T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir. Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir.

Xülasə thumb|left|300 mm-lik T-300 raketi Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir.

TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir.

TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır. Dörd raketlə tamamlanan döyüş ağırlığı 23 tondur. Raketlərin atılmasından əvvəl fırlatma vasitəsinin kabin şüşələrində endirilmiş kepenklər olur.

Bu MAN (6 × 6) həmçinin, Türk Quru Qoşunları komandanlığı üçün T-122 buraxma platforması kimi də xidmət edir.

Tarixçə 1997-ci ildə en: CPMIEC (China Precision Machinery Import and Export Corporation — Çin Dəqiq Maşın İdxal və İxrac Korporasiyası) ilə WS-1 sisteminin bir qolunun birgə inkişafı və istehsalı üçün bir müqavilə imzalandı. Qasırğa sistemi ilk dəfə 2000-ci ildə istismara verilmişdir.

2016-cı ildə Qasırğa raket sistemi Azərbaycana satılmışdır.

ROKETSAN 2019-cu ilin mart ayında Banqladeşə orta mənzilli idarəolunan reaktiv yaylım atəş sistemi tədarükü üçün müqavilə imzaladı.

Modelləri

Blok 1 Blok 1, Blok 2-dən daha kiçik döyüş başlığı ilə daha geniş mənzilə malikdir :

Mənzili: 30 – 120 km Çəki: 585 kq Döyüş başlığının çəkisi: 105 kq Döyüş başlığının effektiv radiusu: ≥ 70 m

Blok 2 Blok 2 döyüş başlığı dinamik effektivliyini artırdı :

Mənzili: 20 – 90 km Çəki: 670 kq Döyüş başlığının çəkisi: 190 kq Döyüş başlığının effektiv radiusu: ≥ 80 m

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi "Kasirga" komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayından başlanılıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə də istehsalçı tərəfindən müvafiq təlimlər keçirilib. Bu YARS 8×8 təkər formulalı şassilərə yerləşdirilə bilər. Azərbaycana təqdim edilən vasitələr 8x8 "KamAZ 63502" şassisi üzərində quraşdırılıb. "KamAz" şassisindəki vasitələrin 2016-cı ildə Türkiyədə TRG-300 "Kasirga K+" adı ilə təqdim edilməsi, Azərbaycanın məhz bu versiyaları əldə etdiyini iddia etməyə əsas verir. Bu iki sistem arasındakı əsas fərqlərin yalnız sistemin şassisinin əvəzlənməsindən, atəş məsafəsinin 120 km-ə qədər artırılmasından və kilidlənən (adındakı G — hərfinə istinadən) raketlərə malik olması ehtimalından ibarətdir.

İstifadəçilər

Cari istifadəçilər

Təyinatı 300 millimetrlik "Kasirga" YARS-ı, 100 km-dən uzaq məsafədə düşmən qoşunlarının əməliyyat-taktiki dərinliyində açıq ərazi və sığınacaqda yerləşən qrup hədəflərini, hərbi obyektlərini, canlı qüvvəsini, zirehli, yüngül zirehli və zirehsiz texnikalarını məhv etmək üçün nəzərdə tutulan və artilleriya bölmələri tərəfindən istifadə olunan taktiki silah sistemidir.

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan T-300 "Kasirga" YARS-ı ilə işğalçı Ermənistan ordusunun müdafiə zolağının dərinliyində yerləşən və təhlükə yaradan istənilən hərbi obyekt və hədəfləri məhv etmək mümkündür. Naxçıvan ərazisində yerləşdirilən bu silahların spesifik vəzifələri sırasına əlavə olaraq hərbi əməliyyatların başlayacağı təqdirdə nəqliyyat dəhlizlərinin atəş altında saxlanılması və düşmənin ehtiyat qüvvələrinin hərəkətinin məhdudlaşdırılması da daxildir.

Yaranması Hələ 90-cı illərin əvvəllərində Türkiyə YARS-ların yaradılması üçün Fransa, İsrail və Çin də daxil olmaqla, bir sıra ölkələrlə yeni texnologiyalarının əldə olunması və ortaq istehsal ilə bağlı danışıqlar aparırdı. Bu danışıqlarda Çinin təklifləri həm maliyyə, həm də texnoloji problemlərin həlli baxımından daha cəlbedici hesab edildi.

Nəticədə, 1997-ci ildə Türkiyənin ROKETSAN şirkəti Çinin CPMIEC (Chinese Precision Machinery Import and Export Company) şirkəti ilə "Kasirga" kodu altında Çinin WS-1B YARS-ının analoqunun birgə hazırlanması və istehsalı haqqında müqavilə imzaladı. T-300 prototip raketinin ilk sınaq buraxılışı 2000-ci ildə Türkiyədə baş tutdu.

İstehsalçı ROKETSAN şirkəti 1988-ci il iyunun 14-də Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə TSQ-nin sursat və raket ehtiyaclarını qarşılamaq, ölkədə raket və sursat dizaynı, inkişafı və istehsalı sahəsində aparıcı bir quruma sahib olmaq məqsədilə qurulub. Beynəlxalq "Stinger Avropa Ortaq İstehsal Layihəsi" adlı proqram çərçivəsində TƏİRK-in kritik alt sistemlərindən olan kompozit yanacaqlı uçuş mühərriklərinin yerli istehsalı ilə ilk addımlarını atan ROKETSAN 2019-cu ilin yekunlarına görə artıq dünyanın tanınmış müdafiə sənaye şirkətləri sırasında 89-cu pillədə yerləşir.

Sursat və raket istehsalında Türkiyə lideri olan Roketsan şirkəti istehsal etdiyi məhsulların çeşidini quru, hava və dəniz silah sistemlərini əhatə etməklə genişləndirərək hazırda raketlər, idarəolunan döyüş sursatları, atıcı qurğular, yaylım atəşli sistemləri, raket yanacaqları, aşkarlama, tuşlama və idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr və s. istehsal edir, həmçinin alqoritmləri, sistemlərin proqram təminatını, silah və sistemlərin quru, hava, dəniz və sualtı platformalarına inteqrasiyasını, logistika xidmətlərini, peyk buraxma sistemlərinin inkişafını və s. həyata keçirir.

Konstruksiyası İstehsalçının rəsmi məlumatında T-122 və T-300 YARS-ları eyni şassiyə və platformaya malik olduğu üçün T-122/300 kimi təsnifatlandırılıb.

T-300 bir yaylım atəşi ilə 4 ədəd 300 mm raketi buraxmaq qabiliyyətinə malik YARS platformasıdır. YARS-ın fəaliyyəti üçün heç bir hava, iqlim və əlverişsiz ekoloji şərait maneə hesab edilmir. Bu xüsusiyyətlərin sayəsində istənilən şəraitdə YARS-ın ən qısa müddət ərzində sursatla yüklənməsi və döyüşə hazır vəziyyətə gətirilməsini, həmçinin hədəflərə sarsıdıcı zərbə endirməsini həyata keçirmək mümkündür.

Bir neçə sursat növündən istifadə edə bilən T-300 sisteminin F-302T Atıcı Qurğusuna mövcud təhdid və yerinə yetiriləcək vəzifələrə görə müvafiq tipli raketlər yüklənə bilər. T-300 YARS-ları yaxın döyüş zonasından düşmən müdafiəsinin uzaq dərinliyində yerləşən kritik hədəflərə dəqiq və vaxtında atəşi təmin etmək üçün 300 mm çapa malik raketlərdən yaylım atəşi açılmasını təmin edə bilir. Bu YARS gələcəkdə ROKETSAN tərəfindən silahlanmaya təhvil veriləcək eyni çaplı raketlərdən də istifadə etmək üçün universal konstruksiyada hazırlanıb.

T-300 YARS-ın tam məhsuldarlıqla istifadə olunmasına şərait yaratmaq üçün batareyalar Atıcı Qurğulardan başqa Komanda İdarəetmə, Sursat Təchizatı, Meteorologiya və Təmir-Bərpa Vasitələri ilə təchiz edilir. Bu köməkçi elementlər sistemin vəzifələrini həm batareya, həm divizion tərkibində yerinə yetirməklə bərabər müştərilərin YARS-a qarşı irəli sürdüyü ən kritik tələbləri belə qarşılamağa imkan verir.

Komanda İdarəetmə Məntəqəsinin silahlara nəzarət sistemi, T-300 batareyasını həm digər müasir artilleriya sistemləri, həm də digər döyüşü idarəetmə məntəqələri ilə inteqrasiya etməyə imkan verən infrastruktura və interfeysə malikdir. T-300 sistemi xüsusi hədəf aşkarlama RLS-ləri və müxtəlif tipli PUA-larla birlikdə fəaliyyət göstərə bilir.

YARS və raketləri Türkiyə Müdafiə Sənayesinin əsas oyunçularından olan ROKETSAN şirkəti tərəfindən hazırlanan T-300 "Kasirga" Yaylım Atəşli Reaktiv Sistemi 100 km-dən uzaq məsafədə və 70 metr radiusda düşmən hədəflərini məhv etmək qabiliyyətinə malikdir. 8x8 formulalı taktiki təkərli yük maşını şassisi üzərinə quraşdırılan 4 lüləli (iki paketin hər birində iki lülə) "Kasirga" sisteminin tam döyüş vəziyyətində kütləsi 23 tondur. YARS-ın tam uzunluğu 9.20 m, eni 2.50 m, hündürlüyü isə 3.10 metrdir.

Onun raketləri hava və ətraf mühit şəraitindən asılı olmayaraq yüksək qorunmanı təmin edən sabit polad platfomalı konteynerdən buraxılır. Raketlər qatı kompozit yanacaq texnologiyasına sahibdir, asan və daha sürətli təkrar doldurulma və atəş açma imkanları ilə təmin edilir.

"Kasirga" sisteminin üzərində 4 ədəd TR-300 raketinə malik F-302T Atıcı Qurğusu yerləşdirilib. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TR-300 raketlərinin "E" və ya "S" versiyalarının çapı 300– 302 mm, uzunluğu 4.75–5.24 metr, kütləsi isə isə 525–590 kiloqram arasında dəyişir.

Bu raketlərin 150 kq kütləyə malik döyüş başlığı düşmənin istehkam qurğularının, rabitə qovşaqlarının, zirehli və zirehsiz maşınlarının, hərbi obyektlərinin, canlı qüvvəsinin və s. kimi müxtəlif hədəflərinin məhv edilməsini təmin edən 26000 polad kürələrdən ibarətdir.

Çoxməqsədli TR-300 raketlərində yenə də ROKETSAN tərəfindən polibutadien və ya HTPB (hydroxyl-terminated polybutadiene) əsasında hazırlanan kompozit qatı raket yanacaq texnologiyasından istifadə edilir. İstənilən hava şəraitinə və digər ətraf mühit şərtlərinə qarşı olduqca davamlı olan T-300 "Kasirga" sisteminin döyüş sursatlarının yüklənməsi krana malik xüsusi vasitə ilə həyata keçirildiyinə görə, heyətin üzərinə düşən fiziki yük minimuma qədər azalır.

Raketdə müəyyən bir sürətlə fırlanma hərəkətini təmin etmək üçün raketin uzununa oxu istiqamətinə bucaq altında 4 ədəd sabitləşdirici quraşdırılıb. Atıcı Qurğunun atəş üçün hazırlanmasına 20 dəqiqədən az vaxt tələb olunur.

YARS-ın MAN şassisi üzərindəki standart versiyasında maşının kabinəsi üzərində pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatan quraşdırıla bilər.

Batareyanın tərkibi Standart T-300 "Kasirga" batareyasının üzərinə düşən vəzifələri avtonom şəkildə yerinə yetirməsi üçün tərkibinə aşağıdakılar daxil edilib:

1 ədəd C-300 Komanda İdarəetmə Vasitəsi; 6 ədəd F-302T Atıcı Qurğusu; 6 ədəd L-300 Sursat Təchizat Vasitəsi; 1 ədəd M-300 Meteorologiya Vasitəsi; 1 ədəd R-300 Təmir Bərpa Vasitəsi.

Batareyada mövcud olan döyüş və təminat vasitələrinin həm sayı, həm də tərkibi yerinə yetiriləcək vəzifələrin xarakterindən və həcmindən asılı olaraq dəyişdirilə bilər. Standart versiyada bir T-300 "Kasirga" reaktiv artilleriya batareyası minimum 15 ədəd ərazi yük maşınına malik olmalıdır.

C-300 Komanda İdarəetmə Vasitəsi C-300 Komanda İdarəetmə Vasitəsi yuxarı Komanda Məntəqəsi ilə batareyanın əlaqəsini təmin edir, atəşin texniki idarəetməsini, batareyanın yerləşdirilməsi və idarəedilməsi üçün zəruri olan fəaliyyətləri həyata keçirir. Divizion səviyyəsində isə divizionun Komanda İdarəetmə Vasitəsi olaraq istifadə edilir.

5 nəfərlik heyətə malik C-300 Komanda İdarəetmə Vasitəsi aşağıdakı alt sistemlər və avadanlıqlarla təchiz edilir:

- 4x4 və ya 6x6 taktiki təkərli vasitəyə; - kondisioner sistemi və EMI/EMC qorunmasına; - NATO standartlarına uyğun Komanda İdarəetmə Sisteminə; - naqilli/naqilsiz rabitə vasitələrinə; - yerüstü meteorologiya sisteminə; - enerji İstehsalı və paylanması avadanlığına.

F-302T Atıcı Qurğusu F-302T Atıcı Qurğusu, 4 ədəd 300 mm-lik raketin çox qısa müddət ərzində buraxılması üçün nəzərdə tutulan, yüksək hərəkətliliyə və üstün atəş gücünə malik vasitədir. 2 nəfərdən ibarət heyət komanda aldıqdan maksimum 5 dəqiqə ərzində ilk raketi buraxmağa hazır olur. Buraxılışı kabindən və ya 150 metr məsafədən həyata keçirmək mümkündür.

Bu qurğu aşağıdakı alt sistemlərə və avadanlıqlara malikdir:

- 6x6 və ya 8x8 taktiki təkərli nəqliyyat vasitəsi; - raket konteynerləri;