Qismət Elçin oğlu Rüstəmov () — azərbaycanlı şair, tərcüməçi, esseist. Filologiya üzrə fəlsəfə doktoru (2025).

Həyatı Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub.

1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb.

Təhsili 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib.

2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır.

Fəaliyyəti Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır.

Kitabları 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.

2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.

2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.

2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.

2020-ci ildə seçmə şeirlərdən ibarət "Qumru əlifbası" adlı kitabı nəşr edilib.

2024-cü ildə "Güzgülü pərdə" adlı esselər toplusu işıq üzü görüb.

2025-ci ildə BP şirkətinin müasir Azərbaycan ədəbiyyatına dəstək layihəsi çərçivəsində "Tanış küçələrin birində" adlı şeirlər toplusu çap edilib.

Tərcümələri 2014-cü ildə Rəbiqə Nazimqızı ilə birlikdə Rixard Vaqnerin "Mənim həyatım" memuar kitabını tərcümə edib.

2016-cı ildə Nicat Məmmədovla birgə ispan yazıçısı Enrike Vila Matasın "Bartlbi və çevrəsi" romanını Azərbaycan dilinə uyğunlaşdırıb.

2017-ci ildə Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabını tərcümə edib.

2017-ci ildə "Alatoran yayınları"ndan dünya ədəbiyyatından seçmə esselərin toplandığı "Ədəbiyyatsız dünya" antologiyasını Azərbaycan dilinə çevirilib.

2018-ci ildə isə Səlim Babullaoğlu ilə bərabər Moldova şairi Arkadi Suçevyanunun "Qağayı ilə göndərilən məktub" şeirlər kitabını tərcümə edib.

2018-ci ildə TEAS PRESS nəşriyyatında onun tərtibçisi olduğu və önsözünü yazdığı "Edqar Podan Etqar Keretə: 32 müəllif 32 hekayə" adlı hekayə antologiyası nəşr edilib.

2020-ci ildə "Qanun" nəşriyyatında tərtibçisi olduğu "The Paris review müsahibələri" kitabı nəşr edilib.

2021-ci ildə Nobel mükafatı laureatı, amerikalı şair Luiza Qlükün "Odisseyin qərarı" adlı seçmə şeirlər kitabını Səlim Babullaoğlu və Fərid Hüseyn ilə birlikdə Azərbaycan dilinə çevirib.

2022-ci ildə onun tərcüməsində Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın esselərdən ibarət olan "İmkansızın cazibəsi" adlı kitabı işıq üzü görüb.

Mükafatları 2011-ci ildə Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi Vaja Pşavela adına beynəlxalq poeziya mükafatı"na layiq görülüb.

Konfranslar 2011-ci ildə Moskvada "Peredelkino" yaradıcılıq evində keçirilən "Birinci Beynəlxalq Gənc Yazarlar Konfransı"nda iştirak edib.

2012-ci ildə isə Türkiyənin Elazığ şəhərində "Xəzər şeir axşamları" Beynəlxalq Poeziya Festivalında iştirak edib.

2018-ci ildə Moldovada "Avropa şairlər baharı" festivalında iştirak edib.

İstinadlar

Kateqoriya:"Vaja Pşavela" mükafatı ilə təltif olunanlar Kateqoriya:Odlar Yurdu Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dillər Universitetinin məzunları