Yusif Salahlı,Yusif Salahzadə və ya Yusif Salahov () — azərbaycanlı həkim, Cümhuriyyət tələbəsi, siyasi mühacir.
Şuşa Real Məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Münxen Lüdviq-Maksimilian Universitetində tibb təhsili alıb.
Təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb və müxtəlif tibb müəssisələrində həkim kimi fəaliyyət göstərib. 1938-ci ildə Mərdəkan sanatoriyasının baş həkimi olub. İkinci Dünya müharibəsində könüllü iştirak edib. Kiyev yaxınlığında baş verən döyüşdə əsir düşüb. Əsirlikdən azad olunduqdan sonra Türkiyəyə köçərək ömrünün sonunadək orada yaşayıb.
Həyatı
İlk illəri 200px|thumb|left|İsmayıl Axundov, Həmid Xəlil, Yusif Salahlı və Mürsəl bəy Şahsuvarlı, Münxen, 1923-cü il. Salahlı Yusif Məşədi Hüseyn oğlu 1897-ci il sentyabrın 6-da Şuşada anadan olub. 1905-ci il sentyabrın 1-dən 1918-ci il martın 15-dək Şuşa Real Məktəbində təhsil alıb.
1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Bu dövrdə Yusif bəy Qarabağ general-qubernatorluğunun dəftərxanasında işləyib.
1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.
Yusif Salahlı da xaricdə ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub. 1919-cu il dekabrın 31-də təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. 1920-ci il yanvarın 14-də Yusif Salahlıya Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 554 saylı vəsiqə verilib. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. 250x250px|thumb|Mərdəkan sanatoriyasının baş həkimi Yusif Salahlı və pasiyentlər. Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Yusif Salahlı Almaniyaya gedərək Münxendə Lüdviq-Maksimilian Universitetinin tibb fakültəsində təhsil alıb. 1926-cı il avqustun 21-də universiteti tibb elmləri namizədi dərəcəsi ilə bitirib.
Sonrakı illəri 1927-ci ildə SSRİ-yə gəlib. Müxtəlif tibb müəssisələrində həkim kimi fəaliyyət göstərib. 1938-ci ildə Mərdəkan sanatoriyasının baş həkimi vəzifəsində işləyib. Stalin repressiyaları dövründə dəfələrlə dindirmələrə cəlb olunub. İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Kiyev yaxınlığında baş verən döyüşdə əsir düşüb. Əsirlikdən azad olunduqdan sonra Şərq Regionları Nazirliyinin nəzdində Qafqaz işləri üzrə idarənin Azərbaycan şöbəsində işləyib. Müharibə bitdikdən sonra Türkiyəyə köçüb və İstanbulda yaşamağa başlayıb. 1973-cü ildə İstanbulda vəfat edib.
Ailəsi Yusif bəyin soyu öz başlanğıcını Şuşa şəhər sakini Hacı Salah Məhəmmədhəsən oğlundan götürür. Hacı Salah bəy əslən Baharlı obasındandır. 1795-ci ildə anadan olub, mədrəsədə təhsil alıb, ticarətlə məşğul olub.
Yusif bəyin atası Məşədi Hüseyn Hacı Salah bəyin nəvəsi olub. 1866-cı ildə Şuşada anadan olub. Molla yanında təhsil alıb, ticarətlə məşğul olub və şəhərdə "Qızıllı Hüseyn" kimi tanınıb. Nabat xanım Kərbəlayı Ələkbər bəy qızı Əliverdibəyova ilə ailə qurub. Bu evlilikdən Rəxşəndə, Yusif, Salah, Eyyub, Balaxanım və Sona adlı övladları dünyaya gəlib. Nabat xanım Üzeyir Hacıbəylinin xalasıdır.
Yusif bəy 1931-ci ildə Məryəm xanım Mahmud bəy qızı Hacıyeva ilə ailə qurub. Bu evlilikdən Cəmil, Yavuz və Altay adlı üç oğlu olub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Şuşa real məktəbinin məzunları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları