Tatyana Vladimirovna Çerniqovskaya ( 7 fevral 1947, Leninqrad, SSRİ ) — Nevrologiya, psixolinqvistika və şüur nəzəriyyəsi sahəsində sovet və rus alimi. 2020-ci ildən Sankt-Peterburq Dövlət Universitetinin Koqnitiv Tədqiqatlar İnstitutunun direktoru. Rusiya Federasiyasının əməkdar ali təhsil işçisi və əməkdar elm xadimi (2010). Rusiya Təhsil Akademiyasının akademiki (2023). Biologiya elmləri doktoru , professor. Norveç Elmlər Akademiyasının xarici üzvü (2006).

Onun təşəbbüsü ilə 2000-ci ildə ilk dəfə ( Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsinin ümumi dilçilik kafedrasında) "Psixolinqvistika" təhsil ixtisası açıldı.

Bioqrafiya O, Leninqradda alim ailəsində anadan olub: atası fizika ilə məşğul olurdu, anası isə kompüter dilçiliyi üzrə çalışırdı. Leninqradın Frunzenski rayonundakı 213 nömrəli orta məktəbi bitirib. Jdanov adına Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsinin ingilis filologiyası fakültəsini bitirmişdir. O, eksperimental fonetika üzrə ixtisaslaşmışdır. 1998-ci ilə qədər Rusiya Elmlər Akademiyasının İ.M.Seçenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunda aparıcı elmi işçi kimi bioakustika, insan beyninin funksional asimmetriyası və sensor sistemlərin müqayisəli fiziologiyası laboratoriyalarında çalışmışdır.

1977-ci ildə SSRİ Elmlər Akademiyasının İ.M.Seçenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunda İnsan və heyvan fiziologiyası ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ildə "Dil və koqnitiv funksiyaların təkamülü: fizioloji və neyrolinqvistik aspektlər" mövzusunda yenə İnsan və Heyvan Fiziologiyası ixtisasi üzrə və Linqvistika nəzəriyyəsi tərəfdən elmi məruzə şəklində biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Rəsmi opponentlər — tibb elmləri doktoru, professor A. N. Şepovalnikov, biologiya elmləri doktoru, professor V. İ. Qalunov və filologiya elmləri doktoru, professor L. V. Saxarnıy. Aparıcı təşkilat — Pavlov adına Rusiya Elmlər Akademiyasının Fiziologiya İnstitutu.

Sankt-Peterburq Dövlət Universitetinin azad incəsənət və elmlər fakültəsinin professoru; əsas iş yeri: Sankt-Peterburq Universitetinin filologiya fakültəsinin professoru. 2020-ci ildən həmin universitetin Koqnitiv Tədqiqatlar İnstitutunun direktoru. Təbiət və humanitar elmlərin konvergensiya problemləri şöbəsinin müdiri vəzifəsini icra edir və koqnitiv tədqiqatlar laboratoriyasının rəhbəridir. Eləcə də Sankt-Peterburq Universitetinin Elmi şurasının üzvüdür.

O, N. V. Çerniqovski (Akademik V. N. Çerniqovskinin oğlu ) ilə nigahda olmuşdur.

Elmi fəaliyyət T. V. Çerniqovskayanın maraq dairəsi psixolinqvistika, neyropsixologiya və neyrofiziologiya sahələridir.

O, Sankt-Peterburq Dövlət Universitetinin Filologiya, Tibb, Azad İncəsənət və Elmlər fakültələrinin bakalavr və magistratura tələbələri üçün Psixolinqvistika, Neyrolinqvistika və "İdrak prosesləri və beyin" kurslarını tədris edir.

Sankt-Peterburqda Avropa Universitetinin Etnologiya fakültəsində də mühazirələr oxuyub.

"Birbaşa nitq" auditoriyasının müəllimidir.

Kultura kanalında "Ulduzlu düşüncə səması", "Təbiətə güzgü göstərək...", "Zirvədə görüş", "Aqora", "Həyatın qaydaları" və Peterburq – Beşinci Kanalda – "Gecə", "İntellekt" rubrikası adlı silsilə televiziya verilişlərində aparıcılıq edib.

O, 2008-2010-cu illərdə Regionlararası Koqnitiv Tədqiqatlar Assosiasiyasının prezidenti olub.

Üzvlüklər

Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü. Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Şurasının "Prioritet və fənlərarası elmi tədqiqatlar" idarələrarası işçi qrupunun üzvü. Rusiya Elmin Təşviqi Assosiasiyası Rəyasət Heyətinin üzvü. Təhsil və Elm Nazirliyi yanında Elmi və Texniki Sahə üzrə Ekspertlərin Federal Reyestrinin üzvü. Finlandiya Semiotik Cəmiyyətinin fəxri üzvü. 2006-cı ildə Norveç Elmlər Akademiyasının Humanitar və Sosial Elmlər Bölməsinin Fəlsəfə və Filologiya qrupunun əcnəbi üzvü seçilmişdir. Bir çox digər rus və beynəlxalq cəmiyyətlərin üzvü. Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbinin ekspert qrupunun üzvü. Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzinin İctimai və Humanitar Elmlər üzrə Birləşmiş Elmi Şurasının üzvü. "Rosnano" Məktəb Liqasının Ekspert Şurasının üzvü.

Mükafatlar

"Rusiya Federasiyasının əməkdar elm xadimi" fəxri adı (9 yanvar 2010-cu il) - elmi və pedaqoji fəaliyyətdəki nailiyyətlərə və ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük töhfəyə görə. "Rusiya Federasiyasının əməkdar ali təhsil işçisi" fəxri adı. Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı (24 yanvar 2024-cü il) - elmi və pedaqoji fəaliyyətdəki nailiyyətlərə, ixtisaslı mütəxəssislərin hazırlanmasına və uzun illər vicdanlı əməyə görə. L. S. Vıgotski medalı (21 aprel 2022). Sankt-Peterburq Hökuməti Mükafatı "Fiziologiya və Tibb - İ.P.Pavlov Mükafatı" nominasiyası üzrə "2021-ci ildə elm və texnologiya sahəsində görkəmli elmi nəticələrə görə" - insan beyninin - təfəkkür, dil və şüurun ali funksiyalarının öyrənilməsinə böyük töhfəyə görə.

İstinadlar

Kateqoriya:Rusiya bioloqları Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Rusiya Federasiyasının əməkdar elm xadimləri Kateqoriya:Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Biologiya elmləri doktorları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:7 fevralda doğulanlar