Əbül-Bərəkət Hafizəddin Abdullah ibn Əhməd ibn Mahmud ən-Nəsəfi (; ) — Hənəfi məzhəbinin post-klassik dövründə ən təsirli alim.

Bioqrafiyası Buxara yaxınlığındakı Nəsəfdə (indiki Qarşi) dünyaya gəlib. Monqolların qətliam və qəratlərinə dəfələrlə məruz qalmasına baxmayaraq, İslam dünyasındakı əhəmiyyətini itirməyən Buxarada yetişib. Xüsusi ilə Həmidəddin əd-Dərirdən bəhrələnib. Bədrəddin Məhəmməd ibn Mahmud əl-Kərdəri də onun müəllimlərindən biridir.

O, Buxara monqollar tərəfindən xarabalığa çevrildiyindən Kirmana gedərək Qütbiyyə-Sultaniyyə mədrəsəsində uzun müddət müəllimlik edib. Onun burada nə qədər qaldığı naməlumdur. Onun Kirmandakı həyatı haqqında da mənbələrdə məlumatlar yoxdur. Sadəcə onun, hicri 710-cu (1310) ildə Bağdada getdiyi və oradan qayıdarkən yolda Xuzistanın İzac (İzə) şəhərində vəfat etməsi məlumdur.

Uzun müddət mədrəsədə müəllimlik etməsinə baxmayaraq, mənbələr onun yalnız üç tələbəsindən bəhs etmişlər. Bunlar Hüsaməddin əs-Siğnaqi (gənc yaşlarında Nəsəfidən icazət alıb), Müzəffərəddin ibn əs-Səati və Sədül-Milləvəddin Mahmud ibn Əhməddir.

Təsiri və təsəvvüfi yönü

Hənəfiliyə təsiri O, islam dinin müxlətif sahələrinə aid əsərlər qələmə almışdır. Onun qələmə aldığı əsərlər Hənəfi məzhəbində xüsusilə təsirli olmuşdur. Onun bu nailiyyətinin səbəbi isə müxtəlif sahələrə aid olan əsərləri xüsusilə ilə mədrəsə tələbələri üçün sistematik şəkildə xülasə etməsidir. Belə ki, "əl-Mənar" əsəri post-klassik Hənəfi üsul ədəbiyyatının mübahisəsiz ən təsərli əsəri olub, haqqında 100-ə yaxın tədqiqat aparılmışdır. Bir digər əsəri isə "Kənzüd-dəqaiq"dir. Bu əsər Hənəfi üsul doktrinasının uğurlu bir xülasəsi olub, məzhəbin ən mühüm məcmuələrdən biridir. Kəlam elminə aid "əl-Umdə" adlı əsəri və "Mədariküt-tənzil" adlı təfsiri də, klassik İslam elmlərinin dolğun xülasələri kimi elmi dairələr tərəfindən geniş rəğbət görmüşdür. Lakin Nəsəfini sadəcə cəmləyici və ya klassik bilikləri sistemli şəkildə təqdim edən müəllif kimi görmək doğru olmaz. Çünki o, xüsusilə ən çox məşğul olduğu füruyi-fiqh sahəsində, bəzi alimlərə görə ictihad, bəzilərinə görə isə təmyiz (müxtəlif fikirləri ayırd etmə) səlahiyyətinə malik bir hüquqşünas (fəqih) olduğu qəbul edilir. Onun Hənəfi hüquq doktrinasına aid şərhləri sonrakı hüquq alimlərinin tez-tez müraciət etdiyi əsas mənbələrdən biridir.

Təsəvvüfi yönü Nəsəfinin başqa bir xüsusiyyəti isə onun təsəvvüfi yönüdür. Qureyşi onu "zahidlərdən biri" şəklində təsvir edir. Onun bəzi əsərləri bu təsəvvüfi yönünü əks etdirdiyi kimi, müəllimi Kərdərinin sufi Fəryabinin tələbəsi olması və Nəsəfinin yetişdiyi dövrdə təsəvvüfün Mərkəzi Asiyada, xüsusilə də Buxarada geniş yayılması, onun da bu mənəvi mənbələrdən bəhrələndiyini göstərir.

Hədis elmindəki yeri Hədis elminə dair hər hansı bir əsərinə rast gəlinməsə də, bəzi mənbələr onun mühəddis (hədis alimi) olduğunu qeyd edirlər.

Əsərləri Əbül-Bərəkət ən-Nəsəfi, "əl-Müstəsfa", "əl-Müsəffa", "əl-Vəfi", "Kənzüd-Dəqaiq", "Mədariküt-tənzil və həqaiqut-təvil", "əl-İtimad fil-etiqad", "əl-Umdə", "əl-Kafi fi Şərhil-Vəfi", "Mənarül-ənvar", "əl-Münəvvir fi Şərhil-Mənər", "Kəşfül-əsrar fi Şərhi Mənaril-ənvər" və "Şərhul-Müntəxab fi üsulil-məzhəb" adlı əsərlərin müəllifidir.

Həmçinin bax

Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Matüridilər Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İran tarixi Kateqoriya:Şeyxülislamlar Kateqoriya:Tacikistan tarixi Kateqoriya:Hənəfilər Kateqoriya:Soqdiana şəxsləri