Yaqublu — Azərbaycan Respublikasının Oğuz rayonunun Yaqublu kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Azərbaycan Respublikasında "Yaqublu" toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik, lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur.

Haqqında bəhs edilən Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz–Mingəçevir–Yevlax–Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan– Əyriçay çökəkliyində yerləşir.

Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə "Yakublu" formasında, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin "XIV–XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında rastlaşırıq.

Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində "Yaqublu" toponiminin tərkibindəki "Yaqub" sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası "ardınca, dabanbasdı, izi ilə gələn" kimi izah olunur. Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bunların heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.

"Yaqublu" toponimi türk mənşəli toponimdir. Bu baxından da sözün Onkin və Orxon abidələrində, M. Qağanqatlının "Alban tarixi" əsərində işlənmiş "Yabğu" ("Yabqu"), "Kitabi–Dədə Qorqud"dakı "yapaqlu", "yavuq" və yavuqlu", Altay dillərindəki "yaq" və "qu", Oğuz Yabgu dövləti (Oğuz yabğululuğu), Oğuz dövlətinin rəhbərlərindən olan yabğu (titul bildirirdi, xaqandan sonrakı şəxs), tədqiqat əsərlərində rastlaşdığımız "sağ və sol yabqular" ifadələri, tayfa adları Yaqublu və Yoloqlu; Ermənistandakı tirə adı Babayaqublu, Ş. İ. Xətainin mürşidi Miskin Abdalın doğma kəndi Sarıyaqub, həmçinin Ermənistan və Gürcüstandakı məşhur Şadmanlı, Kosalı, Oğuz–türkmən və avşar tayfalarının bir qolu olan "yaqublular"; kənd adları Yaqubkənd, Yaquboğlu (qışlağ), Yaquboba, Yaqupi, Yaqub və s. kimi onlarla belə titul, şəxs, yer, tayfa, oymaq, qol və tirə adları ilə səsləşməsini təsadüfi hesab etmək mümkün deyil.

Ona görə ki, birincisi, bu titul, şəxs, yer, tayfa, oymaq, qol və tirə adlarına daha çox Azərbaycan xalqının yaşadığı və Azərbaycan dövlətlərinin idarə etdiyi məmləkətdə (o cümlədən, bəzi türk dövlətlərində) rast gəlirik. İkincisi, həmin şəxs, titul, yer, tayfa, oymaq, qol və tirə adlarının hamısının daşıyıcıları əsasən azərbaycanlılardır (və ya digər bəzi türk xalqlarıdır). Üçuncüsü, həmin şəxs, yer, tayfa, oymaq, qol və tirə adları həm tarixilik, həm də müasirlik baxımından Azərbaycan dilinin (türk dillərinin) fonetik, morfoloji və leksik–semantik xüsusiyyətlərini tam əks etdirir.

Dilçi alimlərin əksəriyyətinin tədqiqatları da bir mənalı olaraq göstərir ki, "Yaqublu" qədim arxaik sözlərimiz əsasında formalaşmış türk-Azərbaycan mənşəli ad, soyad və toponimdir. Təsadüfi deyil ki, akademik A. Qurbanov onu "keçmişin izlərini özündə bariz şəkildə saxlayan" toponimlərin sırasına aid edir. Filologiya elmləri doktoru A. Paşayev də "Yaqublu" sözünün dilimizin morfoloji xüsusiyyətlərini tam əks etdirdiyini və türk mənşəli qədim oykonim (yaşayış məntəqəsinin adını bildirən xüsusi isim) olduğunu qeyd edir. Gürcüstan MA-nın həqiqi üzvü, professor Ş. Məmmədli isə həmin sözü "osmanlı kökənli" hesab edir.

Akademik, coğrafiya elmləri doktoru B. Ə. Budaqov və Azərbaycan Respublikası Milli Məclisinin toponomiya komssiyasının tanınmış üzvlərindən, tarix elmləri doktoru Q. Ə. Qeybullayevin "Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti"ndə "Yaqublu" adının qədim türk dillərində "şahzadə" və "başçı" mənalarında işlənən "yabğu"("yağbu") sözündən yarandığı göstərilir. Filologiya elmləri doktoru M. Çobanlı və filologiya elmləri namizədləri M. Borçalı və H. Çobanova da bu fkirlə razılaşırlar. Maraqlıdır ki,"Türk folkloru dünya alimlərinin gözü ilə" tədqiqat toplusunun I hissəsində də "Yabqu" ("Yabğu") həm toponim, həm də şəxs adı kimi göstərilir. 

Başqa bir mənbədə isə Yaqublu toponimi "Kitabi–Dədə Qorqud"dan bizə tanış olan, Ş. İ. Xətainin əsərlərində də rastlaşdığımız "yavuq" və "yavuqlu" (yaxın, yaxınlıq) sözləri ilə əlaqələndirilir; "yavuq" sözü ilə "–lu" şəkilçisindən formalaşdığı və sonralar "Yaqublu" kimi sabitləşdiyi (Yavuqlı – Yavıqlı – Yavıxlı – Yaquplu – Yaqublu) qeyd olunur. Türkiyəli araşdırmaçı, doktor Rəcəb Albayraq Hacaloğlu "Borçalı toponimləri" əsərində bu fikri təsdiq edir. 

Şair–araşdırmaçı Y. Rzayev "Mingəçevir işıqları" qəzetində dərc olunmuş "Günəş doğanda da gözəldir, qürub edəndə də…"adlı məqaləsində dilin mənşəyi haqqında monogenezis nəzəriyyəsinə istinad edərək yazır ki, Yaqub sözü maq–oğuz–Azərbaycan sözüdür. Mənası "qürub edən Günəş kimi parlaq" deməkdir. Mənbələrdə Yaqub sözünün qədim türk sözü olub, "ya" (günəş anlamında) və "qürub" komponentlərindən formalaşdığı da qeyd olunur.

"Yaqublu" toponiminin tərkibindəki türk mənşəli "Yaqub"un, yəhudi adı olan Yakovun (İakovun) ərəb forması "Yaqub"la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir. 

Ümumiyyətlə, türklər arasında "Yaqub"un şəxs adı kimi işlənməsi tarixi çox qədimlərə gedib çıxır.

Toponimin tərkibindəki –lu şəkilçisi isə –luk4 şəkiçisinin törəməsi olub, türk mənşəli qədim şəkilçidir. Sonluğu –lı4 şəkilçiləri ilə bitən soyadlara qədim mənbələrində də rast gəlmək mümkündür. Məsələn, Xivəli Əbülqazi Bahadır xanın "Şəcəreyi–tərakimə" əsərindən aydın olur ki, Oğuz xanın 6 oğlundan dünyaya gələn törəmələrinin bəzilərinin adları dördvariantlı –lı4 şəkilçiləri ilə işlənmiş və Turbatlı, Kəraylı, Sultanlı, Oklı, Kokli, Suçlı və s. olmuşdur. Orta əsərlərdə bu şəkilçinin yer adlarına əlavə edilərək şəxs adları ilə qoşa işlənməsi isə daha intensiv hal almışdır. Məsələn, Y. Balasaqunlu, A. Ərdəbilli, A. Tufarqanlı, X. Q. Tikmədaşlı və s.

M. Xınaluqinin yuxarıda adı çəkilmiş əlyazmasında, osmanlı idarəçiləri tərəfindən tərtib edilmiş "Tiflis və İrəvan əyalətlərinin müfəssəl dəftərləri"ndə, həmçinin XIX əsərin əvvəllərindən başlayaraq rus cinovnikləri tərəfindən Şəki qəzasında aparılmış kameral təsvirlərdə də toponimin –lu şəkilçisi ilə qoşa işləndiyini görürük.

Akademiklərdən A. Qurbanov, tədqiqatçı alimlər O. T. Molçanova, S. Cəfərov, T. Əhmədov və başqaları qeyd edirlər ki, "–lu4" şəkilçisi həm də şəxs, tayfa, nəsil, tirə adlarına qoşularaq, onlara mənsub (törəmə, yaxın, qohum) mənası ifadə edən düzəltmə etnonimlər (xalqların, millətlərin, qəbilələrin, qəbilə və etnik birliklərin adı) əmələ gətirir.

"Yaqublu" oykonimi xalqımızın etnogenezinin formalaşmasında ciddi və əhəmiyyətli rol oynamış şəxs, tirə, qol, boy, oymaq, nəsil və tayfa adları ilə sıx bağlıdır. Antrotoponim (şəxs adlarından əmələ gələn coğrafi ad) əsasında əmələ gəldiyi açıq–aşkar görünür. "Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar" anlamındadır.

H. Çobanova öz dissertasiyasında göstərir ki, osmanlı idarəçiləri tərəfindən 1728-ci ildə tərtib edilmiş "Tiflis əyalətinin müfəssəl dəftəri" və "İrəvan əyalətinin müfəssəl dəftəri"ində 2 və 3 Yaqublu oymağının adı çəkilir. Hər iki sənəddə qeyd edilir ki, Yaqub adlı şəxs Kosalı tayfasının yaqublular qoluna mənsub olub. O qeyd edir ki, yaqublular Qərbi Azərbaycandan bütün Azərbaycana və Gürcüstana səpələnmiş və məskunlaşdıqları yerləri əvvəlki yaşayış yerinin adı ilə adlandırmışlar.

Toponimin müxtəlif mikro və makroareallarda təkrarlanmasının əsas səbəbi eyni yer, tayfa, oymaq və tirədən çıxmış nümayəndələrin yeni saldıqları yaşayış məntəqələrinə əvvəlki məntəqələrin adlarını vermək cəhdindən irəli gəlir. Bu, artıq toponimikada əsaslandırılmışdır.

Yaqublu areal (birdən çox coğrafi obyektin adını bildirən) toponimdir. Bu kənd yuxarıda qeyd etdiyimiz şəxs, yer, tayfa, oymaq, qol və tirə nümayəndələri tərəfindən düşərgə, köç və ya qışlaq yeri kimi salınmış, sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. İlk sakinlər kəndə ya çıxdıqları əvvəlki yaşayış məntəqəsinin, ya onları bu əraziyə gətirən şəxsin, ya da mənsub olduqları tayfa, oymaq, qol, boy və tirənin adını – Yaqublu adını vermişlər. Beləliklə, hansı məntəqə və tayfa, oymaq, qol, boy və tirədən olduqlarını nəzərə çatdırmaq istəmişlər. Bunlar toponim yaradıcılığında daha qanunauyğun hal sayılır.

Tarixi Kəndin 300–400 metrliyindəki qədim kurqanlar (Vardanlı (Kərimli) kurqanları nəzərdə tutulur) və qazınti zamanı oradan tapılmış son tunc dövrünə aid eksponatlar bu ərazinin çox qədimdən yaşayış məskəni olduğunu sübut edir.

Hələlik məlum olan və Yaqublunun yaşayış məskəni kimi adının çəkildiyi son mənbə kəndin ən azından 600 ildən artıq yaşı olduğunu göstərir. Belə ki, Quba rayonu Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış tarixçi Mahmud Xınaluqi "XIV–XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında qeyd edir ki, Şirvanşah Sultan Gerşasp Vardanlı, Yaqublu və Söyüdlü kəndləri müstəsna olmaqla, Ağdaş mahalını qohumu Qaytaq əmrinin oğluna (bacısı oğlu – İlçav Əhməd bəyə) öz məişətini təmin etməsi üçün vermişdi.

Əlyazmanın təhlili və hadisələrin Əmir Teymurun dövrünə təsadüf etməsindən belə məlum olur ki, Xınaluqi Sultan Gerşasp dedikdə İbrahim Dərbəndini (1382–1417) nəzərdə tutmuşdur.

Digər bir mənbədə də kəndin yuxarıda göstərilən dövrdə mövcud olduğunu görürük. Belə ki, rayon ərazisindəki Calut monastırının tarixindən də bəhs olunmuş bu mənbədə adı çəkilən monastırın katolikoslarından birinin, etnik udi olan Aristakesin (1511–1516-cı illərdə katolikosluq edib) 1516-cı ildə Oğuz rayonunun indiki Yaqublu kəndində ("svoey rodine") vəfat etdiyi və burada dəfn edildiyi göstərilir.

Başqa bir tarixi mənbədə də Yaqublu kəndinin adına rast gəlirik. 1701-ci ilə aid olan və erməni kilsə arxivində saxlanılan, Səfəvi Şahı Sultan Hüseynə ünvanlanmış bu sənəddə görürük ki, 1701–1728-ci illərdə katolikosluq etmiş udi Yesai Həsən Cəlalyan Şəki və Şirvandakı qriqoryanlaşdırılmış udi və tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını Eçmədzin (Üçkilsə) kilsəsinin əlindən almaq istəyirmiş. Bu məqsədlə şaha ünvanlanmış həmin ərizəyə öz möhürünü basanların içərisində Yaqublu udiləri – kəndin kəndxudası Simeonun və keşişi Nerses Bəynəzərin adlarını da oxuyuruq. Maraqlıdır ki, həmin ərizədə göstərilənlərin həqiqiliyi Padar və Ərəş mahalının məliyi Məlik Şəhabəddin tərəfindən də təsdiq edilmişdir.

1819-cu ilə aid olan "Şəki vilayətinin təsviri" adlı başqa bir mənbədə də Yaqublu kəndinin Şəki mahalında yaşayış məntəqəsi kimi mövcud olduğunu görürük. M. Barxudaryantsın 1893-cü ildə yazdiği "Albaniya (Аlyank) ölkəsi və onun qonşuları" kitabında da Yaqublu haqqında məlumat verilir .

Bizim eranın əvvəllərindən Qafqaz Albaniyasının tərkibində olduğu ehtimal edilən Yaqublu kəndi IX əsrdən XVI əsrin ortalarınadək Şirvanşahlar və XVI–XVIII əsrlərdə Səfəvilər dövlətlərinin, XVIII əsrin sonlarından XIX əsrin 30-cu illərinədək Şəki xanlığının, Azərbaycan çar Rusiyası tərəfindən işğal olunandan sonra – 1840-cı ildən Kaspi vilayətinin Nuxa əyalətinin, 1846-cı ildən Şamaxı quberniyasının, 1859-cu ildən Bakı quberniyasının, 1867-ci ilin sonlarından isə Yelizavetpol quberniyasının Nuxa və Ərəş qəzalarının tərkibində olmuşdur.

1824-cü ildə aparılmış siyahıyaalmada kənd Nuxa qəzasının Nuxa mahalına, sonrakı dövrlərdə isə qəzanın Xaçmaz sahəsinə aid edilmişdir.

Vartaşen (Oğuz) məktəbinin keçmiş müdiri, tədqiqatçı M. Bejanovun 1896-cı ildə Tiflisdə çap etdirdiyi "Xlebopaşestva v Nuxinskom i Areşskom uezde" məqaləsindən ("Kafkazskoye selskoye xozyaystvo", 1986, № 146) və Qafqaz Statistika Komitəsinin statistika şöbəsinin baş redaktoru D. D. Paqirevin 1914-cü ildə Tiflisdə çap etdirdiyi "Alfavitnıy ukazatel k pyativerstnoy karte Kavkaza"(səh:305) əsərindən Yaqublu kəndinin bu illərdə də mövcudluğunun şahidi oluruq.