Ayna Mahmud qızı Sultanova () — ictimai-siyasi xadim, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri — xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur.

Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir.

SSRİ-nin dağılmasından sonra Ayna Sultanovaya olan ictimai münasibət dövrün digər marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir.

Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı büstü ucaldılmışdır. 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H. Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar nəşr olunmuşdur.

Həyatı və karyerası Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917–1918-ci illərdə Həmdulla əfəndidən fərqli olaraq bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci ilin mart qırğınında erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. Bir mənbədə onların qohum olduğu qeyd olunur.

thumbnail|left|Ayna Sultanova heykəli, Bakı Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışmışlar.

Ayna Sultanova və həyat yoldaşı mart qırğınından az sonra, yəni 25 aprel 1918-ci il tarixdə S. Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edir. Onun 1918-ci ilin iyunundan Kommunist Partiyasına daxil olması bir daha sübut edir ki, A. Sultanova Azərbaycanın müstəqilliyinə düşmən münasibət bəsləyib. Nəzərə almaq lazımdır ki, bu tarixdə artıq Azərbaycan Xalq Cümhuriyyəti mövcud idi və Bakı S. Şaumyanın rəhbərlik etdiyi kommunanın əlində olduğuna görə paytaxt hələ Gəncədə yerləşirdi. A. Sultanovanın Kommunist Partiyasına daxil olduğu vaxt Azərbaycan milli ordusu qardaş türk ordusu ilə birlikdə Göyçay istiqamətində erməni daşnak və bolşevik qoşunlarına qarşı ölüm-dirim mübarizəsi aparırdı. Belə bir dövrdə A. Sultanovanın S. Şaumyanın rəhbərlik etdiyi bolşevik partiyasına daxil olması onun Azərbaycanın milli dövlətçiliyinin əleyhinə olduğunu, erməni daşnaklarının və rus bolşeviklərinin rəhbərliyilə öz xalqına qarşı yeridilən düşmən siyasətin icraçılarda fəal iştirak etdiyini sübut edir.

O, Bakı Kommunasının süqutundan, yəni 31 iyun 1918-il tarixdən sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A. Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu. 1919-cu ilin avqustunda Moskvaya Y. Sverdlov adına kommunist universitetində oxumağa göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir. Moskvadakı fəaliyyəti haqqında o, öz xatirələrində belə yazır: "Xalq Xarici İşlər Komissarlığının partiya özəyi məni, qadın qulluqçular tərəfindən rayon partiya komitəsinə təhkim olunmuş nümayəndə təyin etdi. Mən qadınların qızıl ordu üçün alt paltarı tikmək və yamamaq, xəstəxanaların, uşaq bağçalarının və yeməkxanaların sanitariya vəziyyətini yoxlamaq işlərində çalışmasını təşkil edirdim".

A. Sultanova XI Qırmızı Ordu Azərbaycana daxil olduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmış, "Şərq qadını" jurnalının redaktoru olmuşdur. 1930–1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdı. Bu dövrdə o, Moskvada Qırmızı Professura İnstitutunda oxumuşdu.

1938-ci ildə A. Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.

Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı

İstinadlar

Mənbə

Xarici keçidlər Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI Ayna Sultanova: ziddiyyətli tale

Kateqoriya:Musabəyovlar Kateqoriya:Bolşeviklər Kateqoriya:Azərbaycan SSR prokurorları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri Kateqoriya:Azərbaycan SSR xalq ədliyyə komissarları Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanın qadın nazirləri Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Əli Bayramov adına Qadın Klubunun üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Edam olunmuş azərbaycanlılar Kateqoriya:Edam edilmiş azərbaycanlı qadınlar Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycanlı inqilabçılar Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan ateistləri Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Azərbaycanda qadın ilkləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri