xanımın ailəsində 1841-ci ildə Şuşada anadan olmuşdur. Atası Əli bəy məşhur Azərbaycan şairi Qasım bəy Zakirin oğlu olmuşdur. Bundan başqa, Abdulla bəyin kiçik qardaşları İbrahim bəy Azər və Xudadat bəy Poladov da şair olmuşdur. Erkən yaşda atasını itirdiyinə görə babası Qasım bəy Zakirin himayəsində böyümüşdür. Ailə kökən olaraq Qarabağ xanları nəslindən gəlməkdədir.

İlk təhsilini Şuşa şəhərində almış, daha sonradan mədrəsədə təhsilini davam etdirmişdir.

Erkən yaşlarından şeirlər yazmağa başlamış və Azərbaycan dilindən başqa, ərəb, fars dillərində də şeirlər yazmışdır. Gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən Çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır. Mir Möhsün Nəvvabla birgə Şuşada şairlər məclisi kimi fəaliyyət göstərən Məclisi-fəramuşanın qurucusu və aktiv üzvü olmuşdur. Bundan baqa, bir digər ədəbi məclis olan Beytüs-Səfa üzvləri və Seyid Əzim Şirvani ilə yaxından əlaqə saxlamışdır.

Şeirlərində fanatik düşüncəli insanları və feodal adətlərini kəskin tənqid etmişdir. Şeirlərinin bir çoxu dövrümüzə qədər gəlib çatmamışdır. Dövrümüzə gəlib çatanlar isə, daha çox qəsidə və mərsiyə üslubunda yazdığı şeirlərdir. Abdulla bəy Asinin şeirləri ilk dəfə Firudin bəy Köçərli tərəfindən "Azərbaycan ədəbiyyatı" əsərində yayımlanmışdır.

1874-cü ildə Şuşada vəfat etmişdir.

Həmçinin bax Poladovlar

İstinadlar

Kateqoriya:Poladovlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:XIX əsr Azərbaycan yazıçıları Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Şuşa yazıçıları Kateqoriya:Azərbaycan dilində yazan şairlər