Şahbudaq bəy Süleyman bəy oğlu Zülqədər (; ) — 1465–1468-ci və 1472–1480-ci illərdə Zülqədəroğulları bəyliyinin səkkizinci hökmdarı. Qardaşı Məlik Arslan bəyin (hakimiyyəti: 1454–1465-ci illər) hakimiyyəti dövründə Şahbudaq Məmlük sultanlığında sığınacaq tapmışdır. O, Məlik Arslan bəy ilə Məmlüklər arasındakı ixtilaflardan istifadə etmiş, Məmlük sultanı Seyfəddin Xoşqədəmi (hakimiyyəti: 1461–1467-ci illər) qardaşının qətlini sifariş etməyə təhrik etmişdir. Məlik Arslan bəy 1465-ci ilin oktyabrında qətlə yetirilmiş və Şahbudaq bəy bundan sonra taxta çıxmışdır, lakin o, Məmlük qüvvələri ona kömək etməyə gəlməzdən əvvəl Osmanlı sultanı II Mehmedin (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) dəstəklədiyi digər qardaşı Məlikmüzəffər Şahsuvar bəy (hakimiyyəti: 1466–1472-ci illər) tərəfindən məğlub edilmişdir. Məlikmüzəffər Şahsuvar bəy Məmlük sultanlığına qarşı davamlı müharibə aparməş, Şahbudaq bəy isə bu münaqişədə Məmlüklərin tərəfini tutmuşdur. Məlikmüzəffər Şahsuvar bəy 4 iyun 1472-ci ildə Məmlük qüvvələri tərəfindən ələ keçirilmişdir.
Şahbudaq bəy yenidən taxta çıxmış və ikinci hakimiyyəti dövründə ilkin təhlükə Məlik Arslan bəyin oğlu, Ağqoyunlu hökmdarı Uzun Həsənin (hakimiyyəti: 1453–1478-ci illər) xidmətində olan Qılınc Arslan bəydən gəlmişdir, lakin Ağqoyunlular Məmlüklər tərəfindən dəf edilmiş və sonradan 11 avqust 1473-cü ildə Otluqbeli döyüşündə Osmanlılar tərəfindən məğlub edilmişdir. Bu, Qılınc Arslanın Şahbudaq bəyi devirmək istəyini mümkünsüz hala gətirmişdir. II Mehmed Şahbudaq bəyin digər qardaşı Əlaüddövlə Bozqurd bəyi (hakimiyyəti: 1480–1515-ci illər) dəstəkləmiş, o isə Şahbudaq bəyi məğlub edərək 1480-ci ildə taxtı ələ keçirmişdir. Şahbudaq bəy ardınca Misirə qaçmışdır. O, nəticədə II Mehmedin varisi II Bəyazidin (hakimiyyəti: 1481–1512-ci illər) dəstəyini qazanmışdır. Şahbudaq bəyin 1489-cu ildə Əlaüddövlə Bozqurd bəyi devirmək cəhdi uğursuz olmuşdur. Məmlüklər Şahbudaq bəyi Yuxarı Misirə sürgün etmişdir.
Zəmin Zülqədəroğulları bəyliyi Anadolunun cənubi və Suriyanın şimalında yerli türkman ağası Zeynəddin Qaraca bəy (hökmdarlığı: 1337–1353) tərəfindən Məmlük sultanlığının vassalı kimi qurulmuşdur. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur. Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır. Əlbistan 1335-ci və ya 1337-ci ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmişdir. Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur. Qaraca bəy vəfat edənə qədər qonşuları ilə mübarizədə və Misir hökmdarlığına qarşı üsyanlarda iştirak etmişdir.
thumb|right|Zülqədəroğulları bəyliyi Anadolu xəritəsində. Təqribən 1400-cü il.
Zülqədəroğulları ilə Məmlüklər arasında münaqişə onun oğulları Qarsəddin Xəlil bəy (hökmdarlığı: 1353–1386) və Şaban Sülü Sevdi bəyin (hökmdarlığı: 1386–1398) dövründə davam etmiş, hər ikisi Məmlük sultanı Bərkukun (hökmdarlığı: 1382–1389, 1390–1399) əmri ilə sui-qəsd nəticəsində öldürülmüşdür. Şahbudaq bəyin babası Mehmed bəyin (hakimiyyəti: 1399–1442-ci illər) və atası Süleyman bəyin (hakimiyyəti: 1442–1454-cü illər) hakimiyyətləri dövründə Zülqədəroğulları bəyliyi Osmanlı dövləti və Məmlük sultanlığı ilə dostluq münasibətləri qurmağa siyasi nikahlar vasitəsilə cəhd göstərmişdir. Süleyman bəy öz qızı Sitti-Mükrimə Xatunu paytaxt Əlbistandan Ədirnəyə Osmanlı şahzadəsi və gələcək sultan Mehmed Çələbi ilə toyu üçün müşayiət etmişdir.
Süleyman bəyin geniş hərəmi və çoxlu övladı var idi. O, Süleyman bəy 28 avqust 1454-cü ildə vəfat etmişdir və varis kimi çoxsaylı oğullar buraxmışdır. Bu, taxt-tac uğrunda mübarizəyə səbəb olmuşdur. Onun övladlarından birinci Məlik Arslan bəy (hakimiyyəti: 1454–1465) taxta çıxmışdır. Onun hökmdar olduğu dövrdə Zülqədəroğulları bəyliyi Qaramanoğulları bəyliyinin daxilində vərəsəlik uğrunda gedən döyüşlərdə, həmçinin Ağqoyunlu hökmdarı Uzun Həsənə (hakimiyyəti: 1453–1478) qarşı mübarizədə iştirak etmişdir. Məlik Arslan bəy ilk vaxtlar Misir ilə dostluq münasibətləri saxlamışdır, lakin onun Osmanlı dövləti ilə dostluğu davam etdirmək cəhdləri Məmlük sultanı Seyfəddin Xoşqədəmin (hakimiyyəti: 1461–1467-ci illər) narazılığına səbəb olmuşdur.
Hakimiyyəti
İqtidara yüksəlişi Bu dövrdə Osmanlı imperiyası və Məmlük sultanlığı arasında Anadolu uğrunda mübarizə kəskinləşmişdir. Məmlük sultanı Seyfəddin Xoşqədəmin (hakimiyyəti: 1461–1467-ci illər) Məlik Arslan bəyin Osmanlılarla açıq-aşkar əlaqələrindən qəzəblənmişdir. Məlik Arslan bəyin qardaşı Şahbudaq bəy Məmlük dövlətində olan zaman kömək axtarmış və Zülqədəroğulları bəyliyinin taxtını ələ keçirmək istəmişdir. O, Məmlükləri Məlik Arslan bəyə qarşı qoymaq üçün hər hansı bəhanədən istifadə etmişdir. Nəticədə, Məmlüklər Məlik Arslan bəyin Osmanlı sultanının hakimiyyəti altına keçmək istədiyindən şübhələnməyə başlamışdır. Şahbudaq bəy sultanı Məlik Arslan bəyin qətlini sifariş etməyə təşviq etmişdir. Xoşqədəm Qahirədən şimala bir fədai göndərmişdir. Məlik Arslan bəy 1465-ci ilin oktyabrında, Əlbistanda cümə namazı zamanı məsciddə qətlə yetirilmişdir.
Şahbudaq bəy Məmlüklərdən mənşur alaraq taxtı ələ keçirmişdir. 30 noyabr 1465-ci ildə Zülqədəroğulları bəyliyinin elçisi Qahirəyə gəlmiş, Şahbudaq bəyin taxta çıxdığını təsdiqləmişdir. Xoşqədəm buna görə yeni hökmdara fəxri xələt göndərmişdir. Şahbudaq bəy dərhal təbəələrinin müxalifəti ilə üzləşmişdir. Onlar onu parrisiddə ittiham etmiş, Osmanlı sultanı II Mehmeddən (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) Şahbudaq bəyin rəqibi və onun himayəsindəki qardaşı Məlikmüzəffər Şahsuvar bəyin (hakimiyyəti: 1466–1472-ci illər) Əlbistanda taxta çıxarmağı xahiş etmişdilər. Məlikmüzəffər Şahsuvar bəy əvvəllər II Mehmedin səfərlərində iştirak etmiş və Frakiyada yerləşən Çirmənin sancaqbəyi təyin edilmişdi. 4 dekabrda II Mehmed Məlikmüzəffər Şahsuvar bəyin atası Süleyman bəyə məxsus olan Bozox və Artuqabadın valisi təyin etmiş, ona fərman ilə Zülqədər və bozox türkmanları üzərində səlahiyyət vermişdir. Bu türkmanlar Şahbudaq bəyin hakimiyyətindən narazı qaldıqlrından və ya başqa səbəblərlə Bozox və Tokat ətrafında dağılmışdılar. Osmanlı dövlətinin dəstəyi ilə Məlikmüzəffər Şahsuvar bəy qardaşına qarşı yürüş təşkil etmişdir. Şahbudaq bəy ona qarşı hər hansı bir hücumun həm də Məmlüklərə qarşı olacağını elan etmişdir. Odur ki, 1466-cı ilin yanvar–fevral aylarında Şahbudaq bəy Qahirədən kömək istəmişdir. Xoşqədəm bunun cavabında Hələbin valisi Bərdi bəyi Şahbudaq bəyə kömək üçün göndərmişdir. Məmlük qüvvələri müdaxilə etməzdən əvvəl Məlikmüzəffər Şahsuvar bəy qardaşını Zamantı qalası yaxınlığında məğlub etmişdir və Bərdi bəy 1466-cı ilin aprelində geri dönməli olmuşdur. Beləliklə, Osmanlı ordusunun köməyi ilə Məlikmüzəffər Şahsuvar bəy Şahbudaq bəyi taxtdan qovmuş və hakimiyyəti ələ keçirmişdir.
Şahsuvar ilə mübarizə Xoşqədəm Suriya valilərinə Məlikmüzəffər Şahsuvar bəyin vəzifəsindən uzaqlaşdırılmasını və onun yerinə yenidən Şahbudaq bəyin gətirilməsini əmr etmişdir. Məlikmüzəffər Şahsuvar bəy vəziyyətini Konstantinopola bildirmiş və Məmlük ordusunu Çuxurova vadisində qarşılamağa qərar vermişdir. Osmanlı sədrəzəmi Vəli Mahmud Paşa Zülqədəroğulları bəyliyinin Məmlüklər ilə üz-üzə gəlməyin uyğun olmadığını, ilk növbədə "onlarla güzəştə gedilməli" olduğunu, lakin "zərurət qarşısında hərəkətə keçməyin" münasib olduğunu bildirmişdir. Vəli Mahmud paşa qeyd etmişdir ki, Məlikmüzəffər Şahsuvar bəy müdaxilə zərurəti barədə sultan II Mehmedə ayrıca məlumat verməlidir. Şahbudaq bəy 1467-ci ilin sentyabrında Dəməşqin valisi Bərdi bəyin komandanlığı altında Zülqədəroğulları bəyliyinin ərazisinə yürüş edən ordunun üzvü olmuşdur. Xoşqədəmə sadiq olan türkman tayfa başçılarından biri olan Əsləməzoğlu Məmlük ordusu gəlməmişdən əvvəl Zülqədəroğulları bəyliyinə məxsus qüvvələrə hücum etmiş, lakin məğlub olaraq Sultanzadə Pir Əhməd bəyin yanına qaçmışdır. 4 oktyabr 1467-ci ildə Göysün yaxınlığında yerləşən Durnadağda Məlikmüzəffər Şahsuvar bəy gözlənilməz bir hücum təşkil etmiş və Bərdi bəyi əsir almışdır. Döyüşdə 18 Məmlük sərkərdəsi öldürülmüşdür, lakin Şahbudaq bəy döyüş meydanından qaçmağı bacarmışdır. Bərdi bəy də qaçmağa nail olmuşdur, lakin bir ay sonra ordunun məğlubiyyətində günahkar bilinərək Qahirədə həbs edilmişdir.
Məlikmüzəffər Şahsuvar bəy ardınca Darəndəni ələ keçirmiş, bu zaman o, Məmlük hakimiyyətinə qarşı olan yerli sakinlərin köməyindən istifadə etmiş və şəhərin naibi İbn Bələbanı əsir almışdır. Xətib Cövhəri yazmışdır ki, 1468-ci ilin dekabrında Darəndə uğur əldə etdikdən sonra Məlikmüzəffər Şahsuvar bəy yeni Məmlük sultanı Qayıtbay (hakimiyyəti: 1468–1496-cı illər) ilə sülh bağlamaq məqsədilə Qahirəyə elçi göndərmişdir, lakin Qayıtbay elçini qəbul etməmişdir, çünki o, artıq səfərə hazırlığı tamamlamışdı. Özbəyin komandanlığı ilə ordu Qahirədən yola çıxmış və 1469-cu ilin fevralında Suriya naiblərinin qüvvələri Hələbdə ona qoşulmuşdur. Əmir Özbəyə Zülqədəroğulları bəyliyinin taxt-tacına iddiaçı olan Şahbudaq bəy yoldaşlıq etmişdir. Zülqədəroğulları bəyliyinin qüvvələri 1469-cu ilin aprelində Maraşın cənub-qərbində, Ceyhan çayının sol sahilində Məmlüklərlə qarşılaşmışdır. Zülqədəroğulları bəyliyinin ordusu məğlub olmuş, Məlikmüzəffər Şahsuvar bəyin qardaşı Moğolbay döyüşdə öldürülmüşdür. Özbək onun və Zülqədəroğulları bəyliyinin ordusuna rəhbərlik edən daha iki digər sərdarın kəlləsini Qahirəyə göndərmiş, onlar şəhər qapılarında nümayiş etdirilmişdir.
Moğolbayın məğlubiyyətindən sonra Məlikmüzəffər Şahsuvar bəy dağlı yollar vasitəsilə Qarsa qaçmış, qüvvələrini şəhərə gedən yollara yerləşdirilmişdir. Onun ordusundakı türkmanlar bölgəni yaxşı bilirdilər. Onlar keçidləri qoruyur və Məmlük ordusuna basqın etməyə hazırlaşırdılar. 1469-cu ilin iyununda onlar Misirə gedən Məmlük ordusuna hücum etmiş, hücum edilənlər arasında böyük itkilərə səbəb olmuşdur. Məmlük sərkərdəsi Əmir Özbək qaçmağa müvəffəq olanlarla Hələbə qayıtmışdır. Hadisələrin müasiri olan ərəb tarixçisi Əbdülbəsit Malati bildirmişdir ki, hakimiyyət məğlubiyyət xəbərini əhalidən gizlətməyə çalışırdı, lakin hamı bunu öyrənmişdi və əhali arasında qorxu hissi yaranmışdır. O, həmin dövrü "həqiqətən dəhşətli vaxtlar" adlandırmışdır. İbn İlyas yazmışdır ki, ölənlərin sayının çoxluğu səbəbindən hamısını qeyd edə bilməmişdir. Onun sözlərinə görə, "bunun kimi məğlubiyyət heç vaxt eşidilməmişdi", xalq qorxuya düşmüş, hətta əsgərlər belə "Teymurləngin dövründəki kimi qəlblərində qorxu hiss etmişdilər".
Zülqədəroğulları bəyliyinin Fərat regionundakı fəaliyyəti məmlükləri narahat edirdi. Uzun Həsən Məmlük dövlətinə qarşı açıq düşmənçilik nümayiş etdirirdi və Ağqoyunluların Zülqədəroğulları bəyliyi ilə ittifaqa girməsi Hələbə hücumu təhlükəsi yaradırdı. 1471-ci ilin fevralında Qahirədən başqa bir ordu yola çıxmışdır. Onun rəhbəri Əmir Yeşbəy ibn Mehdi Suriyada istənilən məmuru təyin etmək və vəzifədən azad etmək kimi böyük səlahiyyətlərə malik olmuşdur. Ordu Şahbudaq bəyi də öz sıralarında cəmləşdirmiş və 1471-ci ilin mayında Hələbə çatan zaman müxtəlif köməkçi türkman qüvvələrini öz sərəncamına qatmışdır. Bundan başqa, Məmlük qüvvələri Hələbdə cəmləşən zaman Pəhləvan tayfasının başçısı Sərim İbrahim Malatya ilə Besni hərəkət edən Məmlük karvanına basqın etmiş, onun bütün yükünü ələ keçirmişdir. Bu hücum xəbərini alan Malatya valisi Qorxmaz Sərim İbrahimi ələ keçirmək qərarına gəlmişdir. Ərəb tarixçisi və qazəsgəri İbn Yeca yazmışdır ki, sonrakı döyüşdə Qorxmazın atına ox dəymiş və o, yıxılmışdır, Sərim İbrahim isə onu ələ keçirmiş və Məlikmüzəffər Şahsuvar bəyin sarayına aparmışdır. İbn Yeca da iddia etmişdir ki, sonuncu Qorkmazı zindana bağlayaraq onu ölümə buraxmışdır. İbn İyas iddia etmişdir ki, Qorxmaz əvvəlcə kilidlənmiş, sonra ağaca bağlanmışdır və ona oxlar atılaraq edam edilmişdir.