Skripka Muzeyi ( Museo del Violino), əvvəllər Stradivari Muzeyi adlanıb (Museo Stradivari) — Kremona şəhərində yerləşən musiqi alətləri muzeyi. Muzey ən çox Antonio Stradivari və Cüzeppe Quarneri del Gesù də daxil olmaqla, tanınmış ustalar tərəfindən hazırlanmış skripkalar, violalar, violonçellər və kontrabaslardan ibarət simli alətlər kolleksiyası ilə tanınır. Muzeyin yaranma tarixi Yaxşı tanınmış və məhsuldar işləmiş italyalı simli alətlər ustası və musiqiçisi Enriko Ceruti 1883-cü ildə vəfat etdikdə emalatxanasındakı əşyaları oğlu Paolonun dul qalmış həyat yoldaşı Mişelinaya vəsiyyət etmişdir. Mişelina ikinci dəfə Enriko Cerutinin yaxın dostu olan Giovanni Battista Cerani ilə evlənmişdir. Cerani 1893-cü ildən başlayaraq Antonio Stradivari daxil olmaqla Kremona şəhərində yaşayıb yaratmış məşhur skripka ustalarına məxsus müxtəlif musiqi alətləri və maketləri alıb toplamaq, eyni zamanda satmaqla məşğul olmuşdur. Onun kolleksiyası sayəsində Kremonada Stradivari Muzeyinin (Museo Stradivari) əsası qoyulmuşdur. Muzey daha sonralar dövrünün ilk böyük bilicisi və skripka kolleksiyaçısı kimi tanınan əslən Salabuedən olan qraf İqnazio Alessandro Kozionun qiymətsiz kolleksiyası ilə zənginləşdirilmişdir. Cozionun diqqətlə tədqiq etdiyi demək olar bütün musiqi alətləri İtaliyada skripka istehsalı haqqında elmi biliklərin inkişafına böyük töhfə vermişdir.

1920-ci ildə Boloniyadan olan skripka ustası Cüzeppe Fiorini qraf Kozionun varislərindən taxta modellər, sənədlər və simli alətlər hazırlamaq üçün sənətkarlıq avadanlığı kimi Stradivariyə məxsus olmuş orijinal simli alətlər əldə etmişdir. Bununla o, İtaliyada yüksək skripka istehsalı məktəbini yaratmaq istəyirdi, lakin, on ildən sonra qarşısına qoyduğu planı həyata keçirə bilmədiyindən 1930-cu ildə bütün kolleksiyasını Kremona şəhərinə bağışlamağa qərar vermişdir. Bundan sonra Kremona şəhər administrasiyası Affetti sarayında Salabue-Fiorini kolleksiyası adı altında bütün alətləri sərgiləyən "Sala Stradivariana" (Stradivarius otağı) yaratmışdır. Palazzo dell'Arte və dövlət arxivlərindəki musiqi alətlərini qısa müddət sərgiləyəndən sonra onları üç otağa bölüb Stradivarius Muzeyində yerləşdirmişlər. Birinci otaq klassik Kremona məktəbinə uyğun olan viola kontraltonun düzəldilməsini təqdim edirdi; ikinci otaq XIX-XX əsrlərdə italyan skripka ustalarının hazırladıqları alətləri nümayiş etdirirdi; sonuncu, üçüncü otaqda isə 16 simli musiqi aləti və 700-dən çox eksponat nümayiş etdirilirdi. “Kremonaya məxsus ənənəvi skripka istehsalı” (İtalyanca: Saperi e saper fare liutario della tradizione cremonese) 2012-ci ilin 5 dekabr tarixində Parisdə Hökumətlərarası Komitənin VII sessiyasında UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmışdır. 2013-cü ilin 14 sentyabr tarixində Palazzo dell'Arte iki il təmir edildikdən sonra bütün kolleksiya Skripka Muzeyinin hazırkı binasına köçürülmüşdür.

2019-cu ildə "Bu Sevgidir" podkastının "Səssiz qalan şəhər" epizodunu hazırlamaq üçün Skripka Muzeyini ziyarət etmişlər.

Muzeyin eksponatları Skripka Muzeyinin kolleksiyaları on otaqda nümayiş etdirilir:

• Otaq 1: Skripkanın mənşəyi - bu otaq skripkanın necə və nə vaxt yarandığını, həmçinin ondan əvvəl mövcud olmuş alətləri göstərir. Bu otaqdakı eksponatlar skripkanın yaranmasına səbəb olan mərhələləri, o cümlədən onun Şimali İtaliyada və Avropanın ən tanınmış kral saraylarında, xüsusən Yekaterina Mediçi dövründə Fransada yayılmasını göstərir;

• Otaq 2: Skripka ustasının emalatxanası - bu otaqda skripkanın hazırlanması prosesi, skripkanın hissələri, skripkanın hazırlanması prosesində istifadə olunan materiallar, alətlər və texnika nümayiş etdirilir;

• Otaq 3: Skripkanın dünyada yayılması - bu otaq XVI əsrdən XX əsrə qədər müasir skripkanın Avropada və dünyanın digər ölkələrində yayılmasını göstərir. Dinləmə zalında XX əsrin məşhur skripkaçılarının ifasında mühüm konsertlərdən parçaları görmək və dinləmək mümkündür.

• Otaq 4: Klassik Kremona Skripka Məktəbi - bu otaq ziyarətçiləri Kremona skripka məktəbinin tarixi və Kremonada yaşayıb yaratmış məşhur skripka ustaları ailələrinə məxsus əsərləri nümayiş etdirir;

• Otaq 5: Xəzinə sandığı - bu otaqda Antonio Stradivari, həmçinin Amati və Quarneri ailələrinin müxtəlif üzvləri tərəfindən hazırlanmış alətlər də daxil olmaqla Kremona Şəhər Administrasiyasına bağışlanmış ən mühüm alətlər yer alıb;

• Otaq 6: Stradivari Alətləri - bu otaqda rəsm, kətan və alətlərdən tutmuş Antonio Stradivarinin emalatxanasından muzeyə hədiyyə edilmiş əşyalara qədər 700-dən çox eksponat var. Eksponatların əksəriyyəti 1930-cu ildə məşhur italyan skripka ustası Cüzeppe Fiorini tərəfindən Kremona Şəhər Administrasiyasına hədiyyə edilmişdir.

• Otaq 7: Skripka istehsalının tənəzzülü və dirçəlişi - bu otaq XVII əsrin sonu və XIX əsrin əvvəllərində Antonio Stradivarinin ölümündən sonra Kremona skripkaçılığı sahəsində baş vermiş hadisələrə həsr olunub;

• Otaq 8: İllik Skripka İstehsalçıları müsabiqələri - 1976-cı ildən bugünə kimi Stradivari Fondu tərəfindən təşkil edilən Kremona şəhərində üç ildən bir beynəlxalq müsabiqə keçirilir. Skripka istehsalçıları və musiqiçilərdən ibarət münsiflər heyəti tərəfindən seçilən ən yaxşı müasir alətlərə mükafatlar verilir. Bu otaqda son 13 müsabiqədə qalib gəlmiş müasir skripkalar, violalar, violonçellər və kontrabasların daimi kolleksiyası nümayiş etdirilir.

• Otaq 9: Stradivarinin dostları - digər kolleksiyaçıların və muzeylərin alətlərinin müvəqqəti sərgilərinə həsr olunub; və

• Otaq 10: Skripka kinoda - Kremona skripkaçıları haqqında çəkilmiş filmlərdən fraqmentlər nümayiş etdirilir.

Muzeydə digər baxmalı yerlər Muzeyin arxa tərəfində, əvvəllər “Palazzo dell'Arte”nin akt zalı olan yerdə, memarlar Giorgio Palù, Michele Bianchi və akustika üzrə mühəndis Yasuhisa Toyota sahibkar Covanni Arvedinin adını daşıyan 464 yerlik auditoriya dizayn edib inşa etmişlər. Zalın mərkəzində yerləşən kiçik 85 m²-lik elliptik səhnədə solistlər və kamera orkestrləri çıxış edirlər.

Muzeyin birinci mərtəbəsində, binanın sol qanadında, Milan Politexnik Universitetinin Musiqili Akustika Laboratoriyası və Pavia Universitetinin Covanni Arvedinin adını daşıyan Qeyri-İnnovativ Diaqnostika Laboratoriyası yerləşir. Bu laboratoriyada skripka istehsalı ilə bağlı əlaqəli şəkildə tədqiqat işləri aparılır. Diaqnostika Laboratoriyası tarixi musiqi alətlərinin bütün hissələrini təşkil edən materialları öyrənmək və xarakterizə etmək, həmçinin musiqi alətlərinin diaqnostikası, bərpası və konservasiyasına həsr olunmuş innovativ analitik və metodik vəsaitin işlənib hazırlanması məqsədi daşıyır.

Milan Politexnik Universitetinin yaratdığı laboratoriyada isə tədqiqatçılar akustik musiqi alətlərinin keyfiyyətinin və dinləmə mühitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirməklə həndəsi, vibrasiya və akustik xüsusiyyətləri ölçmək üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər.

Bura İtaliyada Universitet tədqiqat laboratoriyaları olan yeganə muzeydir.

Muzeyin həyətində kataloniyalı rəssam Jaume Plensa tərəfindən düzəldilmiş "L'anima della musica" ("Musiqinin Ruhu") adlı müasir heykəl var. Heykəldə musiqi notlarına bürünmüş 4 metr uzunluğunda poladdan hazırlanmış yarıçılpaq kişi təsvir edilmişdir. Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Simli musiqi alətləri