thumb|240px|Təraş prosesi. Qaşqar, Sincan-Uyğur Muxtar Rayonu.

İslamda saqqal — islam dinində saqqal saxlamağa münasibət. İslamın müxtəlif cərəyanlarında saqqal saxlama və ülgüc ilə qırxmağa münasibət birmənalı olmamışdır. Bəzi məzhəblərə görə, saqqalı qırxmaq günah (fasiq), saqqal saxlamaq isə vacib əməl hesab olunmuşdur. Digərlərinə görə, saqqal saxlamaq müstəhəb və ya sünnənin yerinə yetirilməsi, onu qırxmaq isə məkruh, lakin haram olmayan bir əməl sayılmışdır. Saqqal müsəlmanlar arasında kişiliyin rəmzi kimi qəbul olunmuşdur və onun saxlanılması insanın fitrətinin bir hissəsi hesab edilmişdir.

Tarixi baxımdan, saqqal islamdan əvvəlki dövrlərdə Yaxın Şərqdə hakimiyyət rəmzi olmuş, peyğəmbər Məhəmməd də saqqal saxlayaraq müsəlmanları onu qırxmamağa çağırmışdır. Orta əsrlərdən müasir dövrə qədər müxtəlif məzhəb alimləri saqqalın qırxılmasının haram, məkruh və ya müstəhəb olması ilə bağlı fikir ayrılığına sahib olmuşlar. Eyni zamanda, saqqalın boyanması, bığların formalaşdırılması və uzunluğunun tənzimlənməsi dini və sosial normalarla sıx bağlı olmuşdur.

Müasir dövrdə saqqal həm dini riayət, həm də sosial identifikasiya simvolu kimi qəbul edilir və bəzi ölkələrdə hüquqi və siyasi təsirlər doğurur. Orta Şərq, Mərkəzi Asiya, Şimali Qafqaz və Azərbaycanda saqqal saxlamaq və ya qırxmaq müxtəlif sosial və hüquqi məhdudiyyətlərlə müşayiət olunmuşdur.

Tarixi

Erkən dövrlərdə thumb|180 px|right|Şah İsmayıl Xətai şiə məzhəbinə uyğun olaraq saqqal saxlamışdır.

Yaxın Şərqdə islamdan əvvəlki dövrlərdə saqqal ənənəvi olaraq hakimiyyətin rəmzi olmuşdur. Peyğəmbər Məhəmməd də həmin dövrün yəhudiləri və xristian rahibləri kimi saqqal saxlamışdır. Hədislərə görə, o, müsəlmanları saqqal saxlamağa və onu qırxmamağa çağırmışdır. "Səhih əl-Buxari"də qeyd edilmişdir ki, "Müşriklərdən fərqlənin — saqqallarınızı saxlayın, bığlarınızı qısaldın".Səhihi-Buxari № 5892, Səhihi-Müslim № 259 Səfiyərrəhman Mübarəkfuri tərəfindən təqdim olunan hədislərdən birində bildirilmişdir ki, "bığlarınızı qısaldın, saqqallarınızı saxlayın və atəşpərəstlərə bənzəməyin". Hədislərdə həmçinin bildirilmişdir ki, saqqalsız kişi müsəlman icmasına (ümum) rəhbərlik edə və namazda imamlıq edə bilməz. "Qurani-Kərim"də İsrail patriarxı Harunun saqqalı olduğu nəql edilmişdir və hədis ədəbiyyatında bildirilmişdir ki, Məhəmmədin qalın saqqalı və çiyinlərinə çatan uzun saçları var idi.Al-Tirmidhi, Shama'il Muhammadiyah Book 1, Hadith 5 & Book 1, Hadith 7/8.

Orta əsrlərdə Orta əsrlərdə saqqalı qırxmağın qadağan olunması barədə zahiri fəqihi İbn Həzmin, maliki İmam Həttabın, hənbəlik Səffarinin, hənəfi İbn Abidinin əsərlərində məlumat verilmişdir.

Buna baxmayaraq, üləmanın saqqal qırxmağın haram hesab olunması ilə bağlı fikirlərinin əksəriyyəti şafii məzhəbinin bəzi nümayəndələri tərəfindən ziddiyyət təşkil edirdi. Əks mövqedə olan bəzi şafii alimləri saqqal qırxmağı haram yox, yalnız məkruh hesab etmişdilər. Bu mövqeyi Rafi, Nəvəvi, Zəkəriyyə Ənsari və Xətib Şirbini müdafiə etmişdir. Bununla belə, şafii alimləri Zərkəşi, Həlimi, Qəffal Şaşi və Əzrai saqqalı qırxmağın haram olmasını daha doğru rəy hesab etmişdilər.

Müasir dövrdə thumb|Mərakeş kralı VI Məhəmməd.

Ənənəvi ərəb cəmiyyətində şəxsin sosial statusu onun saqqalının uzunluğundan, formasından və rəngindən asılı olmuşdur. Müasir sələfi alimləri — İbn Baz, Useymin, Əlbani və başqaları saqqalı kişiləri qadınlardan və saqqal saxlamayan kafirlərdən fərqləndirən amil kimi qiymətləndirmiş, qırxmağı haram və günah əməl hesab etmişdilər. Suriyalı şafii alimi Vəhbə Zühəyli (1932–2015) yazmışdır ki, saqqalı qırxmaq hənəfilik, malikilik və hənbəlilikdə haram, şafiilikdə isə məkruh hesab edilmişdir. Eyni mövqeni şiə ayətullahları Əli Sistani və Məhəmməd Şirazi də bölüşmüşdür.

2012-ci ildə İranın ali rəhbəri böyük ayətullah Əli Xamenei milli televiziyanın efirində Mərakeş kralı VI Məhəmmədin qısa saqqalını — daha çox yüngül ülgüc qırxıntısına bənzər görünüşünü "rüsvayçılıq" və "Peyğəmbərin üzünə tüpürmək" adlandırmışdır. Öz növbəsində kral bunu "cəfəngiyyat" kimi qiymətləndirmişdir.

Orta Şərq Livan kimi bəzi Orta Şərq ölkələrində saqqal saxlayan şəxslər bunu dini səbəblərdən etməsələr belə polis tərəfindən şübhəli münasibətlə qarşılaşa bilərlər.

Məlumatlara görə, Suriyada və İraqda gedən hərbi əməliyyatlar fonunda İŞİD döyüşçülərinə qarşı vuruşan kürdlər ilə eyniləşməmək məqsədilə Türkiyənin cənub-şərqindəki kürdlər kütləvi şəkildə saqqallarını qırxmağa başlamışdılar. Buna baxmayaraq, saqqal saxlamaq yalnız İŞİD-ə məxsus xüsusiyyət deyildi. Bəzi hallarda Kürdüstan Fəhlə Partiyası üzvləri insanları saqqal saxladıqları üçün edam etmişdilər. Türkiyədə saqqal saxlamaq sünnə hesab edilir və yetkin kişilərə tövsiyə olunur. Bununla yanaşı, ölkənin hüquq kodeksinə əsasən, dövlət qulluqçularına saqqal saxlamaq qadağandır.

Misirdə Hüsnü Mübarək dövründə saqqal prezidentə qarşı çıxan islamçı qüvvələrin rəmzi hesab edilirdi. Buna baxmayaraq, saqqal yalnız müsəlmanlara yox, həm də qibti xristianlara məxsusdur. "Müsəlman Qardaşlar" təşkilatı təmiz saxlanılmış saqqalları ilə seçilirdilər, sələfilər isə qalın saqqal buraxıb bığlarını qırxırdılar. Onlardan bəziləri saqqallarını xına ilə – tünd qırmızıdan tutmuş parlaq narıncı rəngədək boyayırdılar. Mübarək dövründə bütün dövlət qulluqçuları saqqallarını qırxmağa məcbur idilər, lakin rejimin süqutundan sonra saqqal saxlamaq yenidən dəbə çevrilmişdir. Misirin baş müftisi Şövqi Əllam kimi nüfuzlu alimlər saqqal saxlamağı da, onu qırxmağı da mübah hesab etmişdilər.

Taliban thumb|Üsamə bin Laden.

27 sentyabr 1996-cı ildə "Taliban" ilk dəfə Kabil şəhərini ələ keçirdikdən sonra yaratdıqları Əfqanıstan İslam Əmirliyində şəriət normaları tətbiq olunmuşdur. Bu qaydalardan biri kişilərin qalın saqqal saxlaması idi. "Saqqal yoxlamaları" keçirilirdi və bu yoxlamalarda yumruğu qədər uzun olmayan saqqal saxlayanlar döyülə bilərdi.

Pakistanda, "Taliban"ın nəzarətində olan Bəcavr qəbilə zonasında bərbərxanalara saqqal qırxmağın islama zidd olduğu və qadağanı pozanların öldürüləcəyi barədə xəbərdarlıqlar yapışdırılmışdı. Qadağaya əməl etməyən bir sıra bərbərxanalar partladılmışdı. Oxşar hədələr Vəziristanda yerləşən bərbərxanalara da edilmişdi.

Mərkəzi Asiya Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin mövqeyinə görə, saqqal saxlamaq sünnədir, saqqal qırxmağın günah sayılmasını isə yalnız vəhhabilər müdafiə edirlər. Qazax ruhaniləri bu məsələdə XX əsr Misir alimləri – Məhəmməd Əbu Zöhrə (1898–1974), Mahmud Şəltut (1893–1963) və Misir Fətvalar İdarəsinin qərarlarına istinad edirlər. Astana şəhərində yerləşən Qılmani məscidinin rəsmi səhifəsində "Dinşünaslıq Mərkəzi"nin rəhbəri Tanjarıq Turqankulov qeyd etmişdir ki, qazaxıstanlı gənclərin saqqal saxlaması, əslində, müsəlman cəmiyyətində ixtilaf yaratmaq məqsədi daşıyır.

Özbəkistanda əhalinin çoxunun müsəlman olmağına baxmayaraq, qeyri-rəsmi şəkildə saqqal qadağası mövcuddur. Saqqallı şəxslərə ictimaiyyət və milis əməkdaşları tərəfindən şübhə ilə yanaşılır. Hətta məscid imamları belə "Özbəkistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saqqallılar siyahısına düşməmək üçün" saqqallarını qırxmağa məcbur olurlar. "Forum 18" təşkilatının xəbər xidmətinin rəhbəri Feliks Kroleyin sözlərinə görə, "Özbəkistan hökuməti yalnız radikal islamçılara qarşı yox, ümumilikdə dindar müsəlmanlara qarşı mübarizə aparır".

Saqqal qadağası qeyri-rəsmi olaraq 1997-ci ildə Fərqanə vadisində yerləşən Namanqanda baş vermiş yüksəkrütbəli hüquq-mühafizə orqanı əməkdaşının qətlə yetirilməsindən sonra genişlənmişdir. O dövrdə pasportunda saqqallı fotosu olan və ya real həyatda saqqal saxlayan şəxs həbs və cinayət təqibinə məruz qala bilərdi. Özbəkistanda saqqallı şəxsin pasport ala bilməsi üçün regional ruhani idarədən "ekstremist təşkilata üzv olmadığını təsdiq edən" arayış tələb olunurdu, lakin bu icazəni almaq nadir hallarda mümkün olurdu.

Rusiya 27 avqust 2011-ci ildə Rusiyada, Qaraçay-Çərkəz Respublikasının DUM Alimlər Şurası qərara almışdır ki, hənəfi məzhəbinə görə saqqal saxlamaq vacibdir. Buna görə də bütün imamlar saqqal saxlamalı, onu ən azı görünəcək dərəcədə qırxmamalıdırlar. Tümen vilayətinin müftisi Eldar Zaqanşin bildirmişdir ki, saqqal saxlamaq tatar xalqının ənənəsi deyil və saqqal saxlamaq hüququ qazanılmalıdır. Onun sözlərinə görə, kiçik saqqal evlənmədən sonra, təxminən 30–35 yaşlarında buraxıla bilər, uzun və qalın saqqal isə yalnız 60 yaşdan sonra "Şaxta Babaya oxşamaq" üçün saxlanmalıdır. Moskva Memorial Məscidinin imam-xətibi Şamil Alyautdinov "Saqqal saxlamaq" adlı məqaləsində qeyd etmişdir ki, saqqal saxlamaq "qətiyyən vacib deyil" və bunun əksini iddia etmək "cahilliyin təzahürüdür". O, bu məsələdə Qazaxıstan alimləri kimi XX əsr Misir alimləri Məhəmməd Əbu Zöhrə və Mahmud Şəltutun mövqeyinə istinad etmişdir.

Şimali Qafqazda, xüsusilə Dağıstanda uzun saqqal saxlamaq, polis əməkdaşlarının vətəndaşları "dini ekstremizm" kateqoriyasında "profilaktik qeydiyyata" alması üçün əsas olur.

Azərbaycan Azərbaycanda bəzi hallarda polis əməkdaşları saqqal saxlayan şəxslərə təzyiq göstərmiş, onları ictimai yerlərdə "radikalizm" ittihamı ilə təqib etmişdir. 2010-cu ildə Azərbaycanın Zaqatala rayonunda yaşayan bir qrup müsəlman gənc hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış və onların saqqalları zorla qırılmışdır. İnsidentdən sonra gənclər hüquq-mühafizə orqanlarını dini azadlıqları pozmaqda ittiham etmişdilər. Azərbaycanın əhalisinin əksəriyyəti şiələrdən ibarət olan cənub bölgəsində sünni məzhəbinə mənsub bir şəxsin saqqalı zorla qırxılmış və hadisənin videosu sosial şəbəkələrdə yayılmışdır.

Saqqala dəyişikliklər

Qısaldılması thumb|Bığı və saqqalı təxminən sıxılmış yumruq həcmində qırxılmış müsəlman.

İslam alimlərinin əksəriyyəti saqqalın yumruq boyundan artıq hissəsinin qısaldılmasına icazə vermişdir. Yalnız bəzi şafiilər, məsələn, Nəvəvi və başqaları saqqalın "buraxılması" barədə ümumi dəlillərə əsaslanaraq onun qısaldılmasını yolverilməz sayırdılar. Saqqalın qısaldılmasının caizliyinə peyğəmbər Məhəmmədin səhabələri İbn Ömər və Əbu Hüreyrənin davranışları, eləcə də Həsən əl-Bəsri, İbn Əbdülbər, İbn Teymiyyə və İbn Abidinin fikirləri dəlalət edir.

Şiə islamda saqqalın və bığın qırxılması məsələsi uzun illərdir müzakirə olunan mövzularındandır. isna əşəriyyə məzhəbinə görə, sünnə qaydasına əsasən, saqqalın uzunluğu bir yumruqdan artıq olmamalıdır. Üz tüklərinin qısaldılması icazəli hesab edilmiş, lakin onu qırxmaq haram sayılmışdır. Ümumiyyətlə, şiə islamın davamçıları saqqalı qısa saxlamaya üstünlük verirlər və onların saqqalı adətən "iki–üç günlük uzantıya" bənzər şəkildə olur. Seyid Əli Xamenei, seyid Əli Sistani və digər şiə mərcelərin mövqeyinə görə, əgər saqqalın ölçüsü urf baxımından "saqqal" adlandırıla bilirsə, bu halda haram hökmü tətbiq edilməmişdir.Ayatollah Khamenei; issue of beard khamenei.ir Retrieved 7 October 2020Issue of Beard / Maraja's hadana.ir Retrieved 7 October 2020

Ayətullah Vahid Xorasani saqqalın tam qırxılmasını "qəti şəkildə haram" hesab etmişdir və bildirmişdir ki, bəzi kişilərin yalnız çənə nahiyəsində saqqal saxlayaraq qalan hissəni qırxması da bütövlükdə saqqal qırxmaq hökmünə daxildir və qadağandır. Ayətullah Sistaninin mövqeyinə görə, kişinin üzündə saqqalın müəyyən ölçüdə saxlanması dini baxımdan vacibdir. Digər şiə alimləri qeyd etmişlər ki, üz tüklərinin bir qisminin qırxılması saqqalın təhrif edilməsi kimi qiymətləndirilir və şəriət qaydaları ilə uyğun gəlmir.https://erfan.ir/english/amp19860.html

Boyanması