Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Haqqında Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb.
7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Şəkilləri
Həmçinin bax Vaqifin məqbərəsi Xurşidbanu Natəvanın büstü Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
İstinadlar
Xarici keçidlər Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada büstü açılıb
Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşa abidələri Kateqoriya:Molla Pənah Vaqif Kateqoriya:Şuşadakı büstlər Kateqoriya:Şuşadakı dini tikililər Kateqoriya:Vandalizmə məruz qalmış sənət əsərləri