Vladislav Lemiş (; doğ. 20 avqust 1970, Bakı, Azərbaycan SSR, SSRİ — 30 sentyabr 2021, Krasnodar, Rusiya) — hücumçu mövqeyində çıxış etmiş sovet, Rusiya və Azərbaycan futbolçusu. SSRİ idman ustası (1987).
Karyerası Erkən illəri Vladislav Lemiş 20 avqust 1970-ci ildə Bakıda həndbolçular ailəsində anadan olub. Atası Yuri Alekseyeviç həndbol üzrə Azərbaycan yığmasının üzvü olub. Anası Lyubov Nikolayevna isə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda idman müəlliməsi işləyib. Lemiş ailənin tək övladı olub.
7 yaşında 6 saylı məktəbin birinci sinfinə gedib. Sonradan ailəsi Əhmədliyə köçdüyündən, məktəbini dəyişərək 260 saylı məktəbə getməyə başlayıb. Futbolla 7 yaşından məşğul olmağa başlayıb. "Ehtiyat Əmək Qüvvələri" Futbol Cəmiyyətinin yetirməsidi. İlk müəllimi Ələkbər Cəfərov olub.
Klub karyerası İlk vaxtlar "Neftçi"nin əvəzedici komandasında oynayıb. Sonradan paralel olaraq əsas komandaya da cəlb olunub. "Neftçi"nin heyətində ilk və yeganə qolunu 29 may 1988-ci ildə Federasiyalar Kuboku çərçivəsində "Dinamo Tbilisi"nin qapısından keçirib. 1988 və 1989-cu illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə 22 oyun keçirib, 1 qol vurub.
20 Yanvar faciəsindən sonra Lemiş anası ilə birgə Azərbaycanı tərk edərək öncə Volqoqrada, oradan isə Krasnodara yollanıb. Burada yerli "Kuban" komandasına keçən Lemiş, ilk mövsümdə yeni komandasının heyətində qol hesabını aça bilməsə də, növbəti mövsümdə 20 qolla komandasının ən məhsuldar oyunçusuna çevrilib.
1992-ci ilin avqustunda İspaniyanın "Espanyol" komandasına keçsə də, o vaxt İspaniya çempionatında legioner limiti olduğundan əsas heyətə düşə bilməyib. Bu səbəbdən oyun praktikasının yoxluğundan əziyyət çəkməsin deyə, Kataloniyanın digər tənsilçisi, ikinci diviziona yenicə yüksəlmiş "Palamos" klubuna icarəyə verilib. Burada iki mövsüm ərzində 26 oyun keçirib, 2 qol vurub.
1994-cü ildə Rusiyaya qayıdıb və "MOİK Moskva" ilə müqavilə bağlayıb. Lakin zədələnməsi (əvvəlcə menisk, daha sonra çarpaz bağlarından əməliyyat olunub) və bərpa prosesinin uzun çəkməsi səbəbindən komandasının heyətində cəmi beş görüşdə meydançaya çıxa bilib.
Sonralar müxtəlif illərdə əsasən Rusiyanın aşağı liqa komandalarında forma geyinib. 1998-ci ildə, 28 yaşında olarkən peşəkar karyerasını başa vurub.
Milli karyerası 1987-ci ildə SSRİ yığma komandasının heyətində Kanadada keçirilmiş 17 yaşlı futbolçular arasında dünya çempionatının qalibi olub.
16 avqust 1992-ci ildə Meksika milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Rusiya milli futbol komandasının heyətində debüt edib. Bu görüş, tarixində ilk rəsmi oyununa çıxan Rusiya yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
19 aprel 1994-cü ildə Malta milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. Görüş Malta yığmasının 5:0 hesablı qələbəsi ilə bitib. Bu məğlubiyyətdən sonra Lemiş bir daha yığmaya çağırılmayıb.
Məşqçilik karyerası Lemiş Kuban Dövlət Aqrar Universitetində dərs deyib, həmçinin Universitetin yığma komandasının və Krasnodar vilayətinin çimərlik futbolu üzrə yığma komandasının məşqçisi kimi çalışıb.
Şəxsi həyatı 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Evli olub. Stanislav adlı oğlu, Yuliya adlı qızı və Yeva adlı qız nəvəsi var.
İstinadlar
Xarici keçidlər Vladislav Lemiş Transfermarkt.com saytında Vladislav Lemiş Footballfacts.ru saytında Vladislav Lemiş Nationall-football-teams.com saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kuban Krasnodar FK futbolçuları Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Krasnodarda vəfat edənlər Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya milli futbol komandasının oyunçuları Kateqoriya:Baltika Kalininqrad FK futbolçuları Kateqoriya:Espanyol FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular