Ayətullah Şəriətmədari hərəkatı (; ) —‎ böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur. Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir.

Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlıları və kürdləri Təbrizdə, Urmiyada, Ərdəbildə və Germidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir.

Qiyamı yatırmaqda çətinlik çəkən Ruhullah Xomeyni Şəriətmədari ilə görüşmüş, burada Təbrizin bombalanması ilə bağlı təhdidlər etmişdir. Azərbaycanda gerilla müharibəsinin imkanlarının az olmasından və kürdlərin mart üsyanında baş vermiş qətliamların təkrarlanmasından narahat qalmış Şəriətmədari etirazçıları çəkilməyə çağırmışdır. Buna baxmayaraq, hökumət qüvvələrinin bağlanmış sövdələşməyə əməl etməməsi səbəbindən vəziyyət yenidən gərginləşmişdir.

Çox keçməmiş, "SEPAH" qüvvələri nəzarəti bərpa etmiş və MXRP fəallarının, həmçinin onlarla əməkdaşlıqda ittiham edilən hərbçilər repressiyaya məruz qalmışdır. MXRP 1980-ci ildə fəaliyyətini dayandırmalı olmuş, Şəriətmədari özü isə 1982-ci ildə Xomeyniyə qarşı sui-qəsd cəhdində iştirak etmək ilə günahkar bilinmişdir və bundan onun nüfuzunun azaldılması üçün istifadə edilmişdir. Şəriətmədarinin ev dustaqlığında saxlanılması və tibbi ləvazimatlardan məhrum buraxılması etirazlara səbəb olmuşdu, lakin Şəriətmədari ardıcıllarını mübarizəni dayandırmağa çağırmışdır. Ayətullah Şəriətmədari 1986-cı ildə vəfat etmişdir.

Zəmin

Pəhləvi İranında azərbaycanlılar Etnik azlıqlar üç səbəbə görə İran İslam İnqilabında xüsusilə mühüm rol oynamışdılar. Birincisi, etnik azlıqlar İranın müxtəlif yerlərində öz aralarında əlaqə şəbəkələri yaratmışdılar və bu, onları inqilabın rejim əleyhinə fəaliyyətləri üçün səfərbər edilməsi nisbətən asan olan qüvvəyə çevirmişdir. İkincisi, etnik azlıqlar onların etnik mədəniyyətini sıxışdıran və farsların üstünlük təşkil etdiyi Tehrana iqtisadi üstünlüklər verən Pəhləvi rejimindən narazı qalmışdılar. Nəhayət, bir çox azərbaycanlı və kürd ailələrinin 1946-cı ildə yerli hökumətlərin süqutundan sonra rejim tərəfindən öldürülən və ya sürgün edilən qohumları var idi.

Azərbaycanlılar İranda Pəhləvi rejimini devirməyə çalışan ən fəal qruplardan biri, Təbriz isə inqilabi fəaliyyət mərkəzlərindən biri idi. İranda inqilabı dəstəkləyən azərbaycanlıların əksəriyyəti bunun demokratikləşməyə gətirib çıxaracağını gözləyirdi və islam hökumətinin Xomeyni versiyasına üstünlük verənlər istisna olmaqla, əksəriyyəti demokratikləşmənin tam mədəni muxtariyyətə gətirib çıxaracağına, heç olmasa etnik azlıqların mədəniyyətinə və dilinə qoyulan qadağaya son qoyacağına inanırdılar.

Erkən dövrlərdə azərbaycanlılar arasında inqilabi hislərin yayılmasına kömək edən amillərdən biri də 1960–1970-ci illərdə onların kəndlərdən Azərbaycan vilayətlərinin iri şəhərlərinə və Tehrana kütləvi şəkildə köçməsi idi. Həmin dövrdə İranın şəhər mərkəzlərinə miqrantların ən böyük faizi Azərbaycan vilayətlərindən gəlirdi. Burada yüksək doğum səviyyəsi və yeni iş yerlərinin olmaması izafi işçi qüvvəsi yaradırdı. Bu miqrantların bir çoxu Tehran və Təbrizə bitişik gecəqondularda ağır şəraitdə yaşayırdılar, çünki burada tərk etdikləri ənənəvi kəndlərin dəstəyi və məhdudiyyətləri yox idi. Gecəqondularda doğulan uşaqlar valideyn evinin adət-ənənələrindən daha da uzaqlaşdırılırdılar. Bu şəraitdə miqrantlar inqilabi fəaliyyətə səfərbər olunurdu. Bundan əlavə, ölkənin farsların çoxluq təşkil etdiyi mərkəzində ilk dəfə olaraq bir çox azərbaycanlı farslar tərəfindən ikinci dərəcəli vətəndaş rəftarı və təhqirlərə məruz qalmışdılar. Bu, onların rejimdən uzaqlaşmasına səbəb olmuşdur. Pəhləvilərin periferiyaya, xüsusən də Azərbaycana iqtisadi ayrı-seçkilik, habelə etnik azlıqların mədəniyyətinin boğulması ilə bağlı dövlət siyasəti azərbaycanlılar arasında inqilabın dəstəklənməsinə kömək etmişdi. İnqilabi fəalların əhəmiyyətli bir hissəsini azərbaycanlıların təşkil etməsinə və Təbrizin antişah nümayişlərinin mərkəzi olmasına baxmayaraq, Pəhləvi rejiminin özəyində azərbaycanlılara rast gəlmək olardı.

İran İslam İnqilabı

İranda ən çox azərbaycanlının yaşadığı Təbriz şəhəri Pəhləvi rejiminin süqutunu sürətləndirən inqilabi fəaliyyətin mərkəzi idi. Azərbaycanlılar rejimin öz fəaliyyətlərini zəiflətməsindən etnik kimliklərini ifadə etmək və etnik mənsubiyyətə əsaslanan iddialar irəli sürmək üçün istifadə etmiş, Azərbaycan dilində çoxlu nəşrlər çıxarmağa başlamışdılar. Təbriz Universiteti bu dövrdə hökumətə qarşı ən aqressiv fəaliyyətin mərkəzi idi. 1977-ci ilin dekabrından başlayaraq tələbələr Pəhləvi rejiminə qarşı etiraz dalğası qaldırmışdılar.

5 dekabrda universitetin girişində toplaşan tələbələr Azərbaycan dilində "Biz demokratiya tələb edirik!" və "Biz azadlıq tələb edirik!" şüarları ilə çıxış etmişdilər. Tələbələr ən mühüm nümayişlərindən birini təşkil etmək üçün 12 dekabr, yəni İran təqvimində 21 Azər tarixini seçmişdilər. Bu tarix 1945–1946-cı illərdə İranda Azərbaycan Milli Hökumətinin həm yarandığı, həm də süqut etdiyi günün yubileyi olduğu üçün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edirdi. Onların şüarlarının əksəriyyətinin iranlıların ümumi məqsədlərini müdafiə etməsinə baxmayaraq, nümayişlərin keçirilməsi üçün seçilmiş tarix onların azərbaycanlı kimliyini və sələflərinin mübarizələrinə verdikləri önəmi nümayiş etdirirdi. Etnik siyasi fəaliyyətin hər hansı əlamətinə həssaslıqla yanaşan Pəhləvi rejimi "İttilaət" qəzetində nümayişin 19 dekabrda baş tutduğunu yazmışdır.

İran Azərbaycanında hökumət əleyhinə nümayişlər təkcə Təbrizlə məhdudlaşmırdı. 1978-ci ilin fevralında tələbələr Urmiyanın Rzayi Universitetində bir sıra nümayişlər keçirmişdilər. 1978–1979-cu illərdə azərbaycanlı aşıqlar tez-tez İranda avtobuslara minərək öz şeirləri ilə inqilabı təbliğ edirdilər. 18 fevral 1978-ci ildə Təbrizdə şah rejiminə qarşı fəaliyyət yeni mərhələyə qədəm qoymuşdur. 9 yanvarda Qumda təxminən 162 nümayişçinin öldürülməsinə cavab olaraq Ayətullah Şəriətmədari İran xalqını qurbanlar üçün matəmin 40-cı günündə tətillər keçirməyə çağırmışdır. Nümayişlər ölkə boyu keçirilmişdir, lakin Təbrizdəki etiraz onlardan ən şiddətlisi və zorakısı olmuşdur. Təbrizdə baş verən hadisələr İranın hər yerində silsilə iğtişaşlarla müşayiət olunmuş və bu, Pəhləvi rejimi ilə qarşıdurmanın səviyyəsini artırmışdır. Təbrizdə keçirilən nümayiş "Təbriz qətliamı"nı xatırlamaq üçün İranın hər yerində qırx günlük oxşar aksiyaların başlanğıcı olmuşdur.

Təbriz etirazlarından sonra bütün İranda şah əleyhinə fəaliyyət başlamışdır. Bu, Pəhləvi rejiminin nəzarətini məhv edən katalizatorlardan biri idi. Tehranda azərbaycanlı bazarçılar Qumdakı qətllərə etiraz olaraq bazarda tətil təşkil etməkdə mühüm rol oynamışdılar. Azərbaycanlılar belə bir aksiyaya öz etirazını bildirən Tehranın o zamankı ən yüksək rütbəli dini lideri Ayətullah Xonsarinin göstərişlərinə məhəl qoymayaraq tətili dəstəkləyən bəyanat yaymışdılar. Bununla belə, əsas etnik azərbaycanlı ayətullah Şəriətmədari etiraza çağırış etmişdir.

Təbriz Universitetində bir tələbənin öldürüldüyü tələbə aksiyası ilə həmrəylik əlaməti olaraq Təbrizin əsas bələdiyyə bazarı 13 aprel 1978-ci ildə fəaliyyətini dayandırmışdır. 8 mayda universitetdə növbəti nümayiş keçirilmişdir. Bu nümayiş zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmada daha bir tələbə həlak olmuş, 22 nəfər isə ağır yaralanmışdır. Universitetin əksər müəllim və əməkdaşları tələbə etirazlarını dəstəkləmişdir. Yas zamanı bir çox azərbaycanlı qəzəblənmişdir. 10 may 1978-ci ildə hökumət qüvvələri ənənəvi olaraq hörmət edilən, dini liderlərin evlərində sığınacaq ilə bağlı hüququ pozmuşdur. Onlar bir qrup etirazçını təqib edərək Ayətullah Şəriətmədarinin Qumdakı evində iki ilahiyyatçı tələbəni güllələmişdilər. İnqilabın ən böyük nümayişlərindən biri 10 dekabrda Təbrizdə baş tutmuşdur. Bu aksiyada 700 min insan iştirak etmişdir. Həmin gün Ərdəbil və Zəncanda da böyük nümayişlər keçirilmişdir. 18 dekabrda Təbrizdə 15 min etirazçı aksiya keçirmiş, vəzifəsi nümayişləri yatırmaq olan Təbriz qarnizonunun əsgərləri də aksiyaya qoşulmuşdur. Daha sonra nümayişlərə əlavə əsgərlər də qoşulmuşdur. 8 yanvar 1979-cu ildə Təbrizdə şiddətli nümayişlər başlamış, nümayişçilər bir çox ictimai binaları yandırmışdılar. Şah Məhəmməd Rza Pəhləvi 16 yanvarda İranı tərk etmişdir.

Hadisələrin gedişatı

Şəriətmədari və MXRP

Keçmişdə olduğu kimi, etnik qrupların nümayəndələri öz etnik qruplarına mənsub olan ayətullahların fikirlərini izləməyə və qəbul etməyə daha çox meyilli idilər. İnqilab dövründə bir çox ənənəvi və dünyəvi azərbaycanlılar Ayətullah Məhəmməd Kazım Şəriətmədariyə böyük hörmət bəsləyirdilər. Şəriətmədari İran və İraqda on iki imam şiələrinin ən yüksək səviyyəli aparıcı din xadimlərindən biri idi, öz perspektivi və liberal baxışları ilə tanınırdı. Ayətullah Şəriətmədari yeni rejimin bir hissəsi deyildi və İslam Respublikasında siyasi mövqe tutmağa çalışmırdı. O hesab edirdi ki, ruhanilər peşəkar siyasətçiyə çevrilməməli, onlara məsləhət və kömək etməli idilər. Ruhanilərin siyasətdə arzuolunan rolu və rejimin mərkəzləşmə dərəcəsi ilə bağlı mübahisə Ayətullah Şəriətmədari ilə Ayətullah Xomeynini bir-birindən ayıran əsas məsələ idi. İranda rejimin mərkəzləşməsinə qarşı mübarizədə Şəriətmədari ömrünün çox hissəsini Azərbaycan vilayətlərində keçirmiş bir etnik azərbaycanlı kimi öz keçmişinin təsiri altında olmuşdur.

1979-cu ilin aprelində Təbrizdə Azərbaycan xalqlarının hüquq və azadlıqlarının müdafiəsi cəmiyyəti təsis edilmişdir. Onun tələbləri arasında azərbaycanlılara bütün milli hüquqların təmin edilməsi, Qərbi və Şərqi Azərbaycan ostanlarının vahid inzibati vahiddə birləşdirilməsi, yerli maliyyə və mədəni məsələləri həll etmək hüququna malik muxtar hökumətin yaradılması da var idi. Böyük ayətullah Şəriətmədari Tehranda hakim dini elitaya qarşı idi. İranda azərbaycanlılar Şəriətmədarinin onların spesifik maraqlarını təmsil etdiyi qənaətində idilər. İslam İnqilabının lideri Ayətullah Xomeyni sürgündə olduğu dövrdə İranda əsas dini hakimiyyət sayılırdı. Mömin azərbaycanlıların əksəriyyəti onun ardıcılları arasında idi. Azərbaycan milliyətçiləri Xomeyni ilə Şəriətmədari arasındakı fikir ayrılıqlarından istifadə etməyə çalışırdılar. Sonuncuya Təbriz Universitetində yaradılmış "Pişqaman" () qrupu dəstək verirdi. Cənubi Azərbaycanda yerli muxtariyyət yaratmağa çalışan tələbələr və fəhlələrdən ibarət idi.