Cavad Ələsgər oğlu Cavadov () — Azərbaycan dissident ədəbiyyatının yaradıcısı, şair, jurnalist, yazıçı, publisist.

Həyatı Cavad Ələsgər oğlu Cavadov (Cavadlı) 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur (rayonun adı o zaman Noraşen, sonra isə İliç olmuşdur) bölgəsinin Dəmirçi kəndində yoxsul bir ailədə anadan olmuşdur. Şairin doğum tarixi pasportunda həmin ilin 25 mayı, haqqında yazılmış məqalələrdə aprelin 22-i, hətta qış ayları kimi də göstərilmişdir. Aprelin 12-i onun atası tərəfindən qeyd olunan mənbə kimi daha dəqiq hesab olunur. Şair özü də belə hesab edir. Tərcümeyi-halında C.Cavadlı bu məsələyə toxunaraq aydınlıq gəirir: «Pasportumda mayın 25-də (həmin günü özüm seçmişəm) anadan olduğum göstərilib. Gec də olsa, ailə şəcərəsi əldə ediləndən sonra atamın öz əli ilə ərəb və latın əlifbaları ilə yazısında həmin rəqəm 12 aprel göstərilib. Dəqiq doğum tarixinin 12 aprel 1926-cı il kimi qəbul edilməsi doğrudur».

Cavad Cavadlı ilk təhsilini ailədə atasından almış, sonra Dəmirçi kənd məktəbində oxumuşdur. C.Cavadlının atasının babası da qabaqcıl ziyalı, xalq həkimi olmuşdur. Cavadlı bu haqda yazır: «Atamın babası Molla Qasım İran şahının yerli nümayəndəsi olub. Onun vəzifəsi haqqında: Havaların necə keçməsi, quraqlıq, xəstəlik olub-olmaması, məhsuldarlıq, yerli münaqişələr barədə saraya məlumatlar göndərib. Əmim Ələkbərin təsdiq etdiyinə görə çox nüfuzlu xalq həkimi olub. Onun təxminən min səhifəlik, cildi qalın dəridən olan kitabı 1918-ci ilə qədər qalırdı. Andronikin ordusu kəndimizi işğal edəndə çoxlu kitablar, əlyazmalar ilə birlikdə samanlıqda gizlədilən həmin kitab da yandırılmışdır». Belə bir ailənin düçar olduğu ağır sürgün həyatı C.Cavadlının təhsilində ləngimələrə səbəb olmuşdur. O zaman Şərur rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Xalq yazıçımız Süleyman Rəhimovun köməyi ilə o, təhsilini davam etdirə bilmişdir. S.Rəhimovun yaxşılığını C.Cavadlı da unutmamış, onun obrazını bədii ədəbiyyata gətirmiş, özünün «Cəhənnəmdən qaçmış uşaq» adlı mənzum romanında bu haqda ətraflı bəhs etmişdir. Əsərin «Unudulmaz görüş» adlı fəslində bu xeyirxahlıqlar geniş verilmişdir. C.Cavadlı sonralar Süleyman Rəhimovla tez-tez görüşdüyünü, məktublaşdığını oxuculara bildirir. S.Rəhimovun göstərişindən sonra ailənin kənddə yaşamasına söz deyə bilmirlər, Cavad da məktəbdə təhsilini davam etdirir. Şair bu haqda «Cəhənnəmdən qaçmış uşaq» mənzum-romanında yazır:

Nə yaxşı ki, tale məni ona tuş etdi, Təkcə qayğı göstərmədi, qurtuluş etdi…

Həm S. Rəhimovun xeyirxahlığı, həm də 1941-ci ilin 22 iyununda başlanan Böyük Vətən müharibəsi Cavadlılar ailəsinə qarşı icəşmələri qismən unutdurmuş, ailə dinc əmək həyatına qayıtmışdır. Bu zaman fəal gənc kimi C.Cavadlı tarlada, kənd klubunda təbliğat işləri aparmış, mətbuat nümunələrini oxumuş, bədii qiraətlər etmişdir: Kənddə və rayonda komsomol işində irəliləyən C.Cavadlı xalq düşməninin oğlu kimi işdən çıxarılmışdır. Şair çətinliklər içərisində keçən dövrləri belə xatırlayır:

Vaxt oldu ki, tapılmadı bircə tikə çörək də «Düşmən oğlu» damğasını çox gəzdirdim ürəkdə.

C.Cavadlı 1940-cı ildən Naxçıvan şəhərində işləyən əmisi Ələkbərin himayəsində yaşamışdır. Əmisinin uşağı yox imiş. Həmin il C.Cavadlı Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsinə daxil olmuşdur. Bir il oxuduqdan sonra müharibənin başlanması ilə əlaqədar texnikumun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bu dövrdə C.Cavadlı Naxçıvan Vilayət Tədarük Müvəkkilliyində kiçik hesabatçı vəzifəsinə işə düzəlmişdir. Sonra o, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun tarix-ədəbiyyat fakültəsinə daxil olmuşdur. Bakı Dövlət Universitetində ilk dəfə açılan jurnalistika fakültəsində oxumaq həvəsi ilə C.Cavadlı II kursdan oranı tərk etmiş, BDU-ya daxil olmuşdur. Beləliklə, 1945-ci ildən C.Cavadlının həyatının Bakı dövrü başlanmışdır. O, tələbəlik illərində respublika mətbuatı və ədəbi mühitindən bəhrələnməyə başlamışdır. Gənc yazıçıların Natəvan adına klubunda keçirilən ədəbi dərnəklərində yaxından iştirak etmiş, o illərdə tanınmış sənətkarlardan öyrənmişdir

Naxçıvanda tələbə olduğu zamanlarda C.Cavadlı teatr tamaşalarına gedir, «Gənc qələmlər» adlı ədəbiyyat dərnəyinin məşğələlərində iştirak edir, institutda onlara dərs deyən tanınmış şair Müzəffər Nəsirli, ədəbiyyat müəllimi Lətif Hüseynzadədən dəyərli məsləhətlər alırdı. Muxtar respublikanın «Şərq qapısı» adlı qəzetini, doğma Şərur bölgəsində nəşr olunan «Pambığa doğru» (indiki «Şərurun səsi») qəzetini oxuyur, onlara məqalə və şeirlər yazırdı. Onun gələcək uğurlarında Naxçıvan ədəbi mühiti əsl bünövrə sayıla bilər.

C.Cavadlı tələbə ikən gələcək peşəsi ilə bağlı əmək fəaliyyətinə qəzetdə işləməklə başlamış, 1950-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Onunla birlikdə Azərbaycanın ixtisaslı, diplomlu jurnalist dəstəsi cəmi on altı nəfər olmuşdur. 1951-ci ildə Şövkət adlı bir qızla evlənmişdir. İxtisasca həkim olan Şövkət xanım 1972-ci ildə vəfat etmişdir. Ona olan məhəbbət və sədaqətini C.Cavadlı həmişə uca tutmuş və silsilə şeirlər yazmaqla yad etmişdir. Şairin «Səndən sonra» adlanan bu şeirləri səmimi və həyəcan dolu hisslərlə qələmə alınmışdır. «Getdin» adlı bir şeirində deyildiyi kimi:

Ömrümü sən elə çətində qoydun, Özün taleyimə ağlayıb getdin!

İki oğul və üç qız övladını anasız böyüdən C.Cavadlı ikinci dəfə ailə həyatı qurmamışdır. Şair ömür-gün yoldaşının itkisinə həsr etdiyi silsilə şeirlərini «Ata laylası» adlı kitabına toplayıb çapa hazırlamışdır. C.Cavadlı bu kitabı «Səndən sonra» (1997) kitabının təkmilləşdirilmiş variantı hesab edir. «Ata laylası» şeirində çətinliklə keçən məişətini təsvir edən C.Cavadlı oğluna müraciətlə yazır:

Uşaqlara baxırsan, Anasız darıxırsan... O insanı bir də sən Yuxularda görərsən. Gözünü yumsan inan Yuxuna girər anan. Qəlbin, gözün olaram, Anan özüm olaram. Yat, sevimli atam, yat Dərdi kainatam, yat!

«Təbiətin işinə bax», «Getdin», «Gördüm», «Səndən sonra», «Sarı gül», «Gedibsən» və b. şeirlər həmin kədərin-ağır itkinin ağıları kimi səslənir. C.Cavadlının ana bayatılarında olduğu kimi, ata laylası da yenidir, maraqlıdır. Qeyd edək ki, çətin keçən uşaqlığı, sürgün həyatı, valideynlərini, qardaş və bacılarını erkən itirməsi onun qəlbinin dərinliklərində silinməz izlər buraxmış, xatirələr və bir çox şeirlər yazmasına səbəb olmuşdur. Şair əmisi Ələkbər, ata-anası, həyat yoldaşı, bu gün yaşayan bacısı Zeynəb haqqında ayrı-ayrı şeirlərini kövrək hisslərlə qələmə almışdır.

Yazıçı–publisist, Azərbaycan dissident ədəbiyyatının yaradıcısı Cavad Cavadlı 2007-ci ildə səmərəli fəaliyyətinə və çağdaş ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına və Prezident təqaüdünə layiq görülüb.

Yaradıcılığı

Cavad Cavadlı yaradıcılığının əsas mərhələlərini üç dövrə bölmək olar. Birinci mərhələyə onun ailə üzvləri və həmkəndlilərinin otuzuncu illər sovet rejiminin kütləvi cəza və qırğınlarına düçar olduğu dövrlərdə yazdığı ilk qələm nümunələri daxildir. Həmin dövrdə gənc və təcrübəsiz C.Cavadlı hadisələrin burulğanına düşərək sıxıntı içərisində yaşamışdır.

Birinci mərhələnin məhsullarını C.Cavadlının Naxçıvan şəhərində yaşadığı illərdəki qələm təcrübələri təşkil edir. Şərurda və Naxçıvanda tarla düşərgələrindəki gündəlik vərəqələrdə, o dövrdə geniş maraq doğuran və təsir dairəsinə malik əl-divar qəzetlərində maraqla çıxışlar etmiş, qismən təcrübə qazanmışdır. Bu mərhələdə onun ilk şeir və məqalələri rayon və vilayət qəzetlərində də dərc olunmuşdur.

C.Cavadlı yaradıcılığının ikinci (1950-1990) mərhələsi Bakıda yaşadığı dövr-təhsil və əmək fəaliyyəti illərindəki və sonrakı dövrlərin yaradıcılığını əhatə edən qırx ildən artıq dövrdür. Bu dövrün yaradıcılığında əsasən dissident ədəbiyyatı nümunələrinin yaradılması və uzun müddət gizli saxlanılması xüsusi qeyd olunmalıdır. 1990-cı ildən sonrakı dövr Cavad Cavadlı yaradıcılığının üçüncü mərhələsini təşkil edir. Bu, Azərbaycanın müstəqilliyi dövrüdür. C.Cavadlının ilk şeirlərini 13 yaşında qələmə almışdır. «Dəmirçi kəndində peyda olub beş-on canavar» adlı həmin şeirində gənc şair deyirdi:

Bu yazıq millət, Çəkir nə zillət!

Yaşının az olmasına baxmayaraq şairin millət dərdi çəkməsi oxucunu sevindirir. Şeirdə hiss olunan üsyan, təlatüm, cəmiyyətə və həyata olan etiraz gələcək istedadın ilk qığılcımları kimi qiymətlidir. 1939-cu ildə yazdığı «Zəhmət» kolxozu haqqında» şeiri də müəllifin özü tərəfindən olduqca zəif şeir hesab edilir. Cavad Cavadlı bu haqda deyir: «İkinci dəfə sürgündən qayıdanda ilk şeirimi yazmışam. Şeir adlandırdığım bu yazımın adı da şeirə bənzəmir.

Təbiidir ki, həmin şeirlər ilk addımlar kimi qəbul edilməlidir. C.Cavadlı 1939-cu ildə sürgündən qaçıb gəldiyi zamanlarda rastlaşdığı, üzləşdiyi çətinlikləri, kəndlərində baş verən çəkişmələri ilk şeirlərində təsvir etməyi qarşısına məqsəd qoyurdu. 1940-cı ilin 22 iyununda yazılmış «Şikayət» adlı şeirdə deyilir:

Kimdir həqiqəti dananlar, kimdir? Gör kimin əlində qaldı ixtiyar! Beş-altı yaltaqlar bizə hakimdir, Gör kimlər olmuşdur bizə hökmdar!

Həyatından və ölkədə hökm sürən şəraitdən narazı olan gənc C.Cavadlı «Şikayət» adlı bir neçə şeir qələmə almışdır. «Pul» adlı şeirində isə şair yoxsul insanların ağır həyat tərzindən gileylənirdi:

Aşnalar, rəfiqələr, yarlar, məni çox etməyin töhmət, Kimi məhzun edən varsa, yalnız və nəhayət puldur.

«Mənim taleyim» adlı 80 misralıq bir şeirində 16 yaşlı C.Cavadlı həyata qarşı üsyana qalxır və «Vətənimdə vətənsiz bir insanam» - deyir. Qeyd edək ki, bu fikir bir neçə il sonra S.Vurğunun «Zəncinin arzuları» poemasında zənci rəssamın dilindən deyilmiş, - Vətənsiz də insan olan insan kimi yaşayarmı? - kəlamını yada salır. Gənc şairin ilk qələm təcrübələrində öz ailə həyatının ağır və cansıxıcı olduğu təsvir edilir. Bu çətinlik cəmiyyətin böyük əksəriyyətinə aid idi.

...Hər addımda hazırdır qarşımda bağlı düyün, Qəlbin mənalarını duymayır tək bir insan, Bəsdir, ey qoca tarix, ibrət et, bir utan! Bu üsyankarlıq, xalqın acı taleyini, həyat tərzini düşünmək və öz taleyi ilə vəhdətdə vermək cəhdləri C.Cavadlının gələcək yaradıcılığının ilk qığılcımları idi.

Bir kəsdə həqiqi xəyal görmədim, Bir həqiqət, əhli-əyal görmədim. Bir düz ilqar, doğru məlal görmədim, Könül duyan bir əhli-hal görmədim.

Azərbaycanın müstəqilliyini əlindən almış, onu yenidən öz müstəmləkəsinə çevirmiş Moskva yerlərdə hakimiyyətini möhkəmləndirmək naminə əl atdığı zülm və işgəncə vasitələrini günbəgün artırır, gücləndirirdi.

C.Cavadlının ilk mətbu şeiri «Kəndim» 1945-ci ildə Naxçıvanda - «Şərq qapısı» vilayət qəzetində dərc olunmuşdur. Təəssüf ki, şairin özündə də ilk şeirinin bu gün nə əlyazması, nə də qəzet nümunəsi qalmışdır. Buna C.Cavadlının sürgün həyatı və mənzil şəraiti səbəb olmuşdur. Arxiv və kitabxanalarda da «Şərq qapısı»nın həmin illərə aid nömrələri tam saxlanılmamışdır. Bu barədə fikrimizi təsdiqləyən faktlar C.Cavadlının 2007-ci il martın 8-də «Azərbaycan müəllimi» qəzetində dərc olunmuş «Bir şeirin yaranma tarixi» adlı məqaləsində də danışılır. Şair bildirir ki, 1968-ci ildən axtardığı «Ana» adlı şeirini xoş bir təsadüf nəticəsində tapmasına sevinmişdir.

Doğma kəndi haqqında olan «Kəndim» adlı ilk şeirinin nə əlyazması, nə də qəzet nümunəsinə şair özü də hələlik rast gələ bilməmişdir. Doğma kəndi Dəmirçiyə həsr etdiyi ilk şeirinin tapılması şair üçün də, onun oxucu və tədqiqatçıları üçün də maraqlı və dəyərli olardı. Bu tarixdən ötən altmış ildən artıq bir müddətdə C.Cavadlı müxtəlif çətinliklərlə üzləşmiş, iyirmi üç il ərzində yazdığı şeirləri, xüsusilə dissident ədəbiyyatı nümunələrini yığıb saxlamalı olmuşdur. O zamankı son kitabının adı da («İnsanlara sözüm var» adlanır) şairin ürəyindən keçənləri dəqiq ifadə edirdi. Axı, şairin insanlara deyiləsi sözü çox idi...

C.Cavadlının yaradıcılığı rəngarəngdir. O, heca vəznində bayatı, gəraylı, qoşma janrlarında, əruz vəznində və sərbəst şeir formalarında əsərlər qələmə almışdır. Onun yaradıcılığında lirik şeirləri əsas yerlərdən birini tutur.