"Yani Yapon Mohbiri" (; ) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu.

Tarixi "Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır.

Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır. Nəşr olunduğu illər ərzində 50-ə yaxın sayı nəşr olunmuşdur.

Mövzusu Tatar dilində nəşr olunmuş jurnalda Yaponiya və Yaponiyadan asılı ərazilərdə yaşayan İdil-Ural türkləri və digər müsəlmanlarla bağlı cari xəbərlər və məlumatlar nəşr olunurdu. Jurnalın məqsədi müsəlmanlara Yaponiyanı tanıtmaq, yaponlarla müsəlmanlar arasında mədəni və iqtisadi münasibətləri təbliğ etmək olmuşdur. Bu səbəbdən jurnalda Yaponiya lehinə olan yazılara üstünlük verilmişdir. Jurnalda tatarlar üçün aktual və vacib olan mövzular haqqında məqalələr dərc olunmuşdu. Məsələn, jurnalın 15-ci sayında dərc olunmuş "Ərəb hərflərini buraxıb latın hərflərinə keçmə" məqaləsində tatarların Türkiyədəki əlifba islahatı haqqında fikirləri müzakirə olunmuşdur.

Kurbanaliyevin Yaponiyadakı siyasi rəqibi olan Ayaz İshakinin tərəfdarları jurnalı tənqid edərək tatar millətinin inkişafına qarşı fikirlər yaydığını bəyan etmiş və jurnalın bağlanmasını tələb etmişdirlər.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Jurnalın pdf versiyası Татарская и башкирская эмиграция в Японии

Kateqoriya:Yaponiya tatarları Kateqoriya:Tatar jurnalları Kateqoriya:Nəşri dayanan Yaponiya jurnalları