"Neftçi" PFK-nın mövsümlərinin siyahısı — Azərbaycan Premyer Liqasında çıxış edən və Azərbaycanın Bakı şəhərini təmsil edən Neftçi futbol klubunun mövsümləri.

SSRİ çempionatında və kuboklarında thumb|1949 SSRİ Kubokunun 1/4 final mərhələsinin afişasıКубок СССР 1949. 1–4. 25 октября 1949. Торпедо (Москва) — Нефтяник (Баку) . fc-dynamo.ru Qatıldığı ilk SSRİ çempionatı “Neftyanik” üçün daha uğursuz olur. “Q” qrupunda mübarizə aparan “xalq komandası” 12 iştirakçı arasında yalnız 11-ci our. İrəvan “Spartak”ını qabaqlaması komanda üçün zəif təsəlli idi. Keçirdiyi 11 oyunda cəmi 2 qələbə qazanmağı bacaran “Neftyanik” bir qarşılaşmadan “sülhlə” ayrılmışdı. Qalan 8 görüş “neftçilər” üçün uğursuz olmuşdu. “Neftyanik” Moskva təmsilçisi “Burevestnik”i 3:1, İrəvan “Spartak”ını isə 2:1 hesabıyla məğlub etməyi bacarmış, Moskvanın digər komandası “Krılya Sovetov”la oyun isə 6 qollu heç-heçəylə yekunlaşmışdı. Həmin vaxt qələbəyə 3, heç-heçəyə 2, məğlubiyyətə görə 1 xal verildiyindən çempionatın sonunda təmsilçimizin hesabında 16 xal var idi. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırdı. 1938–1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak etdi. 1938-ci ildə SSRİ kubokunda iştirak edən "Neftçi" zona yarışlarındaca yenildi.

İkinci Dünya müharibəsi illəri digər sahələrdə olduğu kimi futbol sahəsində də durğunluq yaradır. 1943-cü ildən sonra Azərbaycanın futbol həyatında kiçik də olsa, canlanma yaranır. 944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra respublika çempionu oldu. Müharibənin başa çatması bütün SSRİ-də ictimai-sosial həyatı canlandırdı. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.

1948-ci ildə Azərbaycan komandasının “Güclülər dəstəsi”ndə iştirakı gözlənilsə də, müxtəlif səbəblərdən, o cümlədən komandanın öz zonasında 4-cü pillədən yuxarı qalxa bilməməsinə görə bu baş tutmur. Uzun illərdən bəri gözlənilən islahatlar 1949-cu ildə keçirilməyə başlayır. Belə ki, Ümumittifaq Futbol Bölməsinin plenumunda verilən qərara əsasən 5 komanda 1-ci qrupa əlavə edilir. Bu qərarın əsas məqsədi bütün respublikaların təmsilçilərinin SSRİ çempionatının “Güclülər dəstəsi”ndə iştirakını təmin etmək idi. Həmin 5 komandanın arasında Ukraynanın “Lokomotiv və “Şaxtyor”, Riqanın “Dauqava”, Ermənistanın “Dinamo” komandaları ilə yanaşı Azərbaycan “Neftyanik”i də var idi. 1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Leninin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurub. Çempionatın startı sensasion oldu. Beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi, lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu.

İki il “Güclülər dəstəsi”ndə çıxış edən “Neftyanik” heç cür orda möhkəmlənə, çempionatın iddialılarından birinə çevrilməyi bacarmır. Nəticədə 1951-ci ildə “Neftyanik” elitanı tərk edir və “B” sinifinin iştirakçıları sırasına qoşulur. Həmin illərdə “Neftyanik”-in əsas problemlərindən biri heyətdə qeyri-millətlərin üstünlük təşkil etməsi idi. Onların arasında az-çox istedadı olanlar inkişaf etməyə başlayan kimi daha prestijli yer sayılan Moskvanın, yaxud da Rusiyanın digər şəhərlərinin komandalarına üz tuturdular və beləliklə “Neftyanik” hər şeyə sıfırdan başlamalı olurdu. “Neftyanik”-in 51-ci ildən başlayan “B” sinifi mübarizəsi düz 8 il davam edir. Bütün bu illər “Neftyanik” üçün itirilmiş illər sayılır. Məhz həmin dövrlərdə komanda möhkəmlənməyə, öz yetirmələri hesabına SSRİ-də məşhurlaşan rəqiblər arasında “boy göstərməyə” çətinlik çəkirdi. 1959-cu ildə komandanın nəticələrinin getdikcə pisləşməsi Respublika İdman Komitəsinin rəhbərlərini hərəkətə gətirir və “Neftyanik”də böyük kadr dəyişikliyi başlanır. Komandaya Konstantin Kuznetsov baş məşqçi gətirilir. Müxtəlif illərdə “Neftyanik”in heyətində parlamağı bacarmış veteranlarla yanaşı, istedadıyla seçilən yerli gənclər komandaya cəlb olunur.

1960-cı ildə yenidən bəxt “Neftçi”-nin üzünə gülür. SSRİ Futbol Federasiyasının islahatları sayəsində “Neftçi” tarixində ikinci dəfə “A” sinfində, yəni elitada oynamaq hüququ qazanır. Növbəti ildən isə respublika rəhbərliyi “Neftçi”i ilk pillələrdə görmək üçün işə daha ciddi iş görməyə başlayır. Nəticədə Azərbaycanın futbol tarixinin “qızıl səhifəsi” 1966-cı ildə yazılır. Həmin il “Neftçi” birinci və sonuncu dəfə SSRİ çempionatının mükafatçıları sırasına adını yazdırmağı bacarır. Noyabrın 30-da Lenin adına Respublika stadionuna toplaşan 45 min tamaşaçı Moskva “Spartak”ı üzərində tarixi qələbənin şahidi olur. “Neftçi” bürünc medalları qazanmağa əsas iddiaçı olan rəqibini Banişevskinin dublu və Markarovun 60-cı dəqiqədə vurduğu qol sayəsində 3:0 hesabıyla məğlub etməyi bacarır. Bu isə 18 komandanın mübarizə apardığı SSRİ çempionatında 3-cü pillənin, deməli, həm də bürünc medalların “Neftçi”yə məxsus olacağının rəsmiləşməsi idi. Tarixi qələbə və bürünc medallar Azərbaycanda futbolun təbliğinə, inkişafına böyük töhfə versə də, böyük uğurun davamı gəlmədi. Bunun üçün yetərincə potensial olsa belə, həlledici məqamlarda Moskva klublarının bir-biriylə “pərdəarxası oyunlara” getməsi, rusiyalı hakimlərin Azərbaycan komandasına göstərdiyi qərəzli münasibət “Neftçi”nin SSRİ çempionatlarındakı yolunu kifayət qədər enişli-yoxuşlu etdi.

50-ci illərin ortalarından etibarən azərbaycanlılar öz doğma klublarını “Neftçi” adlandırmağa başlasalar da, bunun rəsmiləşməsi yalnız 1968-ci ildə mümkün olur. Məhz bu ad dəyişmə SSRİ rəhbərliyində, xüsusən də Neft Sənayesi nazirliyində narazılıqlara, komandaya qarşı soyuqluq yaranmasına bəhanə verdi. Komandaya maliyyənin ayrılması məhz mərkəzdən gələn göstərişlə xeyli azaldıldı ki, bu da nəticələrdə özünü göstərməyə başladı. Hələ 1970-ci il mövsümü bitən kimi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və komandanın rəisi Rauf Adıgözəlov vəzifələrindən azad edildilər. Ələkbər Məmmədov baş məşqçi, 50-ci illərdə komandamızın həkimi olmuş, sonralar isə Futbol Federasiyasına rəhbərlik etmiş Kamal Axundov rəis təyin edildilər. Orconikidze "Spartak"ına rəhbərlik edən Tuayev isə futbolçu kimi heyətə qayıtdı. Əvəzində Markarov komandanı tərk etmişdi. Banişevski də artıq əvvəlki formasını yığmış və Şevçenko ilə birlikdə həm "Neftçi"nin hücum xəttini təşkil edirdi, həm də SSRİ yığmasına cəlb olunurdular. Hazırlıq prosesi də normal keçmiş və futbolçular mövsümə tam hazır idi. Hətta təlim-məşq toplanışları çərçivəsində komandamız Bakıda, Kislovodskda, Daşkənddə, Aşqabadda xeyli yoxlama oyunları keçirmiş və heç birində məğlub olmamışdı.

Banişevski və Şevçenko ilə yanaşı, komandanın əsas yükünü yarımmüdafiədə Tuayev, Hacıyev, Semiqlazov və Smolnikov, müdafiədə Bruxti, Y. Babayev, Quliyev və Lyoqki çiyinlərində daşımalı idi. Rəsmi oyunlara isə ölkə kuboku uğrunda mübarizə ilə start verildi. 1/16 finalda "Lokomotiv" (Moskva) səddini dəf edən (1:0; 0:0) "Neftçi" 1/8 finalda bütün ittifaqa səs saldı. Ötən çempionatın gümüş mükafatçısı və kubokun sahibi Moskva "Dinamo"su ilə Tbilisidə keçirilən ilk oyunda Smolnikov və Şevçenkonun qolları qələbəni (2:0) təmin etsə də, ruslar görəcəkləri günün Bakıda olduğundan xəbərsiz idilər. Cavab oyununda K. Beskov və L. Yaşinin rəhbərlik etdiyi "Dinamo"nun daşı-daş üstə qalmadı və Banişevskinin het-trikinə Smolnikovun daha bir qolu qoşulunca 4:0 hesablı qələbə hamını çaşdırdı. Çempionatın startında da uğurlu oyunlar davam etdi. Bakıda Kiyev "Dinamo"su ilə heç-heçəni "Karpatı" üzərində böyükhesablı qələbə, Moskvada "Torpedo" və OMİK-lə heç-heçələr izlədi. Bunun bir səbəbi də heyətdəki itkilərlə bağlı idi. "Torpedo"yla matçda yarımmüdafiəçi çatışmadığından 3 müdafiəçi orta sahədə oynamağa məcbur olmuşdu. Bununla belə, Bakıda "Spartak" (Moskva), "Dinamo" (Minsk) və "Paxtakor" üzərindəki qələbələr komandamızı çempionatın favoritləri arasına çıxardı. Xüsusilə də "Spartak" üzərində qələbə deyəsən Moskvada oturanlara xoş gəlmədi. Əvvəlki oyunlarda da hücum futbolu göstərən "Neftçi" moskvalıları 5:3 hesabı ilə darmadağın etdi. Belə qollu qarşılaşmalardan sonra 9 turun yekununa görə "Neftçi"dən Şevçenko, Banişevski və Tuayev hərəyə 5 qolla bombardirlər siyahısında idilər. Bakılı hücumçulara artıq SSRİ-nin yığma komandasında da ehtiyac duyulmuşdu. Banişevski ilə Şevçenko yığmanın heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarında çıxış etdilər. Birinci kiprlilərin, ikinci isə ispanların qapısına qol vurdu. Birinci dövrədə hər şey bakılıların istədiyi kimi gedirdi. "Neftçi" lider Kiyev "Dinamo"sundan 5 xal geri qalaraq 4-cü yeri tuturdu. Vurulan topların sayına görə isə komandamız hamını qabaqlayırdı. Baxmayaraq ki, R. Mirzəyev zədələnərək uzun müddətə sıradan çıxmış, Şevçenko, Smolnikov, Kramarenko və Y. Babayev zədə üzündən bəzi oyunları buraxmalı olmuşlar. Cərrahiyyə əməliyyatından yeni qayıtmış M. Zeynalov hələ həmişəki formasından uzaq idi. Ölkə kuboku uğrunda "Spartak"la yarımfinal oyununda 5:0 hesabı ilə məğlub olan "Neftçi" çempionatın ikinci dövrəsini olduqca zəif keçirməsinə baxmayaraq 9-cu yeri tutdu.

Lakin 1971-ci il uğursuzluqla başa çatdı. Bunda daha çox SSRİ Futbol Federasiyasının qərəzli mövqeyi də rol oynadı. Çempionata uğurla başlayan Neftçinin heyətindəki əsas oyunçular olan Anatoli Banişevski ilə Vitali Şevçenko SSRİ yığmasına cəlb olundular. İkinci dövrədə isə iki oyunda “Neftçi" hakimlərin qeyri-obyektivliyi ilə üzləşdi. Daşkənddə “Paxtakor"la və Rostovda OİK-lə oyunlarda hakimlər “Neftçi"nin qapısına oyundankənar vəziyyətdən vurulan qolları qeydə aldılar. Hakimlərin qeyri-obyektivliyindən əsəbiləşən Sergey Kramarenko, Rafiq Quliyev, Vyaçeslav Semiqlazov və Vladimir Bruxti cəza alaraq bir neçə oyunluq diskvalifikasiya olundular. SSRİ Futbol Federasiyası və İdman Komitəsi hətta “Neftçi"nin çempionatdan xaric edilməsi məsələsini qaldırdı. Lakin bu barədə müvafiq qərar qəbul edilsə də, sonda məmurlar fikirlərini dəyişdilər. 1972-ci il mövsümü isə məşqçi dəyişiklikləri və böyük uğursuzluqla yadda qaldı. Belə ki, Ələkbər Məmmədov işdən azad edildikdən sonra komandaya qısa müddət ərzində Anatoli Qryazev, sonra Georgi Jarkov başçılıq etdi. Amma onlar da “Neftçi"ni 1-ci liqaya düşməkdən xilas edə bilmədilər. 1973-cü ildə komandaya Valentin Xlıstov baş məşqçi təyin olundu. O vaxt heyət demək olar ki, azəbaycanlı futbolçulardan qurulmuşdu. Yeni kollektivlə yenidən güclülər dəstəsinə qayıtmaq üçün 4 il gözləmək lazım oldu. Nəhayət, 1976-cı ildə “Neftçi" yüksək liqaya qayda bidi. Həmin dövr ağdamlı Elbrus Abbasov əsl tapıntı idi. 1-ci dəstənin bombardiri olan Abbasov güclülər dəstəsində də komandasının əsas qol silahı olmalı idi.