İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.
Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Təxminən 2000 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.
Zəmin
Ermənistan-Azərbaycan münaqişəsinin əsasında Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı faktiki olaraq həll olunmayan məsələ dayanır. Ermənilər üçün Qarabağ müasir dövrdə ermənilərin çoxluq təşkil etdiyi, lakin 1921-ci ildə bolşeviklər tərəfindən nahaq yerə Sovet Azərbaycanına verilmiş və erməni kilsələrinin olduğu iddia etdikləri tarixi erməni ərazisidir. Azərbaycanlılar üçün isə Qarabağ əsrlər boyu müsəlman Qarabağ xanlığı ərazisi kimi, mərkəzi Şuşa şəhərinin ətrafında yerləşən və bir çox Azərbaycan musiqiçilərinin və rəssamlarının doğulduğu yer kimi böyük mədəni əhəmiyyətə malik bir yer hesab olunur. Azərbaycanlılar Qarabağı iqtisadiyyat və coğrafiyas baxımından öz ölkələrinin bir hissəsi olduğunu və beynəlxalq aləmdə belə tanındığını bildirirlər. Bu münaqişə postsovet məkanındakı digərlərindən bir neçə mühüm cəhətlərinə görə fərqlənir. Bu, iki milli dövləti bir-birinə qarşı qoyur. Lorens Broers 2019-cu ildə yazdığı "Ermənistan və Azərbaycan, Rəqabətin Anatomiyası" kitabında iddia edir ki, bu münaqişə "davamlı rəqabətdir" və bir çox cəhətdən digər postsovet münaqişələrindən daha çox Hindistan və Pakistan arasındakı münaqişəyə bənzəyir. Nəhayət, münaqişə postsovet məkanında digərlərindən qat-qat toksikdir. Ermənilər və azərbaycanlılar bir-biri ilə təkcə siyasi və diplomatik əlaqələrdən imtina etmirlər; qarşı millətin mədəni və tarixi hüquqlarını da fəal şəkildə inkar edir və silirlər.
Sovet dövrü
Sovet dövründə, ermənilərin yaşadığı Qarabağ bölgəsinin Dağlıq hissəsi Azərbaycan SSR tərkibində muxtar vilayət kimi idarə olunurdu. Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başlayarkən, Dağlıq Qarabağın statusu məsələsi yenidən gündəmə gəldi və 20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti bölgənin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsini tələb edən bir qərar qəbul etdi. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etdi. Qısa müddət sonra 1988–1990-cı illər arasında Sumqayıt, Gəncə və Bakıdakı ermənilərə, Quqark və Xankəndindəki azərbaycanlılara qarşı edilən poqromlardan sonra etnik zorakılıq başladı. Dağlıq Qarabağın muxtariyyəti ləğv edildikdən (1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı) sonra, 10 dekabr 1991-ci il tarixində bölgədə müstəqillik referendumu keçirildi. Referendum bölgə əhalisinin 22,8%-ni təşkil edən azərbaycanlılar tərəfindən boykot edildi. Səs verənlərin 99,8%-i lehinə səs verdi. 1992-ci ilin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra bölgədə birbaşa müharibəyə başladı.
Qarabağ müharibəsi
Qarabağ Müharibəsi Azərbaycanın işğal edilmiş ərazilərindən və Ermənistandan təxminən 725.000 azərbaycanlının və Azərbaycandan 300.000–500.000 erməninin qovulması ilə nəticələndi. Ermənistan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu; Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını işğal etdi. Müharibə dövründə Jeleznovodsk və Tehran kommünikeləri kimi təmaslar baş tutsa da, onlar sülhü təmin edə bilmədi. Ardınca, Bişkek protokolu döyüşləri yekunlaşdırdı və münaqişə passiv fazaya qədəm qoydu.
Atəşkəs dövrü və sülh danışıqları
Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan 4 qətnaməsinin icrası üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. 2008-ci ildə Baş Assambleya erməni işğalçı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən bir qərar qəbul etdi. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ buna əleyhinə səs verdilər.
Beynəxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. 2011-ci ildə Rusiyanın təşəbbüsü iə Kazanda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən Kazan sənədini imzalamaqdan imtina etdi. Bunun səbəbi isə Azərbaycanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağ bölgəsinin də, Azərbaycandan kənarda istənilən statusunu qəbul etməməsi idi. Formal olaraq, 2016-cı ildən sonra Madrid prinsipləri, yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.thumb|right|Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi xəritədə əks olunan Şuşa, Qaryağın və Zəngəzur qəzaları.|235px
Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyanatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.
Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.
Döyüşlərin gedişi
Ermənistan ordusu Azərbaycan tərəfinin əsas zərbəni cəbhənin ortasında endirəcəyini gözləyirdi, buna görə də əsas qüvvələrini həmin istiqamətdə cəmləşdirmişdi. Azərbaycan ordusu isə döyüşlərin ilk günlərində cəbhənin şimal və orta hissəsində hücum edəcəyi imitasiyasını yaratmaqla Ermənistan ordusunun cəbhənin bir nöqtəsində cəmləşməsinin qarşısını aldıqdan sonra əsas zərbəni cəbhənin cənub hissəsində endirdi. 1990-cı illərdən bəri işğalçı ermənilərin cənub istehkamları cəbhədə ən zəif idi, həm də Araz boyunca irəlilədikdə, irəliləyən qrup nisbətən təhlükəsizlikdə olacaqdı, onlara hər iki tərəfdən deyil, yalnız bir tərəfdən atəş açılırdı, hətta həmin bir istiqamətdən də onlara İran ərazisini vurmamaq üçün ehtiyatla atəş açılacaqdı.