Eak (həmçinin Ayak və ya Oyak, , ) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökmdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. Axilles və Ayaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu.
Mifologiyada Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökmdarı oldu. Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü. Elə onda da Zevs palıd və ya əncir ağacının yanında sürünən qarışqaları insanlara çevirdi. Pavsaninin rəvayətinə görə, Zevs Eak üçün insanları torpaqdan yaratdı.
Mirmidonlar hökmdarı insanlar arasında ən dindarı hesab olunurdu; xüsusilə Mavr Sevi Honoratın məlumatlarına əsasən, məhz Eak Zevsin ilk ibadətgahını qurmuşdur (Arkadiyada). Androgeyin Egey tərəfindən və ya Stimfalın Pelops tərəfindən öldürülməsi səbəbindən Elladada ciddi məhsul qıtlığı başlayanda, Eak Zevsə dua etdi və bu fəlakət dayandı. Pindara əsasən, Eak Poseydon və Apollonla birgə Troya divarlarının inşasında iştirak etmişdir. İş başa çatdıqda üç ilan divarlara dırmaşdı və onlardan ikisi yerə yıxılaraq öldü, üçüncüsü isə Eakın ərazisinə sürünərək şəhərə keçə bildi. Bu hadisə belə izah edildi ki, Eakın nəsilindən olan insan Troyanı həmlə ilə zəbt edəcək.
Nonn Panopollu Eakı Dionisin Hindistan kampaniyasının iştirakçısı və Nemeya hökmdarı Ofeltin şərəfinə qurulan dəfn oyunlarında hakim kimi qeyd edir: o, araba yarışlarında hakim idi, özü isə nizə atma və güləş yarışlarında iştirak edirdi. Stefan Bizanslı Eakı Fessaliya regionunda yeləşən Diya şəhərinin qurucusu, Servi isə bütövlüklə bu ölkənin hökmdarı adlandırır. Nəhayət, Böyük Pliniyə əsasən, Eak gümüşü kəşf etmişdir (çox güman ki, qədim insanlar Eginanın sikkə döyülməsində birinciliyini bu cür izah edirdilər).
Eak öldükdən sonra tanrılar onu Minos və Radamantla birgə ölülər dünyasının hakimlərindən biri kimi təyin etdilər.
Endeida Eakın həyat yoldaşı, Skiron və Xariklo isə qızları idi, sonuncu Telamon (Ayaks Telamonidin atası) və Peleyi (Axillesin atası) dünyaya gətirmişdir. Digər mənbələrdə, Fokun (Fokidanın eponimi) anası nereida Psamafaya Eakın sevgilisi kimi göstərilir. Telamon və Peley analarının tapşırığı ilə atadan bir-anadan ayrı qardaşlarını öldürdülər və buna görə Eak onları qovdu.
Xatirəsi Tarixi dövrdə Egində Eakion yerləşirdi, mərmər divarların arxasında yerləşən bu müqəddəs məntəqədə Eaka aid qəbir daşı var idi. Adanın sakinləri əfsanəvi hökmdarlarının xatirəsinə oyunlar təşkil edirdilər Afinada Eak şəxsiyyətinə pərəstiş mövcud idi. Filaidlər və Epir hökmdarları Pirridlər nəsillərini bu qəhramandan başladığını iddia edirdilər, Makedoniyalı İsgəndər isə Pirridlərdən. Eak Aristofanın "Qurbağalar" komediyası və Lukianın bir neçə dialoqlarında Ölülər aləminin hakimi kimi təsvir olunub. Qədim rəssamlar onu bu obrazda tez-tez təsvir edirdilər.
Tədqiqatçılar inanırlar ki, qədim müəlliflər Salamin hökmdarı Telamonu Eakın oğlu kimi göstərməklə Egina sakinlərinin Salaminə olan haqlarını əsaslandırmağa çalışırdılar.
İstinadlar
Mənbə və ədəbiyyat
Mənbələr
Ədəbiyyat
Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Qədim yunan miflərinin padşahları