thumb|Bakı İEM İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır.
İstilik elektrik stansiyaların tipləri İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər.
Buraxılan enerjiyə görə Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir.
İES-lərdə qoyulan turbinlərin tiplərinə görə Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur. Buxar turbini ilə işləyən stansiyaların FİƏ–i təxminən 36–42%-ə qədər olur. Qaz turbinli stansiyalardakı turbinlərin gücü 150, 250 MVt olur. Qaz turbini ilə işləyən stansiyaların FİƏ–i 28–34% olur. Buxar-qaz turbinli stansiyalardakı turbinlərin gücü 400, 500 MVt olur. Buxar-qaz turbini ilə işləyən stansiyaların FİƏ–i 52–57% olur.
Buxar generatorunun (qazanlarının) tiplərinə görə Buxarın parametrləri kritik parametrlərdən aşağı olan İES-lərdə barabanlı və düzaxınlı qazanlardan istifadə olunur. Kritik parametrlərdən yüksək parametrlərdə işləyən stansiyalarda ancaq düzaxınlı buxar generatorları qoyulur.
Buxarın başlanğıc parametrlərinə görə Bu əlamətə görə İES-lər kritik təzyiqdən aşağı (16,0–17,0 MPa təzyiqə qədər) və kritik təzyiqdən yüksək (22 MPa təzyiqdən böyük) təzyiqlə işləyən stansiyalara ayrılırlar. Adətən gücü 200 MVt-dan az olan turbinlərə daxil olan buxarın təzyiqi kritik qiymətdən az (13 MPa), gücü 250 MVt-dan çox olan turbinlərə daxil olan buxarın təzyiqi kritik qiymətdən böyük (24 MPa) olur.
Yanacağın növünə görə Qeyd edilən əlamətə görə İES-ləri bərk (əsasən kömür), maye (əsasən mazut) və qaz (əsasən təbii qaz) yanacağı ilə işləyən stansiyalara ayırırlar. Dünyada İES-də elektrik enerjisi alınmasında yanacaq kimi kömürdən daha çox istifadə edilir. Daha doğrusu elektrik enerjisi alınmasının 60%-i kömürə, 28%-i qaza, 12%-i mazuta əsaslanır. Ancaq Azərbaycanda İES-lərdə bərk yanacaqdan istifadə edilmir. Ölkəmizdə elektrik enerjisi istehsalında 80–87% qaz və 13–20% maye yanacaqdan istifadə edilir.
Texnoloji sxemə görə Texnoloji sxemə görə İES-lər blok və qeyri-blok tipli stansiyalara ayrılırlar.
Blok tipli İES-lər müstəqil şəkildə işləyən bir neçə enerji blokundan ibarət olur. Hər bir blokun özünün əsas avadanlığı – buxar turbini və qazanı və onları birləşdirən köməkçi avadanlıqları olur. Turbinin bir buxar qazanı olarsa, belə bloka – monoblok, iki buxar qazanı olarsa, dubl-blok deyilir. Adətən blok sxemində buxarın aralıq qızdırılmasından istifadə olunur. Ona görə də gücü 150 MVt və ondan böyük olan turbinlər blok sxemi üzrə işləyirlər.
Qeyri blok sxemi stansiyalarda qazanların ümumi bəsləyici su xətti və ümumi buxar xətləri olur. Turbinlərə buxar ümumi buxar xəttindən verilir.
İES-lərin qoyulmuş gücünə görə Bu əlamətə görə İES-lər az güclü (100 MVt-a qədər), orta güclü (100–1000 MVt) və böyük güclü (1000 MVt-dan çox) stansiyalara ayrılırlar. Bundan başqa, bir il müddətində qoyulmuş gücdən istifadə saatlarına görə baza (əsas) stansiyalar (6000–7500 saat), pik stansiyalar (2000 saata qədər) və yarım pik stansiyalara ayrılırlar.
KES-in iş prinsipi Buxar qazanının ocağında üzvi yanacaq yandırılır və alınan istilik hesabına su buxarlanır. Sonra həmin buxar lazımi temperatura qədər qızdırılaraq (t=540–560 °C) turbinə verilir. Turbində buxar genişlənərək iş görür, yəni istilik enerjisi mexaniki enerjiyə çevrilir, nəticədə turbinin valı fırlanır. Turbinin valı fırlananda elektrik generatorunun rotoru da fırlanır və orada elektrik enerjisi hasil edilir. Turbindən çıxan buxar isə kondensatorda soyudularaq kondensatlaşır və nasos vasitəsilə sistemdə dövr etdirilir.
İEM-in iş prinsipi İstilik elektrik mərkəzləri (İEM) tələbatçıları həm elektrik, həm də ki, istilik enerjisi ilə təmin edirlər. Ona görə də İEM-lərin prinsipial sxemində istilik tələbatçısı da göstərilmişdir. İEM-lərdə əks təzyiqli turbinlər və ya, tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər qoyulur. Əks təzyiqli turbinlər qoyulduqda sxemdə kondensator göstərilmir, çünki turbindən sonra buxar istilik tələbatçısına göndərilir (şək.a). Adətən İEM-lərin sxemində rediksion soyuducu qurğu da qoyulur ki, turbin işləməyəndə tələbatçıya buxar vermək mümkün olsun.
Tənzimləmə ayrımı olan turbinlər qoyulduqda isə sxemdə kondensatoru da göstərmək lazımdır (şək.b). İstilik tələbatçısına verilən buxarın bir hissəsi kondensat şəklində stansiyanın sxeminə qaytarılır. Beləliklə, İEM-in prinsipial sxemi KES-in prinsipial sxeminə oxşar şəkildə göstərilir, ancaq əlavə olaraq istilik tələbatçısı rediksion soyuducu qurğu ilə onları birləşdirən xətlər də göstərilməlidir.
İES-in əsas avadanlıqları İES-in əsas avadanlıqları bunlardır: buxar qazanı (generatoru), buxar turbini, elektrik generatoru.
Buxar qazanı (generatoru) İES-lərdə buxar qazanları əsas istilik avadanlığı olub, bəsləyici suyu müəyyən təzyiq və temperatura malik qızışmış buxara çevirir.
Elektrik enerjisi hasil etmək üçün stansiyada qoyulan buxar qazanları energetik buxar qazanları, texnoloji və istiləşdirmə məqsədləri üçün işlədilən buxar qazanları isə sənaye və yaxud istiləşdirmə buxar qazanları adlanır.
Buxarlandırıcı borularda su-buxar qarışığının hərəkəti iki cür təşkil edilir: təbii və məcburi.
Bu səbəbə görə buxar qazanları aşağıdakı siniflərə bölünür: təbii dövranlı barabanlı buxar qazanları, məcburi dövranlı barabanlı buxar qazanları, düz axınlı buxar qazanları, kombinəedilmiş dövranlı qazanlar.
Respublikamızın enerji sistemində təbii dövranlı barabanlı buxar qazanları və düz axınlı buxar qazanlarından istifadə edilir.
Təbii dövranlı barabanlı buxar qazanının iş prinsipi: Yanıcı qarışıq yandırıcı quruluşa verilir. Burada yanacağın yanma prosesi getmir. Yandırıcı quruluşun vəzifəsi yanacaq ilə havanın yaxşı qarışmasını təmin etməkdir. Yanıcı qarışıq ocaq kamerasına verilir, burada yanma prosesi nəticəsində yüksək temperatur (2000 °C-yə qədər) alınır. İstiliyin bir hissəsi daxili divarlarda yerləşən buxarlandırıcı borulara şüalanma yolu ilə verilir. Nəticədə borunun daxilində su buxar qarışığı yaranır. Sıxlıqlar fərqi nəticəsində su-buxar qarışığı barabana doğru hərəkət edir. Burada su və buxar ayrılır. Barabandan buxar buxar qızdırıcıya oradan isə turbinə verilir. Bu buxarın miqdarında isə barabana bəsləyici su verilir. Bu su isə öz növbəsində ekonomayzerdə müəyyən temperatura qədər qızdırılır. Ekonomayzerdən sonra hava qızdırıcısı yerləşdirilir. Burada yanma məhsulları öz istiliyini havaya verir. Bu hava isə yanıcı qarışıq hazırlamaq üçün istifadə edilir. Bütün bu proseslərdən sonra atmosferə atılan havanın temperaturu 140 °C-160 °C-yə düşür."Qazan qurğuları" — K. M. Abdullayev. Bakı – 2008.
Buxar turbini Turbin latınca "turbine" yəni "dönən" deməkdir. Buxar turbinləri istilik mühərrikləridir.
Buxar əvvəlcə soplo adlanan kanalda təzyiqi kiçik olan mühitə axır, nəticədə soploda buxarın sürəti kəskin artır. Soplodan böyük sürətlə çıxan buxar seli val ilə tərpənməz birləşmiş diskin çənbəri boyu yerləşdirilmiş kürəklərin üstünə axır. Kürəklərarası mühitdən axan buxarın hərəkət istiqaməti dəyişdiyindən öz kinetik enerjisinin bir hissəsini kürəklərə verir (kürəkləri itələyir), bunun nəticəsində disk və onunla tərpənməz birləşmiş val fırlanır."Qazodinamika" — A. Q. Hüseynov, V. H. Həsənov. Bakı – 2015.
Turbinlər buxar axınının istiqamətinə görə ox istiqamətli və radial, buxarın təsirinə görə aktiv və reaktiv, ilkin buxarın parametrinə görə orta təzyiqli, yüksəktəzyiqli və kritikdən yüksəktəzyiqli, buxarın paylanmasına görə drossel buxar paylanması, soplolu buxar paylanması və dolayı buxar paylanması olan turbinlərə ayrılır."İstilik elekrtik stansiyalarının buxar və qaz turbinləri" — K. M. Abdullayev, F. İ. Kərbəliyev, C. P. Məmmədova, Ş. N. Nəsirov. Bakı – 2013.
Elektrik generatoru Elektrik generatoru-elektrik maşını olub, mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır.
Generatorlar 2 hissədən ibarət olur: fırlanan hissə rotor və stansionar hissə stator.
Statorun dolağı üç fazadan ibarət olur, ümumi halda isə m-fazalı ola bilər. Generatorun rotorunda yerləşən dolaq təsirlənmə dolağı adlanır.
Generatorun iş prinsipi belədir: mexaniki enerjini elektrik enerjisinə çevrilməsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır. Üzərində maqnit olan stator maqnit sahəsində fırlanan zaman lorens qüvvəsi elektrik cərəyanı yaradır.
İES-lər və ətraf mühit
İES-lərin ətraf mühitə təsiri İES-lər ətraf mühiti çirkləndirən əsas sənaye müəssisələrindən biridir. İES-lərin ətraf mühitə təsiri aşağıdakı kimi təsnif edilə bilər:
İES-lərin atmosferə təsiri thumb|Yanma prosesi düzgün getdikdə İES-dən atılan tüstü qazları
İstilik elektrik stansiyasının tüstü borularından atmosferə aşağıdakı maddələr atılır: tam yanma məhsulları (CO2, H2O, SO2, SO3), natamam yanma məhsulları (CO, CH4, C2H4, C20H12), azot oksidləri (N2O, NO, N2O3, NO2, N2O4, N2O5), kül hissəcikləri, natrium duzları, vanadium birləşmələri, his və s."Enerji ehtiyatları, elektrik enerjisi istehsalı və ətraf mühit" — K. M. Abdullayev, R. K. Məmmədov, Y. İ. Lətifov. II cild. Bakı – 2007, 408 s. thumb|Yanma prosesi düzgün getmədikdə İES-dən atılan tüstü qazları Həm İES-lər həm də digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində atmosferə xeyli miqdarda CO2 atılır. Karbon qazının ekoloji cəhətdən problem yaradan əsas xüsusiyyəti onun atmosferdə "İstixana effekti"-ni əmələ gətirməsidir. Son illər aparılan araşdırmaya görə atmosferdə hər il karbon qazının miqdarı 15 milyard ton artır. Bu artımın təxminən 22%-i İES-lərin payına düşür. Ölkəmizdə də İES-lərdən hər il 9 milyon tona yaxın CO2 atılır.
Atmosferə atılan yanma məhsullarının təşkiledicilərindən biri də kükürd birləşmələridir. Kükürd birləşmələrini SO2 və SO3 təşkil edir ki, onlar da tərkibində kükürd və kükürd birləşmələri olan yanacaqlar yandırılarkən əmələ gəlir. Yanma məhsullarının tərkibində olan kükürd birləşmələrinin 95–99%-i SO2-nin, 1–5%-i isə SO3-ün payına düşür. Qazanın konvektiv qaz yolunda SO2-nin bir hissəsi SO3-ü çevrilir. Qazan qurğusu və ətraf mühit üçün SO2 o dərəcədə də təhlükəli deyil. Ancaq SO3 təhlükəli hesab edilir.
İES-lərdən atmosferə atılan digər maddələrdən biri də politsiklik aromatik karbohidrogenlərin ən fəalı hesab edilən benz-a-pirendir(C20H12). C20H12 yanma prosesinə hava çatmadıqda əmələ gəlir. Sübut edilmişdir ki, C20H12 natamam yanma prosesi zamanı temperaturun 700–800 °C səviyyəsində maksimal qiymət alır. Son illər konserogen natamam yanma məhsullarının təsirinin öyrənilməsi ilə benz-a-pirenin xassələrinin və azaldılma yollarının tədqiqatı aparılır.
Atmosferə atılan yanma məhsullarının tərkibində azot oksidləri (NOx) mövcuddur və onların miqdarının azaldılması üçün ilk növbədə qazanın ocağında temperatur aşağı salınmalıdır.