Xankəndi FK — Azərbaycanın Xankəndi şəhərini təmsil edən futbol klubu. Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.

Tarixi Klub 2024-cü ildə yaranmışdır."Xankəndi" klubunun rəsmisi: Bu komandanı yaratmaq və təmsil etmək bizim üçün fəxrdir

Region Liqası Azərbaycan Region Liqasında debüt edən "Xankəndi" klubu ilk yoxlama oyununda ASK Arenanın əsas meydançasında "Çinar Zəngilan" klubu ilə qarşılaşıb. Matç "Xankəndi"nin qələbəsiylə 3:0 başa çatıb. Komandanın heyətində Anar Babayev, kapitan Əziz Hüseynov və Samur-Xan Aslaxanov fərqləniblər.

AFFA Region Liqasında 1/4 final mərhələsi çərçivəsində "Xankəndi" klubu "Çinar Zəngilan"ı məğlub etmiş (2:0, 3:0), yarımfinala vəsiqə qazanmışdır.

Region Liqasının 2024/2025 mövsümündə final mərhələsinə yüksələn "Xankəndi" final matçında "Şirvan" komandası ilə qarşılaşıb. Matçda 3:0 hesabı ilə qalib gələn "Xankəndi" Region Liqasının çempionu olub və Azərbaycan İkinci Liqasında və UEFA Regionlar Kubokunda iştirak hüququ əldə edib.

İkinci Liqa "Xankəndi" II Liqaya hazırlıqları zamanı ilk transfer həmləsinə "Karvan-Yevlax" klubunu Premyer Liqaya daşıyan və daha öncə "Şamaxı" ilə eyni uğura imza atmış hücumçu Bəhruz Teymurovu heyətinə qatıb.

II Liqada XVII turda baş tutmayan "Şəmkir" – "Xankəndi" oyunu ilə bağlı cəzalar verilib. "Şəmkir" komandasına Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Ev sahibi "Şəmkir" PFK Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, özlərinin vaxtında meydançada olduğunu, lakin "Xankəndi" komandasının forma uyğunsuzluğu və sonradan nömrəsiz formalarla oyuna çıxmaq cəhdi səbəbindən qarşılaşmanın baş tutmadığını bildirmiş, rəqibin təşkilati qaydaları pozduğunu iddia etmişdir. Öz növbəsində "Xankəndi" FK isə yaydığı bəyanatda iki fərqli forma dəsti təqdim edərək rəsmi tələbləri tam yerinə yetirdiyini vurğulamış, qalmaqalın "Şəmkir"in Əsasnaməyə zidd olaraq forma seçimini öncədən bildirməməsi, yalnız bir forma dəsti ilə stadiona gəlməsi və PFL ilə AFFA rəsmilərinin təklif etdiyi həll variantlarını rədd edərək oyundan imtina etməsi səbəbindən yaşandığını qeyd etmişdir. Hər iki klub yaranmış vəziyyətə ədalətli hüquqi qiymət verilməsi üçün AFFA və PFL-in müvafiq qurumlarına müraciət etmişdir.

Klub 2025/26 mövsümündə sonuncu – XXVII turda "Şəmkir"ə qalib gələrək (1:0) çempionluğunu elan edib. Görüşdə qolu Elvin Nəsibov (4) vurub. Komanda 27 turdan sonra 76 xalla mövsümü birinci sırada bitirib. Beləliklə, klub Birinci Liqaya vəsiqə qazanıb. Azərbaycan çempionatlarında 2025/26 mövsümündə yalnız iki komanda – II Liqanın birincisi "Xankəndi" və gümüş medalçısı "Qaradağ Lökbatan" 100-dən çox qol vurub.

24 may 2026-cı ildə Binə qəsəbə stadionunda, saat 16:30-da Azərbaycan II Liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimi keçirilib və "Xankəndi"yə qızıl mükafat verilib.

Birinci Liqa 17 avqust 2026-cı ildə, Birinci Liqa mövsümünə başlamazdan əvvəl "Xankəndi" yeni loqosunu ictimaiyyətə təqdim edib.

Stadion Klub qurulan vaxtdan hədəfi Xankəndi şəhər stadionuna keçmək olub. Komanda bu dövrdə Region Liqasındakı oyunlarını və II Liqanın son "6-lıq" mərhələsinin qarşılaşmalarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, II Liqanın ilk dövrəsindəki oyunlarını isə "Palms Sports Arena"nın 4-cü meydançasında keçirib. Bakıda təşkil olunan məşqlər də müxtəlif stadionlarda baş tutub.

Gənclər və idman naziri Fərid Qayıbov "Bakı-Xankəndi" velosiped yarışı ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, stadionda işlər yubanır, lakin arena sentyabradək hazır olacaq.

Nəhayət, 30 iyul 2026-cı ildə "Xankəndi"nin ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəyi təsdiqlənib. Bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.

Azarkeşləri Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələrindən ibarət fan klubu mövcuddur.

Rəhbərlik Klubun icraçı direktoru Elnur Məcidov, idman direktoru isə Vasif İsmayılovdur. Klubun meneceri isə Rəşad Babayevdir.

12 avqust 2026-cı ildə klubun Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.

Baş məşqçi Klubun II Liqada baş məşqçisi İbrahim Uzunca olub. 14 yanvar 2026-cı ildə "Xankəndi" futbol klubu baş məşqçi vəzifəsinə Zaur Hacıyevin təyin edib. O, bu postda İbrahim Uzuncanı əvəz edib. O, "Xankəndi Futbol Akademiyası"nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub. 4 iyulda tərəflər arasında 1 illik müddətinə yeni müqavilə imzalanıb.25 sentyabr 2026-cı ildə Xankəndi FK baş məşqçi Zaur Hacıyevlə yollarını ayırdı. 29 sentyabr 2026-cı ildə Röyal Nəcəfov klubun yeni baş məşqçisi təyin olundu. Onunla 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalandı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xankəndi futbol klubları Kateqoriya:2024-cü ildə Azərbaycanda yarananlar