– Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır.
Tarixi Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır. Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır. Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub. 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir.
Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır. Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir.
Xüsusiyyətlər Parkın ərazisində Troya atının və Nuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi. İstanbulda yerləşən Sadberk Xanım Muzeyindən gətirilmiş eksponatlar əsasında parkda sərgilər təşkil olunurdu.
Atatürk heykəli Parkın əsas xüsusiyyətlərindən biri ev sahibliyi etdiyi Atatürk heykəli olmuşdur. Parkın yaradılması münasibətilə Türkiyənin Yaponiyadakı səfirliyi heykəltaraş Metin Yurdanur tərəfindən hazırlanan bir Atatürk heykəlini parka bağışlamışdır. Bu heykəl parkın simvoluna çevrilmişdir. Atatürkün at belində olduğu bu heykəl 4,2 metr hündürlüyündə, 3,8 metr enində və 4,2 ton ağırlığında olub bürüncdən hazırlanmışdır.
Parkın bağlanmasından sonra heykəlin yeni sahibi Tobita olmuşdur. O, Atatürkün Türkiyənin qurucularından biri olduğunu öyrəndikdən sonra heykəli öz şirkətində saxlamağa başlamışdır. 2009-cu ildə Yaponiya Fondunun prezidenti Sasakava Yoheyin müdaxiləsindən sonra heykəl Tokioya aparılaraq təmir edilmiş və daha sonra Ərtuğrul faciəsinə həsr olunmuş abidənin yerləşdiyi Kuşimotoya aparılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Niiqata prefekturasının parkları və bağları Kateqoriya:Yaponiyadakı əyləncə parkları Kateqoriya:1996-cı ildə yarananlar Kateqoriya:2004-cü ildə ləğv olunanlar Kateqoriya:Türkiyə–Yaponiya münasibətləri Kateqoriya:Kaşivazaki