thumb|220x220px Təyəmmüm — şəriətdə xüsusi qayda ilə yerinə yetirilən əməl.

Qüsl vermək, yaxud dəstəmaz almaq üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl yaxud dəstəmaz almaq əvəzinə təyəmmüm edilir.

Təyəmmüm haqqında Quranda Qurani Kərimdə buyurulur: "Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!" (Maidə surəsi, 6-cı ayə)

Nə zaman təyəmmüm etmək lazımdır? 7 yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır:

Suyun olmamasi Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir.

Əgər dörd tərəfin bəzisi hamar, bəzisi alçaq-hündür olsa, gərək hamar olan yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış aparsın.

Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.

Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında "suyu yoxdur" deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, oraya getməsi gərək deyil.

İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər.

Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yəni, düşdüyü yerdə) və ya qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir. Amma əgər əvvəllər bir halda su olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil.

Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, namazın vaxtına kimi də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su axtarsın.

Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb odur ki, təzədən su axtarmağa getsin.

Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış aparması lazım deyil.

Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.

Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.

Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, namazı səhihdir.

Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa, və namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır.

Əgər namaz vaxtından qabaq dəstəmazlı olsa və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər.

Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir.

Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, müstəhəbb ehtiyat o namazı qəza etməkdir.

Suyu əldə edə bilməmək Qocalıq və bacarıqsızlıq, oğrudan, vəhşi heyvanların qorxusundan və yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin.

Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi şeylər lazımdırsa, satın almaq və ya kirayə etmək məcburiyyətində qalsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa belə, onları təmin etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış olsalar da, hökm eynidir. Amma əgər suyu təmin etmək üçün, onun vəziyyətinə zərər verəcək qədər pul verməlidirsə, təmin etməsi vacib deyildir.

Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib deyildir.

Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.

Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.

Suyun işlədilməsindən törənən qorxu Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.

Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.

Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi nigarançılığa səbəb olsa, bu hal istisnadır.

Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.

Məşəqqət və çətinlik Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən dözülə bilməyən dərəcədə zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm edə bilər. Amma əgər dözərək dəstəmaz alsa, ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir.

Susuzluğu yatırmaq üçün suya ehtiyac Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu səbəbə görə təyəmmümün caizliyi iki haldadır.

1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;

2-Özündən başqa, onunla bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa.

Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir.

Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.

Dəstəmaz və ya qüsl bunlardan daha mühüm və ya bunlarla bərqərar olan bir təkliflə zidd olarsa Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.

İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.

Vaxtın darlığı Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.

Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər təxirə salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın qəzasını qılmaq ehtiyat-müstəhəbbdir.

Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən şəxs, təyəmmüm etməlidir.

Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.

Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, yaxşı olmasına baxmayaraq sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil.

Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır.

Üzərinə təyəmmüm etmək səhih olan şeylər Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəbbdir ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin və əgər torpaq yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da mümkün olmasa quma, o da olmadığı təqdirdə, daşa təyəmmüm etsin.

Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa təyəmmüm etmək səhihdir. Amma ixtiyar halında onun üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbbdir. Həmçinin ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq kimi mədən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır.

Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. Əgər palçıq da tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunların heç biri tapılmasa, namazı təyəmmümsüz qılması ehtiyat-müstəhəbbdir. Amma bu namazın qəzasını yerinə yetirmək vacibdir.

Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa təyəmmüm etmək batildir.