Martin Çarlz Skorseze ( ) — ABŞ rejissoru. Yeni Hollivud dövrünün əsas simalarından biri olan o, kino tarixinin ən böyük və ən nüfuzlu rejissorlarından biri hesab olunur. O, bir Oskar, dörd BAFTA, üç Emmi, bir Qremmi və üç Qızıl Qlobus mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. 1997-ci ildə AFI-nin Həyat Boyu Nailiyyət Mükafatı, 1998-ci ildə Linkoln Mərkəzi Film Cəmiyyətinin xüsusi ehtiram mükafatı, 2007-ci ildə Kennedi Mərkəzinin fəxri mükafatı, 2010-cu ildə Sesil B. DeMill mükafatı və 2012-ci ildə BAFTA Akademiyasının Üzvlüyü ilə təltif edilib. Onun dörd filmi Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və ya estetik baxımdan əhəmiyyətli" hesab edilərək Milli Film Reyestrinə daxil edilmişdir.

Skorseze 1968-ci ildə Nyu-York Universitetinin Staynhart Mədəniyyət, Təhsil və İnsan İnkişafı Məktəbində sənət üzrə magistr dərəcəsi alıb. Onun rejissorluq debütü olan "Mənim qapımı döyən kimdir?" (1967) filmi Çikaqo Film Festivalına qəbul edilib. 1970-ci və 1980-ci illərdə Skorsezenin filmləri onun italyan-amerikan mənşəyindən və Nyu-Yorkda böyüməsindən güclü şəkildə təsirlənərək, daha çox maço xarakterli kişilərə fokuslanmış, cinayət, maşizm, nihilizm və katoliklərin günah və bağışlanma anlayışlarını araşdırmışdır.

Onun geniş yayılmış ağır çəkilmiş kadr və dondurulmuş kadr, kadr arxası səsləndirmə, zorakılığın qrafik təsviri və bol söyüşdən istifadə kimi özünəməxsus üslubları ilk dəfə "Amansız küçələr" (1973) filmində nümayiş etdirilmişdir.

Skorseze, Robert De Nironun psixi pozuntusu olan Vyetnam veteranı rolunu canlandırdığı "Taksi sürücüsü" (1976) filmi ilə Kann festivalında "Qızıl Palma Budağı" mükafatını qazandı. De Niro, Skorseze ilə birlikdə daha səkkiz filmdə, o cümlədən "Nyu-York, Nyu-York" (1977), "Quduz öküz" (1980), "Komediya kralı" (1982), "Bomba oğlanlar" (1990), "Qorxu burnu" (1991), "Kazino" (1995) və "İrlandiyalı" (2019) filmlərində iştirak edərək rejissorun daimi tərəfdaşına çevrildi. Növbəti onilliklərdə o, Leonardo Di Kaprio ilə bir sıra birgə layihələr, o cümlədən "Nyu-Yorkun bandaları" (2002), "Aviator" (2004), "Dönüklər" (2006), "Zindan adası" (2010) və "Uoll-strit canavarı" (2013) filmləri ilə böyük kassa uğurları əldə etdi. Skorseze "Güllü ayın qatilləri" (2023) filmində həm De Niro, həm də Di Kaprio ilə birlikdə çalışdı. O, həmçinin "İşdən sonra" (1985), "Pulun rəngi" (1986), "Məsihin son vəsvəsəsi" (1988), "Məsumluq dövrü" (1993), "Kundun" (1997), "Hüqo" (2011) və "Sükut" (2016) filmlərinə də rejissorluq etmişdir.

Televiziyada o, HBO-nun "Gizli imperiya" (2010–2014) və "Vinil" (2016) seriallarının epizodlarına, həmçinin HBO-nun "Natiqlik sənəti" (2010) sənədli filminə və "Netflix"in "Təsəvvür et ki, bu bir şəhərdir" (2021) sənədli serialına rejissorluq etmişdir. O, həmçinin "Son vals" (1978), "Evə yol yoxdur" (2005) və "İşıq saç" (2008) daxil olmaqla bir neçə rok sənədli filmi çəkmişdir. Skorseze "Martin Skorseze ilə Amerika filmlərinə şəxsi səyahət" (1995) və "Mənim İtaliya səyahətim" (1999) sənədli filmlərində kino tarixini araşdırmışdır. Filmlərin qorunub saxlanması və bərpasının tərəfdarı kimi o, üç qeyri-kommersiya təşkilatının əsasını qoyub: 1990-cı ildə Kino Fondu, 2007-ci ildə Dünya Kino Fondu və 2017-ci ildə Afrika Film İrsi Layihəsi.

Həyatı və təhsili thumb|Soldan sağa: 2005 Traybeka Festivalında Salvo Kuccia, Skorseze və Vittorio De Seta Martin Çarlz Skorseze 17 noyabr 1942-ci ildə Nyu-York şəhərinin Kvins rayonunun Flaşinq məhəlləsində anadan olub. O, şəhərin Manhetten rayonunun Kiçik İtaliya məhəlləsində böyüyüb. Onun hər iki valideyni, Ketrin Skorseze (qızlıq soyadı Kappa) və Çarlz Skorseze Qarment rayonunda işləyirdilər. Çarlz paltar ütüləyən və aktyor, Ketrin isə dərzi və aktrisa idi. Skorsezenin hər dörd nənə və babası Siciliyadan olan italyan mühacirlər idi; ata tərəfi Polizzi Generosa, ana tərəfi isə Çiminna şəhərindəndir. Ailənin ilkin soyadı italyan dilində "şotlandiyalı" mənasını verən Skotzzese idi və bir köçürmə xətası səbəbindən Skorseze olaraq dəyişdirilmişdi.

Skorseze əsasən katolik mühitində böyümüşdü. Uşaq ikən o, astma xəstəliyindən əziyyət çəkirdi, buna görə də həmyaşıdları ilə idman edə və ya digər fəaliyyətlərdə iştirak edə bilmirdi. Bu səbəbdən valideynləri və böyük qardaşı onu tez-tez kinoteatrlara aparırdılar; elə həyatının məhz bu mərhələsində onda kinoya qarşı böyük ehtiras yarandı. O, Pauell və Pressburqerin "Qara nərgiz" (1947) və "Qırmızı ayaqqabılar" (1948) filmlərinin ona olan böyük təsirindən bəhs etmişdir. Bruklində yaşayan bir yeniyetmə olaraq, o, Pauell və Pressburqerin "Hoffmanın nağılları" (1951) filmini cəmi bir nüsxəsi olan mağazadan kirayə götürmək üçün tez-tez Bronksa gedirdi. Həmin lenti müntəzəm olaraq kirayə götürən cəmi iki nəfərdən biri o idi; həmin vaxtlar o məhəllədə yaşayan digər şəxs isə sonradan rejissor olan Corc A. Romero idi.

Skorseze gəncliyində Sabu və Viktor Maturu ən sevdiyi aktyorlar olaraq qeyd edib. O, atasının onu Jan Renuarın "Çay" (1951) filminə apardığını və oradakı Hindistan təsvirinə heyran qaldığını xatırlayır. Renuarın "Böyük illüziya" (1937) filmi yenidən nümayiş olunduqdan sonra o, bu filmin "vurğunu" oldu. O, Con Fordun "Sakit adam" (1952) və "Axtarışda olanlar" (1956) filmlərini onun yaradıcılığının formalaşmasına təsir göstərən əsas amillər kimi qeyd edir. İtalyan neorealizminə həsr olunmuş sənədli filmdə o, Roberto Rossellininin "Roma, açıq şəhər" (1945) və Vittorio De Sikanın "Velosiped oğruları" (1946) filmlərinin ona necə ilham verdiyindən və onun öz Siciliya köklərinə baxışına necə təsir etdiyindən bəhs etmişdir. Skorseze özünün "Mənim İtaliya səyahətim" (Il Mio Viaggio in Italia) sənədli filmində qeyd edib ki, Rossellininin "Payza" (1946) filminin Siciliya epizodu onun həyatına əhəmiyyətli dərəcədə təsir göstərib; o, bu filmi ilk dəfə özləri də Siciliya mühacirləri olan qohumları ilə birlikdə televiziyada izləmişdi. O, həmçinin Alfred Hiçkokun "Başgicəllənmə" (1958) filminə "çox güclü" reaksiya verdiyini xatırlayır. O, Alfred Hiçkokun "Başgicəllənmə" (1958) filminə "çox güclü" reaksiya verdiyini xatırlayır. O, Fransız Yeni Dalğasına böyük minnətdarlıq borcu olduğunu etiraf edir və bildirir ki, "Fransız Yeni Dalğası, o dövrdən bəri fəaliyyət göstərən bütün rejissorlara — həmin filmləri izləyib-izləməmələrindən asılı olmayaraq — təsir etmişdir." O, həmçinin Satyacit Ray, İnqmar Berqman, Andjey Vayda, Mikelancelo Antonioni, Federiko Fellini, İşiro Honda və Eyci Tsuburayanın əsərlərini karyerasına böyük təsir göstərən amillər kimi qeyd etmişdir. Evdə mütaliə vərdişi olmasa da, 1950-ci illərin sonlarına doğru Skorseze ədəbiyyata maraq göstərməyə başlamışdır; xüsusilə Fyodor Dostoyevskinin "Yeraltıdan qeydlər" (1864), Ceyms Coysun "Sənətkarın gənclik portreti" (1916) və Qrem Qrinin "Məsələnin mahiyyəti" (1948) əsərləri onda dərin iz buraxmışdır.

Skorseze Bronksdakı oğlanlar üçün nəzərdə tutulmuş Kardinal Heys Liseyində təhsil almış və 1960-ci ildə oradan məzun olmuşdur. O, ilkin olaraq keşiş olmaq istəmiş və hazırlıq seminariyasında təhsil almışdı, lakin birinci kursdan sonra kəsildiyi üçün Fordhem Universitetinə daxil ola bilməmişdi. Bu uğursuzluq kinoya yol açdı və nəticədə Skorseze Nyu-York Universitetinin Vaşinqton Skver Kollecinə (hazırda İncəsənət və Elm Kolleci kimi tanınır) daxil oldu və 1964-cü ildə orada ingilis dili üzrə bakalavr dərəcəsi aldı. O, təhsilini davam etdirərək 1968-ci ildə — fakültənin əsası qoyulduqdan bir il sonra — NYU-nun Təhsil Məktəbində (hazırda Staynhardt Mədəniyyət, Təhsil və İnsan İnkişafı Məktəbi) magistr dərəcəsinə yiyələndi.

Kariyera 1963–1972: Qısametrajlı filmlər və bədii debüt Tiş İncəsənət Məktəbində təhsil alarkən Skorseze "Sənin kimi qəşəng qızın bu cür yerdə nə işi var?" (1963) və "Mürrey, tək sən deyilsən!" (1964) adlı qısametrajlı filmlərini çəkmişdir. Onun həmin dövrə aid ən məşhur qısametrajlı filmi isə Piter Bernutun rol aldığı qara yumor janrındakı "Böyük qırxınma" (1967) filmidir. Film "Vyetnam '67" adlı alternativ başlığından da göründüyü kimi, Amerikanın Vyetnam müharibəsindəki iştirakına qarşı bir etiraz və ittiham xarakteri daşıyır. Skorseze bir neçə dəfə qeyd etmişdir ki, Nyu-York Universitetindəki ilk illərində erməni-amerikan kino professoru Hayk P. Manooqiandan böyük ilham almış və onun dərslərini "indiyə qədər aldığım ən qiymətli hədiyyə" adlandırmışdır. Skorsezenin ilk peşəkar işi Nyu-York Universitetində oxuyarkən Con Q. Avildsenin rejissorluq etdiyi "Gülümsəmələr" (1964) adlı qısametrajlı filmində operator Berd Brayantın köməkçisi olması idi. Skorseze bu haqda demişdir: "Bu, həqiqətən vacib idi, çünki onlar 35 mm-lik lentlə çəkiliş aparırdılar". O, həmçinin fokus məsafəsini düzgün müəyyən edə bilmədiyi üçün bu işdə çox bacarıqsız olduğunu bildirmişdi. Skorseze eyni zamanda Albert və Devid Meylz qardaşları üçün işıqçı, "CBS News" üçün isə montajçı kimi çalışmışdı. Sonuncular ona tam ştatlı iş təklif etsələr də, Skorseze kino sahəsindəki hədəflərini izləmək üçün bu təklifdən imtina etmişdi.

1967-ci ildə Skorseze özünün ilk tammetrajlı bədii filmini — ağ-qara formatda olan "Mən birinci çağırıram" filmini çəkdi. Sonradan adı "Qapımı döyən kimdir?" olaraq dəyişdirilən bu layihədə o, tələbə yoldaşları — aktyor Harvi Keytel və montajçı Telma Şunmeyker ilə birlikdə çalışdı; onların hər ikisi gələcəkdə rejissorun uzunmüddətli əməkdaşlarına çevrildilər. Rocer Ebert bu filmi 1967-ci ildə Çikaqo Beynəlxalq Film Festivalında izləmiş və Skorseze haqqında dərc olunmuş ilk resenziyada belə yazmışdı:Bu film Amerika kinosunun iki zidd dünyasını bir araya gətirir. Bir tərəfdən, Marti, Körpüdən mənzərə, Limanda və Devid və Liza kimi ənənəvi filmlər var — bunların hamısı real həyatların yaşandığı səviyyədə çıxış etmək üçün səmimi cəhdlərdir və hamısı müəlliflərin bu cür həyatlar haqqındakı romantik və idealist düşüncələrindən müəyyən dərəcədə əziyyət çəkir. Digər tərəfdən isə Yonas Mekas, Şirli Klark və Nyu-York andeqraundunun digər pionerlərinin eksperimental filmləri var. Əlaqə, Kölgələr və Ağacların silahları filmlərində onlar spontan təcrübənin təravətini tutmaq üçün improvizasiya olunmuş dialoqlardan, səhnələrdən, gizli və əl kameralarından istifadə edirdilər... Mən birinci çağırıram bu iki növ filmi tamamilə orijinal, bədii cəhətdən qaneedici və texniki baxımdan hər yerdə çəkilən ən yaxşı filmlərlə müqayisə oluna biləcək bir əsərdə birləşdirir. Bunu Amerika kinosunda möhtəşəm bir an kimi təsvir etməkdə heç bir tərəddüdüm yoxdur.

Skorseze 1970-ci illərin nüfuzlu "kino dəcəlləri" olan Brayan De Palma, Frensis Ford Koppola, Corc Lukas və Stiven Spilberq ilə dostlaşdı. . Skorsezeni Robert De Niro ilə tanış edən məhz De Palma olmuşdur. Bu dövrdə Skorseze Maykl Uodleyin "Vudstok" (1970) sənədli filmində rejissor köməkçisi və montajçılardan biri kimi çalışmış, həmçinin yaxın dostu və mentoru olacaq aktyor-rejissor Con Kassavetes ilə tanış olmuşdur.

Skorseze "Medicine Ball Caravan" filminin montajı üçün Hollivuda gəldikdən sonra Rocer Kormanla tanış olmuşdur; Skorsezenin "Qapımı döyən kimdir?" filmini izləyib bəyənən Korman, ondan "Qanlı Ana" (1970) filminin davamını çəkməyi xahiş etmişdir. Bu layihə "Boks-kar Berta" (1972) filmi ilə nəticələnmişdir. Məhz Korman Skorsezeyə çox az pul və vaxtla maraqlı filmlər çəkilə biləcəyini öyrədərək, gənc rejissoru gələcək çətinliklərə yaxşı hazırlamışdır. Filmin nümayişindən sonra Kassavetes Skorsezeni başqalarının layihələrindən ziyadə, öz istədiyi filmləri çəkməyə təşviq etmişdir.

1973–1989: Böyük uğur və geniş tanınma