VI Mehmed Vəhidəddin () () — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi.
Həyatı
İlk illəri 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi. Bu ünvanla Avstriya-Macarıstan imperatoru I Frans İosifin cənazəsində (1916) və Alman imperatoru II Vilhelmin xüsusi dəvətində iştirak etdi və padşahı təmsil etdi. Digər böyük qardaşı Sultan Mehmed Rəşadın vəfatının ardından (3 iyul) VI Mehmed adıyla taxta çıxarıldı. Ancaq daha çox Sultan Vahidəddin olaraq anıldı.
Səltənət illəri Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra Tələt Paşa hökumətini vəzifəsində saxlayaraq sarayda bir qərargah qurdu və davam edən Birinci Dünya müharibəsini buradan izləməyə başladı. İlk rəsmi açıqlaması isə müharibənin səbəb olduğu qıtlıq və bahalığa qarşı gördüyü tədbirlər haqqında oldu. Müharibə cəbhələrinin açılmadığı bölgələrdə elan olunmuş hərbi vəziyyəti aradan qaldırdı və bununla da əhalinin rəğbətini qazandı. Ancaq müharibənin gedişatı Osmanlının əleyhinə idi. Fələstin və Suriya əldən çıxmış, Anadolu torpaqları təhlükə altına düşmüşdü. Padşahın fəxri yavəri olan Mustafa Kamal Paşa sultana yolladığı teleqrafda sülhdən başqa bir çarə qalmadığını bildirmişdi (7 oktyabr).
Sultan Vahidəddin İttihadçı hökuməti istehfaya göndərdi və Əhməd Tofiq Paşa rəhbərliyində yeni bir hökumət kabinetini qurmağı əmr etdi. Məclisin yeni sessiyasının açılışında çıxış edən Sultan Vahidəddin Vilson prinsiplərinin sülh üçün tək yol olduğunu, ordunun cəsarətlə başladığı bu vəzifəni şərəflə tamamlamaq istədiyini bildirdi. Bu əsnada sultana teleqraf yollayan Mustafa Kamal Paşa yeni qurulacaq hökumət kabinetinin rəhbərliyini Əhməd İzzət Paşaya verilməsini və özünün də Hərbi nazir olmasını təklif etdi. Bu təklifi qəbul edən Sultan Vahidəddin 14 oktyabr 1918-ci ildə bu vəzifəni yavərlərindən Əhməd İzzət Paşaya verdi. Hərbi nazir olan Əhməd İzzət Paşa, yeni qurduğu hökumət kabinetinə Mustafa Kamal Paşanın tərəfdarlarından Rauf Orbay və Fəthi Okyarı da əlavə etdi. Sultan Vahidəddin gedən sülh danışıqlarının rəhbərliyinə bacısı Mədiha Sultanın əri Fərid Paşanı gətirmək istəyirdi. Sədrəzəm isə buna etiraz etdi və Bahriyə naziri Rauf bəyin rəhbərliyindəki türk heyəti Mudros sülhünü imzaladı (30 oktyabr).
Səltənətinin dördüncü ayı tamamlanmamış çətin vəziyyətə düşən Sultan Vahidəddin vaxt qazanmağa çalışdı. Dövlətin düşdüyü vəziyyətdən çıxması üçün İngiltərə və Fransa yönlü siyasət yeritməyə qərar verdi. Müttəfiq dövlətlər isə müharibənin məğlub olanlarını cəzalandırmaq istəyirdi. Bu səbəblə Sultan Vahidəddin müttəfiq dövlətlərin gözündə günahsızlığını sübut etmək üçün bütün hadisələri İttihadçıların boynuna yıxmağa çalışdı. İstanbula gəlməyə hazırlaşan müttəfiq dövlətlərin heyətini qarşılamaq üçün yeni bir hökumət qurmağa qərar verdi. Belə ki, fəaliyyətdə olan Əhməd Tofiq Paşa hökuməti İttihad və Tərəqqi cəmiyyətinin öndə gələn üzvlərinin ölkədən gizlicə qaçmasına (2–3 noyabr gecəsi) göz yummuş və bununla da, onlardan tərəf olduqlarını bildirmişdi. Sultan Vahidəddinin bu qərarının konstitusiyaya zidd olduğunu bildirən Əhməd İzzət Paşa hökuməti isə ləğvi gözləmədən öz istəyilə istehfa verdi (8 noyabr).
Sultan Vahidəddin, yeni hökuməti 73 yaşındakı qudası Əhməd Tofiq Paşanın (qızı Fatma Ülviyyə Sultan paşanın oğlu ilə evli idi) rəhbərliyində qurdu. İki gün sonra isə 60 gəmidən ibarət müttəfiq dövlətlər donanması İstanbula daxil oldu (13 noyabr). Tofiq Paşa hökumətinin məclisdə təsdiqlənməsindən sonra mətbuat açıqlaması verən Sultan Vahidəddin müharibə əsnasında baş verənlərin təqsirkarının xalq deyil, İttihad və Tərəqqi hökuməti olduğunu və İngiltərə ilə dostluğun davamı üçün əlindən gələni edəcəyini bildirdi. Yenicə qurulan hökumətdən isə İttihadçıların mühakimə edilməsi üçün dərhal fövqəladə bir məhkəmə qurulmasını istədi.
Məclis-i Məbusan isə fövqəladə məhkəmənin çağırılması hüququnun konstitusiyaya görə özlərinə aid olduğunu iddia edərək hadisəyə etirazını bildirdi. Sultan Vahidəddin isə bu çətin vəziyyətdən çıxmaq üçün dövlətin tək əldən idarə edilməli olduğunu anladı və konstitusiyanın ona verdiyi hüquqla Məclis-i Məbusanı ləğv etdi (21 dekabr). Yenə konstitusiyaya görə, növbəti 4 ayda keçirilməli olan seçimləri ölkənin işğal altında olması bəhanəsilə təxirə saldı. Onun mütləqiyyətə yönəlməsində, əlbəttə ki, xarici faktorların da təsiri vardı. Keçmiş müttəfiqlərindən Bolqar çarı oğlu III Borisin lehinə taxtdan çəkilmişdi. Alman imperatoru II Vilhelm taxtından çəkilmiş və respublika elan edilmişdi. Avstriya-Macarıstan imperatoru I Frans İosif də taxtdan çəkildiyi üçün Avstriya və Macarıstan respublikaları yaranmışdı. Sultan Vahidəddinin qorxusu isə İstanbulun əldən çıxması, xilafət və səltənətin aradan qaldırılması idi.
Sultan Vahidəddin hökumətin içində olan İttihadpərəst üzvlərin uzaqlaşdırılması üçün Tofiq Paşa rəhbərliyində ikinci hökumət kabinetini qurdu (13 yanvar). İkinci Tofiq Paşa hökuməti sultana yaxın şəxslərdən ibarət idi. Sultan Vahidəddin kütləvi həbslərə başlamadan öncə Fərid Paşa vasitəsilə ingilislərin prosesə münasibətini öyrənməyə çalışdı. Diyarbəkirin keçmiş qubernatoru Rəşid bəyin həbsdən qaçması (25 yanvar) ingilislərin təzyiqlərinin artmasına səbəb oldu. Daha öncə Daxili İşlər naziri İzzət bəy tərəfindən ingilislərə adı verilən 60 nəfərin 30-u həbs edilmiş, ingilislər bunlardan 23-nün onlara təslim edilməsini tələb edirdi. Hökumət isə bu təklifi qəbul etmədi.
Bu əsnada İstanbula gələn fransız generalı d’Esperey, sultanın və hökumətin prosesləri uzatmasından bezərək toplanan batalyonla saraya gələcəyini və istədiklərini alacağını söyləyərək sarayı təhdid etdi. Sədrəzəmi fransız səfirliyinə çağırdı. Fransızlar adını verdikləri 36 nəfərin həbs edilməsini istədilər. Müttəfiq dövlətlərlə 3 aydır razılığa gələ bilməyən hökumətə etirazını bildirən Sultan Vahidəddinin sərt üslubundan narahat olan Tofiq Paşa istehfa verdi və Fərid Paşa sədarətə gətirildi (4 mart).
Yeni hökumət keçmiş sədrəzəmlərdən Səid Həlim Paşa da daxil olmaqla İttihad və Tərəqqi cəmiyyətinin öndə gələnlərini həbs etdirdi. Yozğadın Boğazlıyan bölgəsinin qubernatoru olan Mehmed Kamal bəyin mühakiməsi dərhal nəticələndi və edam cəzası şeyxülislam fətvası ilə sultanın imzasıyla təsdiqləndi. Bəyazid meydanında edam olunan və milli şəhid elan edilən Kamal bəyin cənazəsinin universitet tələbələrinin əlləri üzərində bayrağa bükülü olaraq daşınması müttəfiq dövlətlərini narazı saldı. Paris konfransına təmsilçi göndərmə istəyi və sultanın məsələni müzakirə etmək üçün tələb etdiyi məsul şəxslərlə görüş baş tutmadı. Müttəfiq dövlətlər hökumətin bütün işlərinə qarışırdı. Digər yandan sultan, Anadolu və Rumeliyə şahzadələrin rəhbərliyi ilə göndərdiyi nəsihət heyətləriylə xalqı sakitləşdirməyə çalışırdı.
Müttəfiq dövlətləri ictimai asayişin təmin edilməsi üçün Osmanlı zabitlərinin Anadoludakı birliklərə qoşulmasına icazə verdi. Mustafa Kamal Paşa da 9. Ordu müfəttişliyinə təyin edildi (30 aprel). Sultan Vahidəddin İzmirin işğalından sonra istehfa verən Fərid Paşa rəhbərliyində ikinci hökumət kabineti qurdu (19 may). Yeni qurulan hökumət həbs olunan 23 milliyyətçini azadlığa buraxdı. İttihadçıların həbs olunması və məhkəmə prosesi isə təxirə salındı. Sultanın sarayda çağırdığı səltənət şurasında (26 may) artıq ölkənin yadellilərdən azad edilməsi qərar alındı. Bundan narahat olan müttəfiq dövlətlər həbs olunan 67 siyasi məhbusu Malta adasına sürgün etdi (27 may). Nəhayət, müttəfiqlərin hökuməti Paris konfransına dəvət etməsi nəticəsində münasibətlər yaxşılaşdı və İttihadçıların həbsi yenidən davam etdi. Konfransda iştirak edəcək şəxləri şəxsən seçən Sultan Vahidəddin Fərid Paşaya inanmadığı üçün Tofiq Paşanı da heyətə daxil etdi.
Yunan işğalına qarşı toplanan siyasi cəmiyyətlərin başladığı silahlı mübarizə getdikcə güclənmişdi. İngilsilər bu milliyyətçi hərəkatın arxasında İttihadçıların olduğunu iddia edərək sultana təzyiq edir və Mustafa Kamal Paşanın geri çağırılmasını tələb edirdi. Bu əsnada sultanın yaşadığı Yıldız sarayında böyük bir yanğın çıxdı (8 iyun). Bütün əşyaları yanan və son anda xilas olan Sultan Vahidəddin "Millətimin ocağı yanıb, mən onu düşünürəm. mənim evim yanmış, nə önəmi var ?" dedi. Vəliəhd Əbdülməcid Əfəndi də sultana məktub yazaraq davam edən ingilispərəst siyasəti və Fərid Paşanın konfransa göndərilməsini tənqid etdi (12 iyun). Məktubu ələ keçirən ingilislər milliyyətçilərin sultana qarşı bir çevriliş hazırladığını və Yıldız sarayındakı yanğının da bir sui-qəsd nəticəsində çıxdığını iddia edərək meydanı qızışdırmağa başladılar.
Siyasi fikirlərini daima gizli saxlayan Sultan Vahidəddin digər yandan Mustafa Kamal Paşanın geri çağırılması təkliflərini rədd edirdi. Hökumət çıxarılan qanunla Mustafa Kamal Paşanı vəzifədən alsa da (23 iyun), Sultan Vahidəddin buna səssiz qaldı. 3. Ordu müfəttişi imzasıyla sultana teleqraf çəkən Mustafa Kamal Paşa hökumətin bu qərarından şikayət etdi və lazım gələrsə, bütün vəzifələrindən istehfa verib xalqın mübarizəsinə qatılacağını bildirdi. Sultan Vahidəddin isə özünün və hökumətin ingilislərin təzyiqi altında olduğunu, bu vəziyyətdə Mustafa Kamal Paşanın Anadoluda qalmasının daha münasib olacağını bildirdi. Bu səbəblə hərbi nazirlikdən onun adına 2 aylıq icazə alaraq vəziyyət sabitləşənə qədər hadisələrdən uzaqlaşmağı tövsiyə etdi.
İngilis kəşfiyyatı isə Anadoludakı milli hərəkatın arxasında sultanın və hökumətin olduğunu anlamışdı. Samsunda ingilislərlə Rüfət bəy arasında yaranan gərginliyin ardından ingilislər saraya nota göndərdi və Mustafa Kamal Paşanın həbs edilərək İstanbula gətirilməsini və Rüfət bəyin vəzifədən alınmasını tələb etdi. Sultan Vahidəddin isə Ərzurumda olan Mustafa Kamal Paşaya teleqraf çəkərək vəziyyətin gərginliyini və artan təzyiq səbəbilə vəzifədən alındığını bildirdi (8–9 iyul gecəsi). Mustafa Kamal Paşa isə göndərdiyi cavab məktubunda sultanı və hökuməti çətin vəziyyətə salmamaq üçün bütün hərbi rütbələrindən istehfa etdiyini, millət və sultan adına mübarizəyə davam edəcəyini bildirdi.
Sultan Vahidəddin isə Samsundakı hadisə ilə Mustafa Kamal Paşanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışırdı. Baş admiral Artur Kaltorpa xüsusi xəbər göndərərək (8 iyul) Aydın bölgəsindəki yunan zülmündən şikayət etdi. Əmrindəki orduların ləğv edilməsi, vəziyyətin isə təhlükəli bir hal alması səbəbilə tək ümidinin İngiltərə hökuməti olduğunu bildirdi.