Qreyp (16 aprel 1996 – 12 oktyabr 2017) və ya tanınan adı ilə – Yaponiyanın Saytama prefekturasının Miyaşiro qəsəbəsində yerləşən Tobu zooparkında saxlanılmış Humbold pinqvini. 2017-ci ildə buraxılmış "Kemono Friends" animesinin antropomorfik Humboldt pinqvini personajı Hululunun maketinə olan bağlılığı səbəbilə məşhur olmuş, beynəlxalq şöhrət və onlayn fanat bazası əldə etmişdir. Qreyp-kun 2017-ci ilin oktyabrında xəstəlik səbəbilə ölmüşdür.

İlk illəri Qreyp 1996-cı ildə Tokioda yerləşən Hamura zooparkında yumurtadan çıxmışdır. İdentifikasiya məqsədilə qanadına yerləşdirilmiş bənövşəyi halqa səbəbilə "üzüm" mənasına gələn sözlə adlandırılmışdır. "-kun" suffiksi yapon dilində oğlanlar üçün istifadə olunan hörmət şəkilçisidir və erkək ev heyvanları üçün də istifadə olunur. 2006-cı ilin martında yoldaşı Midori ilə birlikdə Saytama prefekturasının Miyaşiro qəsəbəsində yerləşən Tobu zooparkına transfer olunmuşdur.

Midori və Qreyp-kunun birlikdə balası olsa da, zoopark rəhbərliyi balanı valideynlərdən ayırmışdır. Bu hadisənin Qreyp-kun ilə Midori arasındakı əlaqəyə təsir etdiyi güman olunur. On il birlikdə olduqdan sonra Midori Qreyp-kunu daha gənc pinqvin üçün tərk etmişdir. Bu hadisədən sonra Qreyp-kun sərgiləndiyi məkandakı digər bütün pinqvinlər tərəfindən rədd edilmiş və vaxtının çoxunu koloniyadan təcrid olunmuş vəziyyətdə keçirməyə başlamışdır.

Anime personajına bağlılığı 2017-ci ilin aprelində Tobu zooparkının rəhbərliyi ziyarətçi cəlb etmək üçün "Kemono Friends" anime serialındakı personajlara aid 60 maketi zooparkda yerləşdirmişdir. Bu, həm də heyvanlar haqqında daha çox məlumat vermək üçün nəzərdə tutulmuş kampaniyanın bir parçası idi. Qreyp-kunun saxlanıldığı məkanda yerləşdirilmiş maket antropomorfik Humboldt pinqvini olan Hululuya aid idi.

Qreyp-kun saatlarla maketə baxmağa başlamış, hətta maketin yerləşdirildiyi hündür qayaya dırmaşmağa çalışmışdır. Zoopark işçiləri yaxınlıqdakı hovuza düşməsinin qarşısını almaq üçün onu maketdən ayırmışdırlar. KİV əməkdaşları Qreyp-kunun Hululuya "aşiq olduğunu" elan etmişdirlər. Tezliklə zoopark Qreyp-kunun sevgisi ilə münasibətini əks etdirən "Qreypi sevmək" adlı içki yaratmışdır.

Qreyp-kunun maketə olan bağlılığını ona şöhrət və internetdə qlobal fanat bazası qazandırmışdır. Hululunun seyyusu İkuko Çikuta pinqvinlər haqqında maarifləndirici tədbir çərçivəsində Qreyp-kunu ziyarət etmişdir. Qreyp-kuna həsr olunmuş festivalın keçirilməsi planlaşdırılmış, lakin oktyabrda onun sağlamlığı pisləşməyə başlamışdır. O, bir pinqvin üçün xeyli qoca idi. Zoopark rəhbərliyi 12 oktyabrda Qreyp-kunun öldüyünü açıqlamışdır. Zoopark işçiləri onun şərəfinə kiçik məbəd yaratmış, bir neçə qonaq onun saxlanıldığı yerə güllər qoymuşdur. Sosial media istifadəçiləri onun ölümünü #grapekun heşteqi ilə yad etmiş, Qreyp-kun və Hululunu birlikdə təsvir edən illüstrasiyalar hazırlamışdırlar. 2018-ci ilin yanvarında zoopark rəhbərliyi pinqvinlərin saxlanıldığı yerdə Hululu və Qreyp-kunu yan-yana təsvir edən yeni maket yerləşdirmişdir.

Qalereya

İstinadlar

Kateqoriya:Yaponiyanın məşhur heyvanları Kateqoriya:Məşhur pinqvinlər Kateqoriya:Zooparkda saxlanılan məşhur heyvanlar