Azərbaycan milli geyimləri — Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Azərbaycanda ipəkçilik, pambıq istehsalı kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha artdı və bunun nəticəsində milli geyimlərdə dirçəlmə dövrü müşayiət olunurdu. Milli geyim dəstinin hazırlanmasında xüsusi rol oynayan, dekorativ tətbiqi sənətin başqa örnəklərində olduğu kimi, parçalarda Uzaq Şərq mədəniyyətinə xas olan bir çox bəzək nümunələri öz əksini tapırdı.
Milli geyimin formalaşması və inkişafında Azərbaycanın müxtəlif bölgələrində xüsusi rol oynamışdır. Azərbaycanın müxtəlif regionlarında milli geyim dəsti ümumi forma və biçim tərzini qoruyub saxlasa da bəzi geyim nümunələrində cüzi fərqlər nəzərə çarpırdı. Ümumilikdə geyimlər kişi, qadın və uşaq geyimlərinə ayrılırdı. Bu geyimlər hamısı bir-biri ilə olduqca böyük oxşarlıq təşkil edirdi. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi. Lakin onlar bəzi xüsusiyyətləri və ölçülərinə görə fərqlənirdilər. Bütünlükdə oxşarlıq təşkil edən Azərbaycan milli geyimləri özlüyündə iki hissəyə ayrılırdı: Alt və üst geyimlərinə. Üst geyim çiyinüstü və bel geyimlərindən təşkil olunmuşdur. Çiyinüstü öz növbəsində üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi. Qadın bel geyimi isə bir neçə tuman və çaxçurla tamamlanırdı.
XIX əsrdən etibarən Azərbaycan milli geyimlərinin get-gedə dəyişməsi və sıradan çıxması ilə səciyyələnir. XIX əsrdə Azərbaycanın Rusiya ilə birləşməsi gündən-günə öz simasını itirmiş milli geyimlər Rusiyadan gətirilmiş ucuz parça və ondan tikilən geyimlərlə əvəz olunurdu. Bu yeni sadə biçimli bəzəksiz paltarlar getdikcə məişətə daxil olub, tədricən rayonlara, ordan da kəndlərə yayılaraq bütünlükdə milli geyimin sıradan çıxmasına səbəb olub.
Tarixi Eramızın V–VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən müxtəlif ipək parçalarda tikilmiş geyimlərin qalıqları tapılmışdır. Bu mənbələrin araşdırılmasından aydın olur ki, Azərbaycan ərazisində məskunlaşan ilk insanların geyimləri təbii əldə edilən materiallardan (dəri, süni liflər, yarpaq və s.) olmaqla, istifadə tərzinə görə bürüncək, sarıq, örtmə və geyimə kimi müxtəlif variantlarda özünü göstərmişdir. Azərbaycanda geyim ehtiyaclarının ödənilməsi üçün hələ qədim dövrlərdən qoyun və quzu yunu, keçi qəzili ilə yanaşı dəvə yunundan da istifadə edilməsi məlumdur. Eramızdan əvvəl I minillikdə Azərbaycan əhalisi yun və kətandan toxunma köynək və şalvar geymiş, dəri bürüncəklərdən istifadə etmiş, keçə və yun papaqlar qoymuş, ayaqlarına isə şişburun dəri ayaqqabılar geymişlər.
Azərbaycan xalq geyimlərinin təkmilləşməsi prosesi orta əsrlər dövründə daha intensiv olmuşdur. Bu dövrdə geyim materialları içərisində dəri və yunla yanaşı, kətan və pambıqdan da geniş istifadə olunduğu qeyd edilir. Pambıq və kətandan bir qayda olaraq bez adlanan parça hazırlanırdı. Erkən orta əsrlərin Azərbaycan kişi və qadın geyimləri haqqında ətraflı məlumat Kitabi-Dədə Qorqud dastanında da qeyd olunub. Dastanda bütün geyimlər bir qayda olaraq hamısı don adlandırılır.
XIV–XV əsrlərdə Azərbaycan xalq geyim fonunda ciddi dəyişikliklər baş vermişdir. Geyimlər gündəlik və mərasim geyimləri kimi müxtəlif səciyyə kəsb etmiş, mərasim geyimlərində motivləşmə (biçim, rəng, bəzək və növ müxtəlifliyi) getdikcə daha da dərinləşmişdir. XVI–XVII əsrləri əhatə edilən illərdə Azərbaycan milli geyimləri zəngin inkişaf yolu keçmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu dövrdə Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Bu dövrlərdə tikilən geyimlər şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını da özündə əks etdiridi.
XVI əsrdə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələrdən də istifadə edilirdi. Bu dövrdə ən çox istifadə olunan əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə başlarına yaşıl rəngli əmmamə qoyardılar. XVI–XVII əsrlərdə Azərbaycanda çalma ilə yanaşı, həmçinin orijinal kiçik şlyapaya bənzər papaqlardan da istifadə olunurdu. XVI–XVII əsrlərdə Azərbaycanda bir sıra başqa formalı papaqlardan da istifadə edilirdi. Qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdı. Bunlardan əsasən maldarlıq və qoyunçuluqla məşğul olan insanlar istifadə edirdilər. Xanlıqlar dövründə müstəqilləşmə meyilləri ilə əlaqədar olaraq Azərbaycanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatının və sənətkarlığın nisbətən dirçəldilməsi, kustar sənət sahəsi məhsullarının istehsalının artırılması, Şuşa şəhəri kimi yeni sənətticarət mərkəzlərinin meydana gəlməsi, digər Şərq və Avropa ölkələri il ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi və s. amillər Azərbaycan geyim fondunun zənginləşməsinə, müxtəlif çeşidli geyim materiallarının daha keyfiyyətli və kütləvi şəkildə istehsalına, geyim növləri hazırlayan kustar emalatxanaların sayının artmasına gətirib çıxartmışdır.
thumb|Azərbaycanlı kişi. XIX əsrin ikinci yarısı
XIX əsrdə yeni dövr geyim mədəniyyətinin yaranmasında, təzə yaranmaqda olan milli burjuaziyanın xüsusilə böyük rolu olmuşdur. Feodal-zadəgan ənənələrini xeyli davam etdirən Azərbaycan milli burjuaziyası özünün mövcud ənənəvi geyim dəbini heç də tezliklə dəyişdirib Avropa libası ilə əvəz etməmişdir. Məhz bu səbəbdən də milli geyim dəbi ilə Avropa libası arasında üstüörtülü rəqabət XX əsrin əvvəllərinədək kəskin şəkildə davam etmişdir. Ancaq burjua saraylarında bərqarar olmuş labüd geyim dəbləri tədricən məğrur milli libasın tərk olunmasını və Avropa geyim dəbini qəbul etməyi təkidlə tələb edirdi. Lakin buna baxmayaraq əvvəllər olduğu kimi, XIX əsrdə də geyim dəbi xalqın sosial həyatı ilə üzvi surətdə bağlı olub, köhnə geyim və bəzək ənənələrinin xeyli hissəsini qoruyub saxlamışdır. Ümumişərq və ümumqafqaz geyim ənənələrini xeyli dərəcədə mühafizə edib saxlamaqla yanaşı, XIX əsr Azərbaycan milli geyim mədəniyyəti özünəməxsus bir sıra məhəlli xüsusiyyətlərə də malik olmuşdur. Belə ki, XIX əsr Azərbaycan geyim dəstində əhalinin müxtəlif zümrə və ictimai qruplarına xas olan libas növləri, o cümlədən, peşə mənsubiyyəti ilə bağlı geyim dəbləri yaranıb sabitləşmişdi.
Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha rəngarəng geyinərdilər. Qızlar və yaşlı qadınlar bəzək elementlərindən az istifadə edirdilər.
XIX əsrin geyim dəblərində, habelə o dövrün şəriətlə bağlı qəbul olunmuş etik normalarına da ciddi əməl olunduğu nəzərə çarpır. XIX əsr geyim dəsti biçim üsuluna və tikiş texnikasına görə özündən əvvəlki tarixi dövrlərdə təşəkkül tapmış geyim tiplərinin davamı olsa da, yeni dövrün tələblərinə uyğun oaraq, bəzi dəyişikliyə məruz qalmışdır. Bu cəhət özünü daha çox şəhərlərdə kübar geyim dəstində və peşə geyimlərində təzahür etdirirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli səciyyə kəsb etmiş Azərbaycan geyim dəstinin tipolojı nümunələri əslində feodalizm dövründə, xüsusilə də son orta əsrlərdə təşəkkül tapmış və xanlıqlar dövründə xeyli dərəcə məhəlli xüsusiyyət kəsb etmiş olan ənənəvi libas növlərinin bir növ davamı idi.
Azərbaycan milli geyimlərinin bölgələr üzrə oxşar və fərqli xüsusiyyətləri Azərbaycan milli geyimlərinin bölgələr üzrə bölünməsi, oxşar və fərqlə xüsusiyyətlərə malik olması XVIII əsrdə Azərbaycan daxilində müxtəlf xanlıqların yaranması ilə əlqədar olmuşdur. Xanlıqlar əsasən müxtəlif coğrafi bölgələrdə yerləşirdilər ki, bu da bilavasitə özünü geyimlərin forma, biçim və digər xüsusiyyətlərində göstərmiş olurdu.
Bakı geyimləri thumb|1847-ci ildə Bakı şəhərinin sakinləri
Bakı geyimləri — Şəki və Şamaxı geyimləri ilə oxşarlıq təşkil edir. Geyimlərdə bənövşəyi və innabı rənglərin olmasına baxmayaraq, ağ və tünd mavi rənglər üstünlük təşkil edirdi. Paltarın hansı rəngdə olmasından aslı olmayaraq kənar bəzək və tikmələrində mavi və qızılı-sarı rənglərdən istifadə edilirdi. Beləliklə Bakı geyimlərində insanlar təbiət rənglərinə-ağ, mavi, qızılı-sarı, qum rənglərinə üstünlük verirdilər. Bakı geyimlərində tirmə parçadan bol-bol istifadə edilməsi Abşeron iqlimi ilə əlaqədar idi. Bakı qadınlarının üst çiyin geyimi "çəpkənnimtənə" adi çəpkəndən o qədər də fərqlənmirdi. Bakı qadın arxalıqlarının əsas xarakterik xüsusiyyəti yaxa kəsiyi ilə xarakterizə olunurdu. Arxalığın yaxa kəsiyi düzbucaqlı formada olur, arxalığın qolları dirsəkdən bir qədər yuxarı tikilən qolçaqları da çox vaxt düzbucaqlı formada kəsilirdi. Bakı arxalıqları həmçinin sadə biçimi ilə də seçilirdilər.
Qadın arxalıqları sadə tikilsədə dirsəkdən başlamış qondarma qolçaqla tamamlanırdı. Bu qolçaqların tikilişində bəzən başqa materiallardan istifadə edilirdi. Qadın arxalıqları digər bölgələrdən fərqli olaraq Abşeronda "don" adlanırdı və bu donlara bütün tikişlər boyunca bəzək verilirdi. İmkanlı qadınlar arxalıqların sinəsinə qızıl-gümüş qoza düymələr tikdirərdilər. Bakı qadınları eyni zamanda digər bölgələrdə (Şəki, Şirvan, Gəncəbasar və s.) olduğu kimi "ləbbadə"də geyərmişlər. Baş örtüyü olaraq çadradan istifadə olunurdu ki, bu da öz növbəsində Bakı arxalıqlarının yaxa kəsiyinə uyğun olaraq düzbucaqlı formada olardı. Bütün bu geyimlər əsasən əl tikişi ilə tikilərdi.
Gəncə-Qarabağ geyimləri thumb|Qarabağ bəyi. 1845-ci il
Gəncə-Qarabağ geyimləri — bu bölgələrin geyim dəstləri bir-birindən çox da fərqlənmirlər. Bu geyim dəstləri də digər bölgələrdə olduğu kimi ansambl təşkil edir. Üst tumanı və üst çiyin geyimi ya eyni rəngdə ya da oxşar rənglərdə köynək isə bunlara nisbətən açıq və parlaq rənglərdə tikilirdi. Qarabağ bölgəsində üst çiyin geyimi olan çəpkənin sallamaqol variantı istifadə olunurdu. Sallamaqol çəpkəndə qollar qondarma olaraq çiyin tikilişlərinin üstünə tikilir, ucları əlcək və qolçaqla tamamlanırdı. Bir qayda olaraq çəpkənin qoltuqdan dirsəyə və biləkdən barmaq uclarına qədər olan hissəsi açıq saxlanırdı. Bu bölgədə pullu çəpkəndən də istifadə edilirdi. Biçimi çəpkənlə eyni formada olmağına baxmayaraq qolsuz tikilirdi. Baharı-bu bölgədə geniş istifadə olunan çox bəzəkli üst geyimidir. Tünd qırmızı, moruğu rəngli məxmərdən tikilir, qolları düz, uzunluğu dirsəyə qədərdir. Bel xəttindən əlavə büzməli ətək tikilir və hər ətəkdə kəsmə cib qoyulurdu. Yaxa, qol ağzı, ətək, cib kəsiyinin ətrafı tikmə ilə bəzədilirdi. Küdrü — qadın üst geyimidir. Bu geyim məxmərdən tikilir, xəzdəri və sıx naxışlarla bəzədilirdi. Bəzən sırıqlı formada da tikilirdi. Qarabağ küdrüsü bədənə kip yapışır, qolsuz olurdu. Xəz və baftadan başqa heç bir bəzəyi olmurdu.
Gəncədə isə dəridən hazırlanan küdrünün qollarına və kənar tikilişinə əlvə xəz qoyulmurdu. Dirsəyə qədər qolu olan küdrü yaxası açıq, qoltuq altında çapıq olurdu. Qarabağ bölgəsində istifadə olunan köynəyin gövdəsi qatlama üsulu ilə biçildiyindən çiyinliyi tikişsizdir. Qollarının üstündə xırda qırçınlar olur əsasən bəzək məqsədilə istifadə olunur. Köynəyin qıraqlarında 8 sm hündürlüyündə "peş" adlanan çapıqlar olur. Qolların ağzı və yaxa kəsiyi boyunca bafta tikilir. Milli geyimlərin əsas hissəsi olan tuman qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilirdi. Tumanın uzunluğu 86–102 sm arasında dəyişirdi. Tumanın ətəyinə müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı tikilirdi.
Arxalıq qiymətli parçalardan tikilir və onun tikilişində əsasən tox rənglərdən istifadə olunurdu. Al rənglərdən nə yaşlı nə də cavan qadınlar istifadə etmirdilər.