Dəməşq döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı, 15 iyul 2012-ci ildə Suriyanın paytaxtı Dəməşqə başlayan döyüş. Döyüşün kim tərəfindən başladığı məlum deyil. Müəyyən mənbələrə görə, yüzlərlə üsyançı şəhərə qonşu rayonlardan soxulmuşdur. Müxalifət bundan sonra Dəməşqi ələ keçirmək üçün kütləvi hücuma keçmişdir. Digər mənbələr hökumət qoşunlarının təşəbbüsü ələ keçirmək və hərbi üstünlük əldə etmək üçün ilk hücuma keçdiyini bildirmişdilər. Üsyançılara yaxın mənbələr sızdırılmış döyüş planına görə, əməliyyatın vaxtından əvvəl başladığını qeyd etmişdir.
Paytaxtın bir neçə rayonunu ələ keçirən üsyançıların ilkin hücumları uğurlu olmuşdur. Şəhərin mərkəzində bombalı hücumda 4 yüksək rütbəli hökumət üzvünün həlak olmasından sonra hökumət qoşunlarının şiddətli əks-hücumları nəticəsində müxalifət qüvvələri geri çəkilməyə məcbur qalmışdır. 3 həftə davam edən döyüşlərdən sonra paytaxt yenidən faktiki olaraq rejim qüvvələrinin nəzarətinə keçmişdir. Döyüşlər zamanı Dəməşqin mərkəzində geniş miqyasda tanklar və helikopterlərdən istifadə edilmişdir. Şəhərin bəzi hissələri xarabalığa çevrilmişdir.
İstinadlar
Kateqoriya:2012-ci ildəki münaqişələr Kateqoriya:2012-ci ildə Suriya Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Dəməşq Kateqoriya:2016-cı ildəki münaqişələr