thumb|right|228px|B.e. I–II əsrlərinə aid Bona Dea heykəlciyi. Qədim Heykəl Muzeyi, Roma.
Bona Dea () — Roma mifologiyasında məhsuldarlıq, sağlamlıq və məsumluq ilahəsi, qadınların himayədarı. Bona Dea daha çox bir əlində bolluq buynuzu, digər əlində isə içində ilan olan kasa ilə qadın olaraq təsvir edilmişdir. İlk növbədə, onun kultu e.ə. III əsrdə Tarantonun (qədim adı Tarent) fəthindən sonra Romaya nüfuz etmişdir. Onun adı tabu idi və buna görə də hətta qədim yazıçılar onun həqiqətən kim olduğuna dair müxtəlif fərziyyələrə malik idilər. Öz kultunun xüsusiyyətlərini nəzərə alaraq, Bona Dea əsasən Favnın qızı Favna ilə eyniləşdirilir.
Onun əsas məbədi Aventin təpəsinin yamacında yerləşirdi. Bona Dea qədim Roma cəmiyyətinin həm zadəganları, həm də aşağı təbəqələri tərəfindən ehtiramla qarşılanırdı. Hər il 1 mayda və dekabrın əvvəlində onun şərəfinə misteriyalar həyata keçirilirdi. Buna yalnız evli qadınlar və Vestal bakirələri qəbul edilirdi. May ayında onlar məbəddə, dekabrda isə konsul və ya pretor kimi ən yüksəkvəzifəli şəxslərdən birinin evində şənlik keçirirdilər. Misteriyalar zamanı kişilər evi tərk edərdilər. Yuvenalın "Satiralar" əsərində misteriyaların "pozğun orgiyalar" kimi təsvir edilməsi antik dövrün müasir alimləri tərəfindən inkar edilir.
E.ə. 62-ci ildə keçirilmiş Bona Dea misteriyası Qay Yuli Sezarın ikinci həyat yoldaşı Pompeya Sulla ilə boşanmasına səbəb olan hadisə ilə əlaqələndirilir.
Mənşəyi Bona Dea kultu e.ə. 272-ci ildə Roma tərəfindən fəth edilən Tarentdə yaranmışdır. Burada ona Damiya adı ilə ehtiram edilirdi. Şəhərin Roma dövlətinə inteqrasiyasından sonra bu kult Roma şəhərinə yayılmışdır.
"Yaxşı ilahə" () fəxri ad və ləqəbdir. Odur ki, ilahənin həqiqi və ya kult adı məlum deyil. Onun digər, daha az yayılmış adları və ya təxəllüsləri arasında "Feminea Dea" (),Propertius, 4, 9, 25. "Laudanda Dea" ()Lygdamus, Elegia, 5, 8. və Sankta (, ) daxildir. Bona Deanın epitetləri "tarla", "tibb bacısı", "şəfaçı", kənd icmasının himayədarı kimi "Paqana", "qüdrətli", "işıqlı", "kraliça" idi.
Bona Dea "müəyyən edilə bilməyən bir növ"dədir, çünki onun mənşəyi və funksiyaları haqqında bir neçə fərqli versiya var. Onun adının səsləndirilməsi tabu halına gələndən sonra qədim romalılar arasında Bona Deanın həqiqətən kim olduğuna dair bir çox nəzəriyyələr yaranmışdı. Fest onu Damiya adlı "qadın ilahəsi" ilə eyniləşdirir, lakin Jorj Dümezilə görə, bu, qədim yunan ilahəsi "Demetra"nın yanlış oxunması idi. Nəzəriyyərlərdən bəziləri Makrobinin "Saturnaliya" əsərində toplanmışdır. Makrobinin yazılarına görə, onu Favna, Opa, Fatua, Mayya, Medeya, Semela, Hekate və hətta Yunona ilə eyniləşdirmək mümkündür.Макробий. Сатурналии 2. 21–26 Xristian müəllif Laktansi, polimat Varronu mənbə kimi göstərərək qeyd etmişdir ki, Bona Dea Favnın həyat yoldaşı və bacısı idi. O, burada "Peyğəmbər Fenta" və ya "Səfeh Fenta" adlanır.
Hər halda, Bona Deanın şərəfinə keçirilən misteriyalar, eləcə də məbədin abadlaşdırılması zamanı gözəçarpan xüsusiyyətlər bir çox cəhətdən Favnın qızı Favna mifini təkrarlayırdı. Favna atası ilə insestual seksual əlaqəyə girməmək üçün ilana çevrilmişdir. Makrobinin məlumatına görə, Favn onu sərxoş etməyə çalışmış və mərsin çubuqları ilə döyərək onu insestə məcbur etmişdir.Макробий. Сатурналии 2. 24–25 Bu mif orfik mifologiyada atası Zevsin xtonik ilan cismində Persefonaya təcavüzü ilə nəzərəçarpacaq dərəcədə oxşarlıq daşıyır.
Bəzi hallarda, Bona Deaya həsr olunmuş şəxsi ziyarətgahlarda o, əsasən, ilan kimi təsvir edilmişdir. Qədim romalılar ilanların qoruyucu və müalicəvi xüsusiyyətlərə malik olduğunu düşünürdülər. İlanlar həmçinin, məhsuldarlığın simvolu idilər. Bu baxımdan ilanlar Asklepi, Demetra və Serera kultları ilə də əlaqəli idilər. Bəzi romalılar hətta zərərsiz və zəhərsiz ilanları evlərində ev heyvanı kimi saxlayırdılar. İlahənin klassik obrazı xiton və ya xalat geyimində taxtda oturmuş qadın idi. Bu təsvirlərdə o, sol əlində bolluq buynuzu, sağ əlində isə əlinin ətrafında dolanan ilanın qidalandığı bir kasa tuturdu. İlan və bolluq buynuzu simvollarının bu birləşməsi Bona Deaya xas xüsusiyyətdir və onu dəqiq müəyyən etməyə imkan verir.
Kultu Məbədləri thumb|Bona Dea məbədinin yerini göstərən qədim Roma xəritəsi ("Tempel von Bona Dea").
Alimlər tərəfindən ehtimal edilir ki, e.ə. 272-ci ildə Tarentin Roma Respublikası tərəfindən fəth edilməsindən az sonra Romada Bona Deaya həsr olunmuş ziyarətgah tikilmişdir. Ovidin məlumatına görə, məbəd e.ə. III əsrin sonlarında yaşamış Klavdiya Kvinta tərəfindən tikilmişdir.Ovid, Fasti, 2, 35. Romadakı Bona Dea məbədi Aventin təpəsinin şimal-şərq hissəsində, indiki Müqəddəs Balbina bazilikasının yerində, Böyük sirkin yanında yerləşirdi. Məbəd ən azı iki dəfə, ilk növbədə Oktavian Avqustun həyat yoldaşı Liviya, sonra isə imperator Adrian (117–138) tərəfindən bərpa edilmişdir. Qədim mənbələrdə onun haqqında son qeyd b.e. IV əsrinə təsadüf edir.
Müasirlər məbədin quruluşu haqqında heç nə bilmirlər. Makrobiyə görə, məbəddə çoxlu dərman bitkiləri var idi. Məbədin ətrafındakı ərazi ilanlar üçün sığınacaq kimi xidmət edirdi, çünki onlar ilahə kultu ilə əlaqələndirildiyi üçün orada məhv edilməmişdilər. Məbədin ərazisinə giriş yalnız qadınlar üçün mümkün idi və kişilərə qəti şəkildə qadağan edilmişdi.Макробий. Сатурналии 2. 25–26
Roma şəhərindən kənarda yerləşən ziyarətgahların və Bona Deaya həsr olunmuş məbədlərin çoxu məhv edilmişdir. Onların ehtimal edilən tikilmə tarixi onu göstərir ki, bu kult Roma imperiyasının əvvəlki dövrlərində geniş yayılmışdır. Akvileya, Ostiya, Portus və digər şəhərlərdə Bona Deanın şərəfinə məbədlər var idi. Onların xarabalıqlarında müəyyən edilmişdir, məbədin ərazisində baş verənləri görməyə mane olan sədd mövcud idi. Alimlər ehtimal edirlər ki, bir sıra otaqlar dispanser kimi istifadə olunurdu. B.e. IV əsrinə qədər onlar həmçinin, kult müalicə mərkəzləri kimi xidmət edirdilər.
İnanclar Bona Dea kultunun inanclarına görə, o, öncəgörənlik funksiyasına sahib idi. O, ilkin vaxtlarda məhsuldarlıq ilahəsi idi. Bona Deanın funksiyası mal-qaranın sayını artırmaqdan ibarət idi. Zaman keçdikcə onun "qabiliyyətləri" insanlara doğru genişlənmiş və yeni funksiyalar nəticədə ilahənin "kənd təsərrüfatı" təbiətini yerindən qoymuşdur. "Favna" adı tabu halına gəlmişdir və bu, "Bona Dea" ilə əvəz olunmuşdur. Qədim romalıların ideyalarına görə, o, qadınlara gələcək nəsil əldə etmək və ya nəsil artırmaqda kömək edirdi. İlahə həmçinin, müxtəlif xəstəlikləri sağaltmaq qabiliyyətinə malik idi. Bəzən cadu alətləri kimi Bona Deaya bağlar, ocaqlı ibadətgahlar, həmçinin güzgülər həsr olunurdu. Varron kişilərin Bona Deanın kultundan kənarda qalmasını onun böyük təvazökarlığının nəticəsi kimi izah edir. Servi bildirmişdir ki, bu, onu iffətli qadınlığın nümunəsinə çevirir.
Rəsmi olaraq, Bona Deanın şərəfinə keçirilən festivallarda yalnız patrisi və Vestal bakirələrinə icazə verilirdi. Buna baxmayaraq, bu, o demək deyildi ki, Bona Deaya cəmiyyətin aşağı təbəqələri tərəfindən ehtiram edilmir. Qədim Romada azad edilmiş kölələrə kahin kimi vəzifələr tutmaq, habelə ənənəvi Roma tanrılarına ibadətdə iştirak etmək qadağan edilmişdir. İstisna yalnız Bona Dea üçün tətbiq olunmuşdur. Salamat qalmış qədim yazılara görə, azad edilmiş qadınlar hətta Bona Dea kultunun kahinləri ola bilərdilər və ümumiyyətlə, Bona Dea kölələr arasında çox populyar idi.
İldə iki dəfə – 1 may tarixində və dekabrın əvvəllərində ilahəyə həsr olunmuş festivallar keçirilirdi. Sonrakı dövrlərdə yaşamış Roma yazıçıları fərqli tarixləri və yerlər istisna olmaqla Bona Deanın 1 may və dekabr festivallarının mahiyyətcə eyni olduğunu düşünürdülər.
Oyanış günü 1 may tarixində Aventin təpəsində yerləşən məbəddə Bona Deanın oyanış günü qeyd olunurdu. Həmin gündə onun məbədində çiçəklər və əyləncələr içində bayram keçirilirdi. Roma qadınları, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, sübh çağı başlayan və axşama doğru sona çatan misteriyalar üçün toplaşırdılar. Onların misteriyalar zamanı ilahənin "bal qablarında" süfrəyə verilən "südündən" çoxlu miqdarda içmələri gözlənilirdi. Əslində, bu, xüsusi gümüş qablarda verilmiş güclü və yeni şərab idi. Böyük miqdarda şərab istehlak edilməsinə baxmayaraq, bayramda "şərab" sözünü işlətmək, həmçinin Favn mifini əks etdirən mərsin budaqlarından istifadə etmək qadağan edilmişdi.Плутарх. Римские вопросы. 20 Respublika dövründə Bona Deanın oyanış günü ilə keçirilən festivallar bütün təbəqələrdən olan qadınlar və hətta məhdud şəkildə kişilər üçün açıq idi. Onun Aventin kultuna nəzarət Orta Respublika dövründə müxtəlif vaxtlarda mübahisələrə məruz qalmışdır. E.ə. 123-cü ildə Vestal bakirəsi Likiniya tərəfindən qurbangah, ibadətgah və divan hədiyyəsi ilə məbədin ithaf edilməsi və ya yenidən həsr edilməsi Roma senatı tərəfindən qanunsuz olaraq dərhal ləğv edilmişdir. Likiniya özü sonradan inamsızlıqda ittiham edilmişdir və edam olunmuşdur. Son Respublika dövründə Bona Deanın oyanış günü festivalı gündəmdən düşmüşdü.
Dekabr ritualı thumb|250px|"Klodi Bona Dea festivalında". Sebastyano Konka.
Bona Dea şərəfinə keçirilən ikinci bayram daha az təmtəraqla qeyd olunurdu, lakin daha vacib və əhəmiyyətli hesab olunurdu. Bu bayram dekabr ayının əvvəlində qeyd olunurdu. Festivalın tarixdə sadəcə iki dəfə keçirilməsi haqqında məlumat var. Burada ən nəcib evli Roma qadınları və Vestal bakirəsi olan qızlar konsul və ya pretor kimi ən yüksək məmurlardan birinin evinə toplaşır və onu üzüm yarpaqları ilə bəzəyirdilər. Kişilər evi tərk etməli olurdular və hətta erkək ev heyvanları da evdən çıxarılırdı, kişiləri təsvir edən freskalar və heykəllər parça ilə örtülürdü. Bu misteriyaları Vestal bakirəsi olan qızlar və evin xanımı həyata keçirirdi. Qadınlar o gecə baş verənləri sirr kimi saxlamış və bu sirrə müqəddəs yanaşırdılar. Buna görə də dövrün müəllifləri baş verənlərin mahiyyətini dərk etmirdilər. Yalnız məlumdur ki, ilahənin "yuxuya salındığı" mərasim çadırı üzümlər ilə bəzədilirdi. Məbəddən xüsusi olaraq Bona Deanın heykəli gətirilirdi. Musiqinin və ilahilərin oxunmasının müşayiəti ilə qurban verilirdi. Rituallar Roma ənənəsi ilə bütün təbəqələrdən olan Roma qadınlarına qoyulan adət-ənənələrin müvəqqəti olaraq aradan qaldırılmasını müqəddəsləşdirmişdir. Burada kişilərin şəhvətinin əvəzinə qadın şəhvətinə diqqət yetirən kontekstdə bakirə və matronaların təmiz və qanuni seksual potensialına vurğu edilmişdir. Alimlərin fikrinə görə, Bona Dea kultunun məlum olan xüsusiyyətləri Demetra üçün keçirilən Fesmoforiya festivalını xatırladır. Bu festivalda əsasən və ya yalnız qadınlar tərəfindən həyata keçirilən gecə ritualları, musiqi, şərab və qurbanvermə daxildir.
Bona Deaya həsr olunmuş misteriyalarının təsviri iki müasirin – Yuvenalın (60–127) və Plutarxın (46–127) əsərlərində var. Yuvenal "Satiralar" əsərində onları müxtəlif seksual pozğunluqlardan ibarət orgiya kimi təqdim etmişdir,Ювенал. Сатиры. Сатира шестая. 315–345 lakin Plutarx Bona Deanın misteriyalarını təsvir edən zaman daha təmkinli olmuşdur. Siseron "Hapispiklərin cavabları haqqında" nitqində göstərir ki, e.ə. 62-ci ildə Publi Klodi Pulxr ilə əlaqədar qalmaqaldan əvvəl Bona Deanın şərəfinə keçirilən müqəddəs ritualda bir kişinin iştirak etməsi halı müşahidə edilməmişdir.Цицерон. Об ответах гаруспиков 37–38 Buna əsaslanaraq, müasir klassik alimlər belə hesab etmişdilər ki, qadınlar kultun icrası zamanı bəzən seksual hədsizliyə yol verirdilər, lakin kultun özünün pozğunluqla heç bir əlaqəsi yoxdur. Alimlər Yuvenalın sözlərini ehtiyatla qəbul edirlər, çünki onun müasiri Plutarxın "hər il konsulun evində onun həyat yoldaşı və ya anası tərəfindən Vestal bakirələrinin iştirakı ilə təntənəli şəkildə qurbanlar verilir"Плутарх. Цицерон. 19 ifadəsi misteriyanın yüksək əxlaqi xarakterindən xəbər verir.