Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Soltankənd kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir.

Tarixi Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var.

Coğrafiyası və iqlimi Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub–qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var. Kəndin relyefi dağlıqdır.

Əhalisi Uştal kəndində təxminən 104 ev var, əhalisi 531 nəfərdir ki, onun da 266 nəfəri kişi, 265 nəfəri qadındır. Kənd əhalisinin hamısı 1988-ci ildə Ermənistandan qovulmuş qaçqınlardır. Qaçqınlar əsasən Göyçə və Dərələyəz mahalındandır.

Mədəniyyət Uştal kəndində klub, kəndin xüsusi kitabxanası, tibb məntəqəsi var.

İqtisadiyyatı Kəndin rayonla əlaqəsi üçün yeni asfalt yol, yeni su xətti çəkilmişdir. Əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olur.

Təhsil Uştal kəndində 2003-cü ildə yeni orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbdə 70-dən çox şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 15 müəllim məşğul olur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri