Layoş Martin (; ) — Macarıstan riyaziyyatçısı və mühəndisi. O, nəqliyyat və aerodinamika sahəsindəki işləri ilə tanınır.

Martin Macarıstanda ilk olaraq təyyarə və idarə olunan dirijabl nəzəriyyəsini öyrənmişdir. O, təyyarənin sükanında qanadcıqların istifadə edilməsini təklif edən ilk şəxs olmuşdur. Martin iki-üç metr hündürlüyə qalxdığı güman edilən helikopterə bənzər, velosiped ilə işləyən konstruksiya inşa etmişdir.

Erkən həyatı Layoş Martin 30 avqust 1827-ci ildə Avstriya imperiyasının tərkibində olan Buda (indiki Budapeşt) şəhərində anadan olmuşdur. O, şərabçı ailəsinin yeddinci oğlu idi. Martin Roma-Katolik orta məktəbini bitirdikdən sonra Peşt Universitetində təhsilə başlamışdır. Avropada 1848-ci il inqilabları onun təhsilinə mane olmuş və aktiv iştirakına görə həbs edilərək sonradan İmperator Ordusuna cəlb olunmuşdur. Nəhayət, 1854-cü ildə Vyana Hərbi-Mühəndislik Akademiyasında təhsilini başa vurmuşdur.

Fəaliyyəti Martin 1859-cu ilə qədər Vyana hərbi məktəbində dərs demiş, sonra ordudan ayrılaraq Budaya qayıtmış və 1861-ci ilə qədər özəl tikinti mühəndisi kimi çalışmışdır. 1863–1868-ci illərdə Şelmetsbanya və Presburqda orta məktəblərdə dərs demiş, riyaziyyat üzrə bir neçə dərslik yazmışdır.

1872-ci ildə Kolojvar Universitetində riyaziyyat professoru təyin edilmişdir. 1895–1896-cı illərdə universitetin rektoru olmuş, təntənəli çıxışında insanların və yüklərin daşınmasında uçuşların əhəmiyyətindən danışmışdır.

Martin ballistika üzrə tədqiqatlarına hələ orduda olarkən başlamış və ömrü boyu bu sahədə nəzəri və eksperimental işlərini davam etdirmişdir. O həmçinin, hidravlika ilə maraqlanmış və ən səmərəli pervane dizaynını axtarmışdır. Həyatının son illərində aerodinamika ilə məşğul olmuş və gələcəkdə aviasiyanın necə olacağına dair çox aydın təsəvvürə malik olmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Macarıstan alimləri