Təranə Eyvaz qızı Bayramova () — Azərbaycan alimi, həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru (2015), Mərkəzi Gömrük Hospitalı Mama-ginekologiya şöbəsinin rəisi (2012), Gömrük Tibb Xidməti Polkovnik-leytenantı (2023).
Həyatı Təranə Bayramova 15 fevral 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Nəriman Nərimanov rayonunda yerləşən 82 saylı orta pilot məktəbinin birinci sinfinə getmişdir, 1987–1988-ci illərdə fizika, kimya fənləri üzrə keçirilən şəhər olimpiadasında I yeri tutmuşdur. 1989-cu ildə orta məktəbi bitirmişdir.
1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1995-ci ildə fakültəni əla qiymətlərlə müalicə işi ixtisası üzrə bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə, azad təyinatla mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunmuşdur. 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına (mütəxəssislik) yiyələnmişdir.
1998–1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəhər Onkoloji dispanserində onkoloji ginekologiya şöbəsində internatura keçərək, onkoginekoloq ixtisası almışdır. 1999-cu ilin fevral ayından etibarən Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu "Ana, Döl, Uşaq Sağlamlığının mühafizəsi" şöbəsində kiçik elmi işçi, həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuşdur.
İyun—dekabr 2000-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi göndərişi ilə Türkiyədə ixtisaslaşma keçmək üçün Ankara şəhəri Dr. Zekai Tahir Burak Qadın sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasına ezam olunmuşdur. Bu müddət ərzində kolposkopiya, laparoskopiya, histeroskopiya, sonsuzluğun diaqnostika və müalicəsi, obstetrik və ginekoloji ultrasəs kurs və təlimlərini müvəffəqiyyətlə bitirmişdir.
2000-ci ildə Azərbaycana qayıdaraq, 2000–2010-cu il tarixləri arası Mərkəzi Klinik Xəstəxananın Mamalıq-ginekologiya şöbəsinin təşkilində, gənc həkim kadrlarının hazırlığında və endoskopik ginekoloji cərrahiyyənin, süni mayalanma mərkəzinin yaradılmasında aktiv iştirak etmişdir. Azərbaycanda 2000-ci ildən etibarən ilk ginekoloji endoskopik: laparoskopik və histeroskopik əməliyyatları icra etmişdir. İlkin olaraq 2002-ci ildə laparoskopik total histerektomiyanı LigaSure ilə həyata keçirmişdir.
30 aprel-2 iyul 2003-cü il tarixlərində Türkiyə Respublikası İstanbul Memorial Hastanesi Yardımçı Üreme Teknikleri Mərkəzinə təkmilləşmə məqsədilə göndərilmişdir. Döndükdən sonra Mərkəzi Klinik Xəstəxanada Süni Mayalanma Mərkəzinin qurulmasında fəal iştirak etmişdir. 16 fevral-15 mart 2004-cü il tarixlərində Türkiyə Respublikası Ankara Nümunə Eğitim və Araşdırma hospitalına ixtisasartırma məqsədilə ezam olunmuşdur. İlkin olaraq öz təcrübəsində amniosentezi tətbiq etmişdir.
2010–2012-ci illərdə MediLux Klinikası Mama-Ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışmışdır. 2012-ci ildə Azərbaycan Gömrük Komitəsi Mərkəzi Hospitalının Mamalıq-ginekologiya şöbəsinə rəis vəzifəsinə təyin olunmuş, şöbənin inkişafında aktiv iştirak etmişdir.
2020–2022-ci illərdə dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizədə aktiv olmuş, çalışdığı Azərbaycan Gömrük Komitəsi Mərkəzi Hospitalı koronavirus xəstəxanasına çevrildiyi üçün infeksiya profilli xəstələrə xidmət göstərmiş, koronavirusa yoluxmuş hamilə qadınların müayinə və müalicəsində yaxından iştirak etmişdir.
2023-cü ildə Mərkəzi Gömrük Hospitalında ilk dəfə Lazer Texnologiyası olan Fraksional CO2 Alma lazerin istifadəsinə start vermis, Azərbaycanda ilk dəfə Lazer texnologiyasından istifadə mövzusunda elmi tədqiqat işinin aparılması üçün ETİK Komissiyadan razılıq alınmış və elmi işlərin aparılmasına başlamışdır.
Hal-hazıradək Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq kimi fəaliyyət göstərməkdə, şöbənin inkişafında, rezidentlərin yetişdirilməsində aktiv iştirak etməkdədir.
Gömrük tibb xidməti polkovnik-leytenantıdır.
Elmi fəaliyyəti Təranə Bayramova elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Təhsil aldığı dövrdə aktiv və əlaçı tələbə kimi özünü göstərmiş, 1991–1993-cü illərdə qrup nümayəndəsi kimi tələbələrin intizamının yüksəlməsində aktiv rol oynamışdır. 1993–1995-ci illərdə müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvü olmuş, TEC-in keçirdiyi konfrans və seminarlarda aktiv iştirak etmişdir. 1993-cü ildə Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi elmi konfransdakı məruzəsi "Ən yaxşı tələbə elmi işi üçün təltif edilmiş" II dərəcəli diploma layiq görülmüşdür. Tələbəlik dövründə "Odlu silah yaralanmaları zamanı lazerin tətbiqi"nə dair bir elmi məqaləsi çap olunmuşdur.
1995–2000-ci illərdə Türkiyə Respublikasında ixtisasalma dövründə elmi fəaliyyətinə davam etmişdir. Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında aparılan elmi tədqiqat işlərində yaxından iştirak etmiş, çoxsaylı məqalə və tezislərin hazırlanmasında rolu olmuşdur. 1998-ci ildən etibarən Azərbaycan və xarici ölkələrdə mamalıq-ginekologiya sahəsində təşkil olunmuş, konfrans və kurslarda aktiv şəkildə iştirak etmişdir.
2012–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının dissertantı olub.
2015-ci ildə "Abdominal və laparoskopik histerektomiya əməliyyatlarının müxtəlif texnikalarının müqayisəli xarakteristikası" mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. (Tibb üzrə Fəlsəfə Doktoru, FD No 09631, AAK, Bakı Doctor of Philosophy on Medicine (Ph. D), FD No 09631, AAK, Bakı).
Mama-ginekoloq Təranə Bayramova 2017-ci ildən etibarən Azərbaycan Tibb Universiteti II Mama-ginekologiya kafedrasının dissertantıdır, doktorluq işi üzərində işləməkdədir, materiallarının toplanılması məqsədilə davamlı olaraq Türkiyədə elmi tədqiqatlar aparmaqdadır.
1998–2026-cı illər ərzində 100-dən artıq yerli və xarici konfransda, 45 kursda iştirak etmişdir. Yerli və xarici elmi jurnallarda çap olunmuş 90 original məqalə və tezis, 1 kitab, 2 metodik tövsiyə, 1 səmərələşdirici təklifin müəllifidir.
Rus, ingilis, türk, ərəb dillərini bilir.
Əsas elmi praktik fəaliyyət sahələri Normal, patoloji və transplantasiya olunmuş hamilələrin təqibi, fizioloji və cərrahi doğumlar, konservativ və cərrahi ginekologiya, robotik və endoskopik: laparoskopik və histeroskopik cərrahiyyə, onkoloji cərrahiyyə, uroginekologiya və estetik-lazer cərrahiyyəsi (labioplastika, vaginaplastika, lazer cərrahiyyəsi), sonsuzluğun konserativ və cərrahi müalicəsi, İnseminasiya və Süni mayalanma.
Üzvülüyü TJOD (Türkiye Jinekoloji ve Obstetrik dernegi), TÜTD (Türkiye Üreme Tıppı Derneği), T. S. R. M (Türkiye üreme sağlığı ve infertilite derneği), TJED (Türkiye Jinekolojik Endoskopi Derneği), ESHRE (European Society of Human Reproduction and Embryology), TPRCİD (Türkiye Pelvik Rekonstruktiv Cerrahi ve İnkontinans Derneği), İSPP (İnternational Society for Pelviperineology)
Həmmüəllif olduğu kitablar Bayramov N., Rzayev T., Zeynalov N., Hepgül K., Bayraktar Y., Özden A., Bayramova T. Çoxdilli anatomiya terminləri lüğəti. //ATXƏM-in kitabxanası seriyasından N1, Bakı, 2008. Bayramov N. Y., Bayramova T. E., Salahova S. Ş. Laparoskopik əməliyyatlarda götürülmüş orqan və toxumaların qarın divarından çıxarılma üsulu. // Səmərələşdirici təklif. N 488, 25.04.2005. N. Y. Bayramov, T. E. Bayramova, E. M. İsazadə, R. A. Məmmədov, A. Namazov, O. Quliyev, Canlı böyrək donorlarının müayinə və müalicə qaydaları //Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU I Cərrahi Xəstəliklər Kafedrası, Metodik tövsiyə, 2022, səh. 1–63, Bakı. http://bck.az/images/books/K-31-Canli-boyrek-donorlari-protokolu.pdf N. Y. Bayramov, R. A. Məmmədov, N. Novruzov, E. M. İsazadə, T. Bayramova. Canlı qaraciyər donorlarının müayinə, müalicə və əməliyyatdan sonrakı izləmə qaydaları// Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU I Cərrahi Xəstəliklər Kafedrası, Metodik tövsiyə 2022, səh. 1–71, Bakı.
Ailəsi Ailəlidir, 3 övladı var.
Mükafatları 2002-ci ildə Mərkəzi Klinik Xəstəxana rəhbərliyi tərəfindən Mərkəzi Klinik Xəstaxananın Mamalıq-ginekologiya bölməsinin inkişafında əvəzsiz əməyinin olması, yüksək peşə ustalığı və mənəvi keyfiyyətlərə görə Təşəkkürnamə təqdim edilmişdir.
2011-ci ildə Səhiyyə işçiləri günü münasibətilə "Sağlam Həyat naminə"elmi tibbi jurnalın təsis etdiyin İLİN HƏKİMİ diplomu ilə təltif olunmuşdur.
2011-ci ildə Səhiyyə işçiləri günü münasibətilə "Təqdimat" ictimai-siyasi və hüquqi qəzetinin təsis etdiyi İLİN HƏKİMİ diplomu ilə təltif olunmuşdur.
2011-ci ildə "Lider Azərbaycan" qəzetinin təsis etdiyi Hippokrat Fəxri diploma layiq görülmüşdür.
2017-ci ildə cəbhə bölgəsində yerləşən Tərtər rayonunun qadınlarına ixtisası üzrə göstərdiyi tibbi xidmətə görə Təşəkkürnamə ilə təltif olunmuşdur.
2020–2022-ci illərdə dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizədə aktiv olmuş, çalışdığı Azərbaycan Gömrük Komitəsi Mərkəzi Hospitalı koronavirus xəstəxanasına çevrildiyi üçün infeksiya profilli xəstələrə xidmət göstərmiş, koronavirusa yoluxmuş hamilə qadınların müayinə və müalicəsində yaxından iştirak etmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən Təşəkkürnamə elan edilmişdir.
2023-cü ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Gəncə şəhər filialında və Gəncə şəhər uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün tibbi sosial aksiyada fəal iştirakına görə Təşəkkürnamə təqdim edilmişdir.
2023-cü ildə Gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə 3-cü dərəcəli "Gömrük orqanlarında xidmətə görə" döş nişanı ilə təltif olunmuşdur.
2024-cü ildə Naxçıvan Mərkəzi Xəstəxanasında şəhid və qazi ailələrinin üzvləri üçün keçirilmiş ödənişsiz tibbi-sosial xeyriyyə aksiyasında aktiv iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.
2025-ci ildə "Qala" DTEQ-da "27 sentyabr Anım günü"nə həsr edilmiş ödənişsiz tibbi social xeyriyyə aksiyası çərçivəsində şəhid, qazi ailə üzvləri və tibbi yardıma ehtiyacı olan şəxslərin müayinə olunması və peşəkar tibbi məsləhətlərin verilməsinə görə Təşəkkürnamə ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Dr. Təranə Bayramova "Yaxşı Həkim" verilişində (İTV) — YouTube saytı
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Ginekoloqlar Kateqoriya:3-cü dərəcəli "Gömrük orqanlarında xidmətə görə" döş nişanı ilə təltif olunanlar