Ruhi Tuna () ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir.

Haqqında Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib. Təbrizdə Məhəmməd Hüseyn Şəhriyara və Kəleybərdə Nəbatiyə qoyulmuş heykəllərin müəllifidir. Həbsdən azad olunsa da təqiblərə məruz qaldığı üçün 1999-cu ildə Türkiyəyə köçüb. Burada yaşadığı dövrdə onlarla tarixi şəxsiyyətin heykəlini hazırlayıb. Təkcə Türkiyədə qoyulmuş Atatürkün 300-dən çox heykəlinin müəllifidir. Bundan başqa Türkiyənin Hacıbektaş şəhərində Yeddi Ulu Ozana qoyulmuş 7 heykəlin və Niğdə şəhərində qoyulmuş 21 heykəllik Türk böyükləri heykəllər kompleksinin müəllifidir. Aralarında Şah İsmayıl Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar və Atatürkün də heykəli olan bu 22 heykəllik kompleks 2013-cü ildə heç bir səbəb göstərilmədən yerindən götürülüb.

2006-cı ildə Türkiyədə vətəndaşlıq ala bilmədiyi üçün həyat yoldaşı Rima Muhitova ilə birlikdə Kanadaya köçüb. Burada York Universitetində vizual incəsənət, Rayerson Universitetində isə musiqi təhsili alıb. Kanadada yaşadığı dövrdə Məhəmməd Füzulinin, Nadir Şahın, Pir Sultan Abdalın, Hacı Bektaş Vəlinin, Əlişir Nəvainin, Üzeyir Hacıbəyovun, Salavat Yulayevin, Əbülfəz Elçibəyin eləcə də Türk dünyasının onlarla şəxsiyyətinin heykəllərini hazırlayıb.

30 oktyabr 2021-ci ildə Kanadada mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.

İstinadlar

Xarici keçidlər 2003-cü ildə Hacıbektaş şəhərində qoyulmuş Yeddi ulu ozan heykəli Ruhi Tuna öz düzəltdiyi Hacı Bektaşın heykəli haqqında Dəfnində çəkilmiş kadrlar

Kateqoriya:Azərbaycan heykəltaraşları