Enni Nikolett Zadoks-Cozef Citta () — holland numizmat və arxeoloq.
Həyatı və təhsili 1904-cü ildə Amsterdamda anadan olmuşdur. Onun yəhudi ailəsi Bavariyanın Bamberq şəhərindən gəlirdi, lakin 1812-ci ildə Amsterdamda məskunlaşmışdır. Onun əcdadı Natan Cozef, Luis Bonapartın aşağı ölkələrdə bütün sakinlərin soyadla qeydiyyata alınması barədə fərmanına uyğun olaraq "Citta" soyadını qəbul etmişdir. Cozef Citta Amsterdamda Qızlar üçün olan orta məktəbdə, daha sonra Utrext və Haaqada təhsil almışdır. Sonra Leyden Universitetində incəsənət tarixi üzrə dərəcə almış və 1932-ci ildə professor G.A.S.Snayderin rəhbərliyi altında doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu iş "Roma imperiyasında əcdad portretləri və Respublikanın son əsrində incəsənət" adlı kitabının əsasını təşkil etmişdir.
İlk dərəcə imtahanlarını verdikdən sonra Amsterdamda doğulmuş yəhudi hüquqşünası Karel Zadoks ilə evlənmişdir. Lakin onun Hollandiyadakı Milli Sosialist Hərəkatına üzv olmasına baxmayaraq, 1942-ci ildə Amersfurt konsentrasiya düşərgəsində həyatını itirmişdir. Oğulları Jan Karel müharibə illərini Frislandiyada keçirmiş, Zadoks-Cozef Citta isə Amsterdamda Koloniya İnstitutunda çalışmışdır. Onun qeyri-adi soyadı holland jurnalist Teo Toeboşu illər sonra araşdırma aparmağa ilhamlandırmışdır. O, məktəb illərində Cozef Cittanın "Qədim mədəniyyətin şəkillərdə təsviri" kitabının üz qabığında bu adı gördükdən sonra ailə tarixini tədqiq etməyə maraq göstərmişdir. Daha sonra Amsterdam Universitetində klassik dillər və arxeologiya ixtisası üzrə təhsil aldığı zaman Zadoks-Cozef Cittanı həmişə yanında iti ilə birlikdə universitet ərazisində gəzdiyini xatırlamışdır. 2010-cu ildə Toeboş onun ailəsi haqqında "Uitverkoren Zondebokken" (Seçilmiş günah keçiləri) adlı kitabını nəşr etdirmişdir.
Akademik fəaliyyəti 1 may 1948-ci ildən 1 yanvar 1963-cü ilə qədər Zadoks-Cozef Citta Haaqa şəhərində yerləşən Kral Medal Kabinetində qədim sikkələr və oyma daşlar üzrə yarımştat konservator kimi çalışmışdır. Daha sonra Qroningen Universitetində klassik arxeologiya üzrə müəllim təyin edilmişdir. Bundan əvvəl o, 1951-ci ildə arxeoloq Q. van Hornun təqaüdə çıxması və onun əvəzedicisi G.H.Beyenin qısa müddət sonra universiteti tərk etməsindən sonra uzun illər ərzində arxeologiya üzrə mühazirəçi olmuşdur. Onun müəllim vəzifəsinə ilkin təyinatı cəmi beş il üçün nəzərdə tutulmuşdu, çünki o, klassik filologiya sahəsi üzrə deyil, arxeologiya və incəsənət tarixi üzrə ixtisaslaşmışdı. On kitab və iki yüzdən çox məqalə nəşr etdirmişdir və Hollandiyada klassik arxeologiyanın inkişafında mühüm rol oynamışdır. Eyni zamanda Hollandiyada numizmatika sahəsinin akademik tədqiqat kimi inkişafına təkan vermiş və xüsusilə Vim van Esin numizmatika işlərinə töhfə vermişdir. Onun elmi nailiyyətləri Hollandiyanın ilk qadın antik tarix professoru olan Elizabet Visser (1908–1987) tərəfindən yüksək qiymətləndirilmiş və 70 illik yubileyi münasibətilə onun şərəfinə elmi məqalələr toplusu nəşr edilmişdir.
Seçilmiş əsərləri
İstinadlar