Hacıağa Məmmədcavad oğlu Nəzərli (Nəzərov) () — Azərbaycan-sovet rəssamı, qrafikaçı və plakatçı rəssam, Azərbaycan SSR əməkdar rəssamı (1982).

Həyatı Hacıağa Məmmədcavad oğlu Nəzərli 17 mart 1923-cü ildə Bakıda mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində anadan olmuşdur. Atası 1930-cu illərin əvvəllərində mətbəə təşkil etmək məqsədilə Cəbrayıl və Qaryagin rayonlarına ezam edilmiş, buna görə Hacıağa Nəzərlinin uşaqlığının bir hissəsi Qarabağda keçmişdir. İlk rəsm işlərini də həmin dövrdə yaratmışdır. Bakıya qayıtdıqdan sonra Pionerlər Sarayının rəsm dərnəyinə yazılmışdır. Hacıağa Nəzərlinin rəssamlığa marağının formalaşmasında atasının əmisi, Peterburqda təhsil almış rəssam Nəcəf Rasim Nəzərlinin də təsiri olmuşdur.

Hacıağa Nəzərli Bakı Rəssamlıq Məktəbində peşəkar rəssamlıq təhsili almışdır. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır. 1944–1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında dekorator işləmişdir. 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini davam etdirmiş və 1951-ci ildə məktəbi bitirmişdir.

Hacıağa Nəzərli 2001-ci ilin may ayında vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Yaradıcılığı Hacıağa Nəzərli 1951-ci ildən müstəqil yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Rəngkarlıq və qrafika sahələrində çalışsa da, yaradıcılığında plakat sənəti əsas yerlərdən birini tutmuşdur. Erkən plakatları arasında "Sov. İKP XX qurultayının direktivlərini yerinə yetirək!", "Sağlamlıq naminə!", "Yaşasın 1 May!" və "İdman ustaları olun!" əsərləri qeyd olunur. 1956-cı ildə "Sov. İKP XX qurultayının direktivlərini yerinə yetirək!" plakatı Moskvada "İzoqiz" nəşriyyatı tərəfindən çap edilmişdir.

Hacıağa Nəzərli 1952-ci ildən respublika rəssamlıq sərgilərində iştirak etmişdir. 1958-ci ildə Ümumittifaq rəssamlıq sərgisində "İdman ustaları olun!" plakatı və "Bakı bulvarı" peyzajı ilə iştirak etmişdir. Həmin dövrdə Cəfər Cabbarlının "Sevil" pyesinin motivləri əsasında illüstrasiyalar silsiləsi də hazırlamışdır.

Hacıağa Nəzərli plakat yaradıcılığında sənaye, kənd təsərrüfatı, ictimai həyat və sülh mövzularına müraciət etmişdir. Onun "Daşkəsən", "Çörək", "Plandan artıq!", "İstehsalatdan təhsilə", "Səadət", "Sülh", "M. F. Axundov", "Həmişə Vətənə sadiq!", "Həmişə ayıq-sayıq!", "Güc həmrəylikdədir!" və "Lenin bayrağı sarsılmazdır!" plakatları bu sahədəki əsərləri sırasına daxildir. Hacıağa Nəzərlinin Cəfər Cabbarlının xatirəsinə həsr etdiyi portret-plakatı da olmuşdur. Hacıağa Nəzərli həmçinin Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş film üçün eyniadlı kinoplakat hazırlamışdır.

Hacıağa Nəzərlinin "Sağlamlıq naminə!" plakatı Moskvada keçirilən Ümumittifaq plakat sərgisinin diplomuna, "Səadət" plakatı isə İrəvanda keçirilən Sovet Zaqafqaziyası plakatçı rəssamlarının yaradıcılıq konfransında diploma layiq görülmüşdür. Hacıağa Nəzərli dəfələrlə ümumittifaq və respublika rəssamlıq sərgilərində iştirak etmişdir.

Hacıağa Nəzərlinin digər plakat əsərləri arasında "O olmasın, bu olsun" (1959), "Cəfər Cabbarlı" (1960), "Onlara sülh lazımdır" (1961), "M. F. Axundov" (1962), "M. F. Axundov — 150" (1963), "Səadət" (1963), "Qoy həmişə bahar olsun" (1965), "Yaz gəldi, səpinə başla" (1968), "Həmişə sülh olsun" (1980), "Ağ şanı, qara şanı" (1980) və "Elin süfrələrini bəzər meyvələr" (1984) qeyd olunur.

Hacıağa Nəzərli plakat sənəti ilə yanaşı dəzgah rəngkarlığının portret, peyzaj və natürmort janrlarında da əsərlər yaratmışdır. Portret əsərləri arasında "Şair İsmayıl bəy Nakamın portreti" (1961), "Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun portreti" (1966), "Şair Mikayıl Müşfiqin portreti" (1970), "Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda" (1980) və "Hüseyn Cavid" (1983); peyzajları arasında "Qarlı gün" (1957), "Buzovna mənzərəsi" (1958), "Lahıc mənzərəsi" (1959), "Yağışdan sonra" (1959), "Yaylaq" (1979), "Dağlar" (1980), "Mavi dağlar" (1980), "Günəşli gün" (1980) və "Dağ çayı" (1980); natürmortları arasında isə "Mis qablar" (1976), "Güllər" (1980) və "Çörəklə natürmort" (1983) vardır.

Hacıağa Nəzərli Məhcur Şirvaninin "Qisseyi-Şirzad" poemasına (1962) da illüstrasiyalar çəkmişdir.

Hacıağa Nəzərli yaradıcılıq fəaliyyəti dövründə Azərbaycanın müxtəlif rayonlarına, SSRİ respublikalarına, həmçinin Hindistan, Bolqarıstan, Yuqoslaviya, Avstriya, Malayziya və Sinqapura yaradıcılıq ezamiyyətlərinə getmişdir. 1973 və 1981-ci illərdə Bakıda Hacıağa Nəzərlinin fərdi sərgiləri keçirilmişdir. Yuqoslaviyaya yaradıcılıq səfərindən sonra 1981-ci ildə Dostluq Evində "Yuqoslaviya" adlı fərdi sərgisi təşkil olunmuş, sərgidə "Sarayevoda monastır", "Adriatik dənizi", "Məscid. Yuqoslaviya", "Sarayevoda bazar", "Nesembrda küçə", "Loveçdən bir görünüş" və digər əsərləri nümayiş etdirilmişdir.

Hacıağa Nəzərli Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində 50 ildən artıq iştirak etmiş, cəmiyyətin veteranı və fəxri üzvü olmuşdur. Hacıağa Nəzərlinin Qızıl Xaç və Qızıl Aypara Hərəkatına həsr etdiyi iki plakat SSRİ Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti İcraiyyə Komitəsi tərəfindən qiymətləndirilmiş və beynəlxalq sərgidə nümayiş etdirilmişdir. Bu əsərlərdən biri "Donor başqalarına həyat bağışlayır", digəri isə "Planetin bütün insanlarına təmiz səma" adlanırdı.

Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982

Xatirəsi Hacıağa Nəzərlinin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, xarici ölkələrin muzeyləri və şəxsi kolleksiyalarda saxlanılır. Xızı rayonunda fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzi Hacıağa Nəzərlinin adını daşıyır.

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları