Azad Arif oğlu Rəhimov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021).

Həyatı Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olmuş Sadıq Rəhimovdur.

Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.

1986–1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-nin Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Fəaliyyəti thumb|left|alt=|Yana Batırşina, Morinari Vatanabe və Azad Rəhimov 2019-cu ildə bədii gimnastların Dünya Çempionatının açılış mərasimində

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.

1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989–1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Azad Rəhimov 1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998–2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamı ilə Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilmişdir.

Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri olduğu müddət ərzində 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının, 2019-cu ildə UEFA Avropa Liqası Finalının, 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının, 2020-ci ildə isə UEFA Avropa Çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.

Təltif və mükafatları Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycanda idman sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəsi Azad Rəhimov ailəli idi. Arif adında bir oğlu var.

İstinadlar

Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycanın gənclər və idman nazirləri Kateqoriya:Azərbaycan Dillər Universitetinin məzunları