Rhinoptilus africanus və ya İkizolaqlı qaçağan — Haçaquyruqlar fəsiləsinə aid quş növü. Ümumi məlumat Quşun başının üstü açıq rəngdədir və qəhvəyi-qara lələklərlə zolaqlanmışdır. Dimdiyin əsasından başlayaraq gözdən boynuna qədər uzanan ensiz qara zolaq var. Yanaqları, çənəsi, boğazı və boynu açıq sarı-ağ rəngdədir və tünd qəhvəyi ləkələrlə örtülüdür. Bel və qanad örtükləri qumlu-qəhvəyi rəngdədir, tünd mərkəzlərə və geniş ağ/açıq sarı kənarlara malikdir. Qısa dimdiyi qaradır, gözləri tünd qəhvəyi, ayaqları və pəncələri isə açıq boz rəngdədir.

İkizolaqlı qaçağan Efiopiya, Somali, Cənubi Afrika Respublikası və Tanzaniyada tapılır. Quş kifayət qədər geniş yayıldığı üçün nəsli kəsilmə və ya təhlükə altında olma təhlükəsi yoxdur. İkizolaqlı qaçağan düz, daşlı və ya qumlu yarımsəhra landşaftlarında, möhkəm qumlu torpaq və otlu və ya tikanlı kolluqlarla örtülü ərazilərdə yaşayır və çoxalır.

İkizolaqlı qaçağanlar monoqam cütlüklər şəklində çoxalır. Çoxalma erkəyin dişi ətrafında yarımdairevi rəqs etdiyi cütləşmə rəqsi ilə başlayır. Dişi bir yumurta qoyur və valideynlər növbə ilə yumurtanı təxminən bir saat müddətində qoruyur. Təxminən iyirmi beş gündən sonra yumurta çatlayır. Balalar yumurtadan çıxdıqdan 24 saat ərzində yuvadan ayrılır, lakin 3–4 günlük olana qədər yuvaya yaxın qalır və sonra valideynlərinə qoşulur. Hər iki valideyn balanı kiçik həşəratlarla qidalandırır və bala təxminən 5–6 həftəlik olanda müstəqil qidalanmağa başlayır.

Çoxalma mövsümü ölkələr üzrə fərqlənir: Efiopiya: aprel–iyun Somali: fevral–iyul (əsasən may–iyun) Tanzaniya: noyabr Cənubi Afrika Respublikası: il boyu, ən çox oktyabr–noyabr aylarında.

Quş əsasən qarışqa, termit və böcək kimi həşəratlarla qidalanır. Ovunu tez qaçaraq və dimdiyi ilə vuraraq tutur.

Yarımnövləri "Rhinoptilus africanus"un səkkiz yarımnövü var: "R. a. raffertyi", (Mearns, 1915): Eritreya, şərqi Efiopiya və Cibuti; "R. a. hartingi", (Sharpe, 1893): cənub-şərqi Efiopiya, Somali; "R. a. gracilis", (Fischer & Reichenow, 1884): Keniya və Tanzaniya; "R. a. bisignatus", (Hartlaub, 1865): cənub-qərbi Anqola; "R. a. erlangeri", (Niethammer & Wolters, 1966): şimal-qərbi Namibiya; "R. a. traylori", (Irwin, 1963): şimal-şərqi Botsvana; "R. a. africanus", (Temminck, 1807): şərqi Namibiya, mərkəzi və cənub-şərqi Botsvana, şimali Cənubi Afrika Respublikası; "R. a. granti", (Sclater, 1921): qərbi Cənubi Afrika Respublikası.

İstinadlar

Xarici keçidlər

Image at ADW Double-banded courser - Species text in The Atlas of Southern African Birds. Double-banded courser Structured guide to the species in southern Africa

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Afrika quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:1807-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Haçaquyruqlar