– Yaponiya müəllimi, jurnalisti və siyasətçisi. Demokratiya və sülh tərəfdarı olmuşdur.

İlk illəri 1880-ci ildə Yaponiyanın Hyoqo prefekturasında Fukumoto ailəsinin ikinci oğlu kimi doğulmuşdur. 17 yaşında Oyama ailəsi tərəfindən övladlığa götürülmüşdür. 1905-ci ildə Vaseda Universitetinin siyasət və iqtisadiyyat kafedrasından məzun olmuşdur. Növbəti il universitetdə təlimçi kimi işləməyə başlamışdır.

Çikaqo (1911) və Münxen (1913) universitetlərində sosiologiya təhsili almışdır. Üç fərqli dövrdə Vaseda Universitetində professor olmuşdur: 1914–1917-ci illərdə dərs deyərkən fakültədəki bir həmkarının işdən çıxarılmasına etiraz etmək üçün istefa etmiş; 1920–1927-ci illərdə dərs deyərkən solçularla əlaqəsinə görə işdən çıxarılmışdır. 1947-ci ildə yenidən universitetdə dərs deməyə başlamışdır.

Fəaliyyəti İkuo Oyama "Osaka Asahi Shimbun" qəzetinin yazarı olsa da, 1918-ci ildə baş verən düyü üsyanlarından sonra hökuməti tənqid etdiyi üçün qəzetdən uzaqlaşdırılmışdır. Yaponiyanın Sibir müdaxiləsinə qarşı olmuşdur. Hacime Kavakami kimi marksist intellektuallarla birləşərək 1919-cu ildə demokratiyanı dəstəkləyən "Warera" jurnalını təsis etmişdir. 1926-cı ildə proletar Əmək-Fermer Partiyasının qurulmasında vacib rol oynamışdır. 1928-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində iştirak etsə də, seçilə bilməmiş və 1928-ci ilin aprelində partiya hökumət tərəfindən ləğv olunmuşdur. 1929-cu ilin noyabrında partiyanı yenidən quraraq partiyanın mərkəzi komitəsinin sədri seçilmişdir. 1930-cu ildə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmişdir.

1930-cu illərin əvvəllərində milliyətçi təşkilatlar və şəxslər Oyamanı təhdid etmişdirlər. 1932-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-yə miqrasiya etmiş, İllinoys ştatının Evanston şəhərində yerləşən Şimal-Qərb Universitetinin politologiya dekanlığında və kitabxanasında işləmişdir. 1947-ci ilin oktyabrında Yaponiyaya qayıtmışdır. 1950-ci ildə Yaponiya parlamentinin Müşavirlər palatasına seçilmiş, beynəlxalq sülh hərəkatlarında aktiv olmuşdur. 1951-ci ildə Stalin Sülh Mükafatına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya siyasətçiləri Kateqoriya:Yaponiya pasifistləri Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Yaponiya jurnalistləri Kateqoriya:Vaseda Universitetinin müəllimləri Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri