İbni-Mübarək () kimi tanınan Əbu Əbdirrəhman Abdullah ibn əl-Mübarək ibn Vəzih əl-Hənzəli əl-Mərvəzi () — müsəlman ilahiyyatçı və hədis alimidir.

Bioqrafiyası O, 736-cı ildə Mərvdə anadan olub. Atası türk olan Abdullahın, anasının da türk olması haqqında rəvayətlər var.

O, 20 yaşında İslam elmlərini öyrənməyə başlayır. Onun ilk müəllimi ər-Rəbi ibn Ənəs əl-Xorasani olmuşdur. 758-ci ildən başlayaraq elm axtarışında İslam dünyasını gəzir. Süleyman ət-Taimi, Hişam ibn Urvə, əl-Əməş, Abdullah ibn Əvn, Əvzai, Əbu Hənifə, İbn Cureyc, Süfyan əs-Səvri, Şöbə ibn əl-Həccac, Malik ibn Ənəs, əl-Leys ibn Səd, İsmayıl ibn Əyyaş, Süfyan ibn Uyeynə və bir çox başqalarından hədis öyrənmişdir. Tələbələrinin çoxu ondan hədis nəql etmişlər: Əbu Davud, Yəhya ibn Main, İbn Əbu Şeybə, Əbdürrəzzaq əs-Sənani, Yəhya əl-Qəttan, Əbdürrəhman ibn Mehdi və başqaları.

Abdullah ibn əl-Mübarək 797-ci ildə Ramazan ayının son ongünlüyündə vəfat edir və İraqın qərbindəki Hit şəhərində dəfn edilir.

Əsərləri

Abdullah ibn Mübarəkin qələmə aldığı əsərlər bunlardır:

1. Kitabüz-Zöhd vər-Rəqaiq. Məhəmməd peyğəmbər, səhabələr və tabiin, ibadət, ixlas, təvəkkül, doğruluq, təvazükarlıq, qənaət kimi mövzular haqqında yazılmış əsərdir. Hindistanda (1966) və Livanda nəşr edilmişdir.

2. Kitabül-Cihad. Cihadın fəziləti, savabı və İslamdaki önəmi haqqında hədislərin cəmləndiyi və bu mövzuda qələmə alınmış ilk kitabdır. 262 hədisdən ibarət olan nüsxəsi N. Həmmad tərəfindən nəşr edilmişdir (Beyrut: 1971).

3. Əl-Müsnəd. Hadislə bağlı qələmə alınmış əsərdir. Zahiriyyə kitabxanasında saxlanılır.

4. Kitabül-Bir vəs-sila. Məlum olan yeganə nüsxəsi Zahiriyyə kitabxanasındadır.

5. Əs-Sünən fil-fiqh. Fiqh haqqında yazılmış bu əsər dövrümüzə qədər gəlib çatmamışdır.

6. Kitabüt-Təfsir. Təfsir haqqında yazılmış kitabdır, lakin dövrümüzə qədər gəlib çatmamışdır.

7. Kitabüt-Tarix. Hədis ricalından bəhs edən bioqrafiq əsər olub, dövrümüzə qədər gəlib çatmamışdır.

Mənbələrdə Abdullah ibn Mübarəkin müəllifi olduğu, lakin dövrümüzə qədər gəlib çatmayan başqa əsərlərdən bəhs olunur. Bunlar aşağıdakılardır:

Əl-Ərbaun,

Kitabül-İstizan,

Kitabül-Mənasik.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Tabiinlər Kateqoriya:Hənəfilər Kateqoriya:İslamşünaslar Kateqoriya:Tarixçilər