Mehman Musa oğlu Yusifov () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Mehman Musa oğlu Yusifov 1979-cu il, iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub.
1996-cı ildə Tovuz rayonu E. Orucov adına Bayramlı kənd tam orta məktəbindən məzun olub.
1998-ci ildə Tovuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1998–2000-ci illərdə N saylı hərbi hissədə xidmət edib.
2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 10 iyul 2002-ci il tarixli əmri ilə "gizir", 25 iyun 2013-cü il tarixli əmri ilə isə "baş gizir" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 18 il ərzində xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (sanitar), rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi-texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. 2 oğlu və 1 qızı var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar