thumb|300px|Oyunun II Sarqonun sarayından aşkar edilmiş qraffito variantı (Londondakı Britaniya Muzeyinin kolleksiyasında saxlanılır); muzey inventar nömrəsi: . thumb|300px|Senet və İyirmi kvadrat oyunu üçün nəzərdə tutulmuş oyun qutusu, e.ə. 1635–1458-ci illər, Metropoliten muzeyinin kolleksiyası Ur hökmdar oyunu — nərd tipli stolüstü oyunlar ailəsinə aid olan, iki nəfərlik strateji yarış oyunu. Bu oyun ilk dəfə e.ə. III minilliyin əvvəllərində Mesopotamiya ərazisində qeydə alınmışdır. Oyun Yaxın Şərqdə bütün sosial təbəqələr arasında geniş yayılmış, ona aid oyun lövhələri isə Mesopotamiyadan uzaq bölgələrdə — o cümlədən Krit və Şri-Lankada da aşkar edilmişdir. Britaniya Muzeyində saxlanılan oyun lövhələrindən biri təqribən e.ə. 2600–2400-cü illərə aid edilir və bu səbəbdən dünyanın ən qədim oyun lövhələrindən biri hesab olunur.
Ur hökmdar oyunu bəzən ona zahiri və struktur baxımından çox bənzəyən digər qədim oyun — İyirmi xana oyunu ilə eyniləşdirilir.
Oyunun populyarlığının zirvəsində ona dini-mənəvi məna yüklənmiş, oyun zamanı baş verən hadisələrin oyunçunun gələcəyini əks etdirdiyinə və tanrılar və ya digər fövqəltəbii varlıqlar tərəfindən göndərilən mesajları ifadə etdiyinə inanılmışdır. Ur hökmdar oyunu son antik dövrədək geniş yayılmış, daha sonra isə oynanılmamaqla istifadədən çıxmışdır; ehtimal edilir ki, bu oyun ya nərd tipli başqa bir oyuna çevrilmiş, ya da həmin tipli oyun tərəfindən əvəz olunmuşdur. Nəticədə oyun demək olar ki, tamamilə unudulmuş, yalnız Hindistanın Koçin şəhərində yaşayan yəhudi icması arasında qorunub saxlanılmışdır. Onlar bu oyunun “Aşa” adlanan variantını 1950-ci illərə qədər oynamağa davam etmiş, daha sonra İsrailə köç etməyə başlamışlar.
Oyun, Ur hökmdar oyunu adını ilk dəfə ingilis arxeoloqu Leonard Vulli tərəfindən 1922–1934-cü illərdə Ur hökmdar qəbiristanlığı ərazisində aparılan qazıntılar zamanı yenidən aşkar edilməsi ilə əlaqədar almışdır. Oyunun nümunələri sonradan Yaxın Şərqin müxtəlif bölgələrində digər arxeoloqlar tərəfindən də tapılmışdır. Oyunun qaydalarının e.ə. II əsrdə oynanıldığı formada qismən təsviri mixi yazı ilə tərtib edilmiş və katib Itti-Marduk-balāṭu tərəfindən yazılmış Babil gil lövhəsi üzərində qorunub saxlanılmışdır.
Bu gil lövhə və oyun lövhəsinin forması əsasında Britaniya Muzeyinin kuratoru İrvinq Finkel, oyunun necə oynanılmış ola biləcəyinin əsas qaydalarını rekonstruksiya etmişdir. Oyunun məqsədi lövhə üzrə marşrutu keçərək bütün fiqurları rəqibdən əvvəl oyundan çıxarmaqdır. Müasir Nərd oyununda olduğu kimi, bu oyun da həm strategiya, həm də uğur elementlərini özündə birləşdirir.
Tarixi
Ur hökmdar oyunu Yaxın Şərqdə geniş yayılmışdır və ona aid oyun lövhələri İraq, İran, Suriya, Misir, Livan, Şri-Lanka, Kipr və Krit ərazilərində aşkar edilmişdir.
Oyuna çox yaxın oxşarlıq göstərən dörd oyun lövhəsi Tutanxamonun məzarında tapılmışdır. Bu lövhələr zərlərin və oyun fiqurlarının saxlanması üçün kiçik qutularla birlikdə aşkar edilmiş, onların bir çoxunun arxa tərəfində isə Senet oyunu üçün lövhə yerləşdirilmişdir ; beləliklə, eyni lövhədən hər iki oyunu oynamaq üçün istifadə etmək mümkün olmuş və sadəcə çevrilməsi kifayət etmişdir.
Oyun bütün sosial təbəqələr arasında populyar idi. Oyunun kəskin alətlə, ehtimal ki, xəncərlə oyulmuş qraffito variantı II Sarqonun (e.ə. 721–705) sarayına aid, insan başlı qanadlı öküz formasında qapı mühafizəçilərindən birinin üzərində, Xorsabad şəhərində aşkar edilmişdir.
Ur hökmdar oyunu sonralar mövhumat mənası qazanmışdır. Itti-Marduk-balāṭu tərəfindən tərtib edilmiş gil lövhə oyunçuların müəyyən xanalar üzərinə düşməsi halında onların gələcəyi ilə bağlı qeyri-müəyyən proqnozlar təqdim edir; məsələn, “Sən dost tapacaqsan”, “Sən şir kimi qüdrətli olacaqsan” və ya “Sən yaxşı pivə əldə edəcəksən”. İnsanlar oyundakı uğur ilə real həyatda uğur arasında əlaqə görürdülər. Görünüşcə təsadüfi hadisələr — məsələn, müəyyən xanaya düşmək — tanrıların, vəfat etmiş əcdadların ruhlarının və ya insanın öz ruhunun göndərdiyi mesajlar kimi şərh olunurdu.
Yaxın Şərqin müxtəlif ərazilərin toplanmış və dəqiq tarixləri müəyyən edilmiş təxminən yüz oyun lövhəsinin 2013-cü ildə təşkil edilmiş ətraflı tədqiqi göstərmişdir ki, 1200 il ərzində lövhə üzərində kvadratların düzülüşündə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bu isə oyunun qaydalarının və oynanma üsulunun sabit olmadığını, zamanla dəyişdiyini göstərir. Tədqiqat həmçinin oyunun təxminən e.ə. 1800-cü ildə Mesopotamiyadan Levanta, təxminən e.ə. 1600-cü ildə isə Levantdan Misirə ötürüldüyünü göstərir; burada lövhə dizaynına kiçik yeniliklər (əlavə kvadratlar) daxil edilmişdir. Daha sonra oyun Misirdən və ya Levantdan Kipr və Nubiyaya yayılmışdır. Arxeoloji materiallar həmçinin lövhə dizaynı sahəsində uğursuz qalmış bəzi yeniliklərin mövcudluğunu da göstərir (yəni müəyyən dizayn variantları yalnız bir nümunə ilə məlumdur).
Ur hökmdar oyununun son antik dövrdə tənəzzülə uğramasının səbəbləri tam aydın deyil. Bir nəzəriyyəyə görə, bu oyun zamanla Nərd oyununa çevrilmişdir; digər bir nəzəriyyəyə əsasən isə, nərdin erkən formaları populyarlıq baxımından Ur hökmdar oyununu geridə qoymuş və nəticədə oyunçular tədricən daha qədim oyunu unutmuşlar. Oyunun Yaxın Şərqdə populyarlığını itirməsindən əvvəl, ehtimal ki, o, yəhudi tacirlər qrupu tərəfindən Hindistanın Koçin şəhərinə gətirilmişdir.
İkinci Dünya müharibəsindən sonra 1950-ci illərdə İsrailə köç etməyə başladıqları dövrdə, Koçin şəhərinin yəhudi icmasının üzvləri bu oyunun tanınan variantını — “Aşa” adlandırdıqları formanı — hələ də oynayırdılar. Koçin variantı, ilkin Mesopotamiya versiyası kimi, iyirmi xanadan ibarət idi, lakin hər oyunçunun yeddi deyil, on iki fiquru var idi və kvadratların yerləşməsi müəyyən qədər fərqlənirdi.
Müasir dövrdə yenidən kəşfi
İngilis arxeoloqu Leonard Vulli 1922–1934-cü illərdə Ur hökmdar qəbiristanlığı ərazisində apardığı qazıntılar zamanı Ur hökmdar oyununa aid beş oyun lövhəsi aşkar etmişdir. Oyun ilk dəfə Urun hökmdar qəbiristanlığında tapıldığı üçün “Ur hökmdar oyunu” adını almış, sonradan isə digər arxeoloqlar Yaxın Şərqin müxtəlif bölgələrində onun əlavə nümunələrini üzə çıxarmışlar. Vulli tərəfindən aşkar edilən lövhələr təxminən e.ə. 2600–2400-cü illərə aid edilir.Christ et al. (2016), p. 72.
Aşkarlanmış beş lövənin hər biri eyni tipə aid olsa da, müxtəlif materiallardan hazırlanmış və fərqli bəzək xüsusiyyətlərinə malik idi. Vulli bu lövhələrdən ikisinin təsvirini 1949-cu ildə nəşr olunmuş "The First Phases" adlı kitabında təqdim etmişdir. Bu nümunələrdən biri daha sadə quruluşa malik olub, taxta ilə örtülmüş bitum üzərində yerləşdirilmiş, mavi və ya qırmızı mərkəzli sədəf disklərdən ibarət fonla xarakterizə olunur. Digəri isə daha zəngin işlənmiş olub, tamamilə sədəf lövhəciklərlə örtülmüş, qırmızı əhəngdaşı və lacivərd ilə inkrustasiya edilmişdir. Digər oyun lövhələri üzərində isə daha çox heyvan təsvirlərinə rast gəlinir.
Oyun qaydaları Yenidənqurma
Ur hökmdar oyunu ilk dəfə aşkar edildikdə onun necə oynanıldığı məlum deyildi. Daha sonra, 1980-ci illərin əvvəllərində Britaniya Muzeyinin kuratoru İrvinq Finkel, e.ə. təxminən 177-ci ilə aid olan və Babil katibi Itti-Marduk-balāṭu tərəfindən yazılmış gil lövhəni tərcümə etmişdir. Bu mətn, daha əvvəl Iddin-Bēl adlı başqa bir katib tərəfindən tərtib olunmuş qayda təsvirinə əsaslanaraq, oyunun həmin dövrdə necə oynandığını izah edir. Sözügedən lövhə Babil sivilizasiyasının tənəzzül dövründə yazılmışdır və bu, oyunun ilk oynandığı zamandan xeyli sonrakı mərhələyə aiddir.
Bu gil lövhə 1880-ci ildə Babil xarabalıqlarında aşkar edilmiş və sonradan Britaniya Muzeyinə satılmışdır. Finkel eyni zamanda qaydaları təsvir edən digər bir lövhənin fotoşəkillərindən də istifadə etmişdir; həmin lövhə əvvəllər qraf Aymar de Liedekerke-Beaufortun şəxsi kolleksiyasında saxlanılırdı, lakin Birinci Dünya müharibəsi zamanı məhv edilmişdir.
Bu ikinci lövhənin üzərində tarix qeyd olunmasa da, arxeoloqlar onun Itti-Marduk-balāṭu tərəfindən yazılmış lövhədən bir neçə əsr daha qədim olduğunu və Uruk şəhərindən gəldiyini hesab edirlər. Hər iki lövhənin arxa tərəfində oyun lövhəsinin sxematik təsvirləri yer alır ki, bu da onların hansı oyuna aid olduğunu aydın şəkildə göstərir.
Məhz bu qaydalar və oyun lövhəsinin forması əsasında İrvinq Finkel oyunun necə oynanılmış ola biləcəyini rekonstruksiya etmişdir.
Əsas qaydalar
Ur oyunu qədim dövrə aid yarış tipli stolüstü oyundur və ehtimal olunur ki, bu oyun bu gün də oynanılan və nərd kimi nümunələri özündə birləşdirən nərd tipli oyunlar ailəsinin ilkin sələflərindən biridir. Ur oyunu Dama və ya şahmatvari dama oyunlarında istifadə olunan fiqurlara bənzər şəkildə, hər biri yeddi ədəd olmaqla iki dəst oyun fiquru ilə oynanılır. Bu dəstlərdən biri üzərində beş qara nöqtə olan ağ fiqurlardan, digəri isə üzərində beş ağ nöqtə olan qara fiqurlardan ibarətdir. Oyun lövhəsi iki düzbucaqlı sahədən təşkil olunmuşdur: birinci sahə hər biri dörd xanadan ibarət üç sıra, ikinci sahə isə hər biri iki xanadan ibarət üç sıra şəklində qurulmuşdur və bu iki sahə iki xanadan ibarət “dar körpü” vasitəsilə bir-birinə birləşdirilir.
Oyunun gedişi həm uğur, həm də strategiya elementlərinin qarşılıqlı təsiri ilə xarakterizə olunur. Hərəkətlər dördüzlü, tetraedr formalı zərlər dəstinin atılması ilə müəyyən edilir. Hər bir zərin dörd bucağından ikisi işarələnmiş, digər ikisi isə işarələnməmişdir; bu isə zərin hər atılışda işarəli və ya işarəsiz tərəflə düşmə ehtimalını bərabərləşdirir. Zərlər atıldıqdan sonra yuxarıya düşən işarəli ucların sayı oyunçunun həmin gedişdə neçə xana irəliləyə biləcəyini müəyyən edir. Bir oyunun müddəti adətən yarım saata qədər davam edə bilər.
Oyunun əsas məqsədi oyunçunun özünə məxsus olan yeddi fiqurun hamısını oyun trayektoriyası boyunca hərəkət etdirərək lövhədən çıxarması və bunu rəqibindən əvvəl həyata keçirməsidir. Bu günə qədər qorunub saxlanılmış bütün oyun lövhələrində tərəflərin quruluşunun tam simmetrik olması müşahidə edilir ki, bu da lövhənin bir tərəfinin bir oyunçuya, qarşı tərəfinin isə digər oyunçuya aid olduğunu göstərir. Fiqur oyunçunun özünə məxsus xanalar üzərində yerləşdiyi zaman tutulmadan qorunmuş hesab olunur.
Lakin fiqur lövhənin mərkəzi hissəsində yerləşən səkkiz xanadan birinə daxil olduqda, rəqib fiqurlar həmin xanaya düşməklə onu “tutmaq” imkanına malik olur və bu halda fiqur lövhədən çıxarılaraq başlanğıc nöqtəsinə qaytarılır və oyuna yenidən oradan daxil edilir. Bu mexanizm nəticəsində lövhədə altı “təhlükəsiz” və səkkiz “mübarizə” xanası formalaşır. Eyni zamanda, hər hansı bir anda bir xananın üzərində birdən artıq fiqurun yerləşməsi mümkün deyil; bu səbəbdən lövhədə eyni vaxtda həddindən artıq sayda fiqurun olması oyunçunun hərəkət imkanlarını məhdudlaşdıra bilər.
Oyunçu zərləri ataraq müəyyən bir ədəd əldə etdikdə, o, lövhədə mövcud olan fiqurlarından istənilən birini hərəkət etdirməyi və ya hələ oyuna daxil edilməmiş fiqurları varsa, yeni bir fiquru lövhəyə daxil etməyi seçə bilər. Oyunçuya hər dəfə imkan yarandıqda rəqib fiquru tutmaq məcburiyyəti qoyulmur. Bununla belə, mümkün olduğu hər vəziyyətdə fiqurun hərəkət etdirilməsi zəruridir, hətta bu hərəkət oyunçu üçün əlverişsiz nəticəyə səbəb olsa belə.
Bu günə qədər qorunub saxlanılmış bütün oyun lövhələrində mərkəzi sıranın ortasına yaxın hissədə rəngli rozet təsviri yerləşir. İrvinq Finkel tərəfindən təklif edilən yenidənqurmaya əsasən, fiqur rozetli xanada yerləşdiyi halda tutulmadan qorunmuş hesab edilir. Eyni zamanda, Finkel qeyd edir ki, fiqur beş rozetdən hər hansı birinə daxil olduqda, oyunçu əlavə zər atmaq hüququ əldə edir.
Fiqurun lövhədən çıxarılması üçün oyunçu trayektoriyanın sonuna qədər qalan xanaların sayına bir vahid əlavə olunmasına bərabər dəqiq nəticəni zərlə əldə etməlidir. Əgər atılan zərin nəticəsi bu göstəricidən yüksək və ya aşağı olarsa, fiqurun lövhədən çıxarılması mümkün olmur. Oyunçu bütün fiqurlarını bu qaydada lövhədən çıxardıqdan sonra oyun qalibi hesab edilir.
Mərc