Səttar Əliyev (13 dekabr 1964, Ağdam, Azərbaycan SSR, SSRİ) — əsasən müdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu. Məşqçi.
Klub karyerası 13 dekabr 1964-cü ildə Ağdam şəhərində anadan olub. Peşəkar futbolçu karyerasına 1984-cü ildə yerli "Kooperator" (indiki "Qarabağ") komandasında başlayıb. Özünün sözlərinə görə, klubun heyətində ilk oyununu Ağdamda Əli Bayramlının "Energetik" komandasına qarşı keçirib. İlk qolunu isə yenə Ağdamda Gəncə komandasının qapısına vurub. İlk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etsə də, 1988-ci ildə baş məşqçi postuna gələn Adil Nadirovun istəyi ilə müdafiəçi mövqeyinə keçib. Nadirov, belə bir qərar verməsini Əliyevin cəld və sürətli olması və buna görə də hücumlara arxadan qoşula biləcəyi ilə izah edib.
1980-ci illərin ikinci yarısında komanda yoldaşı Müşfiq Hüseynovla birlikdə Stepanakertin "Qarabağ" klubunda baxışda olub. Komandanın heyətində yoldaşlıq oyunlarında iştirak edərək müsbət təəssürat yaratsa da, Dağlıq Qarabağ münaqişəsinin başlaması səbəbindən yenidən Ağdam təmsilçisinə qayıdası olub.
1988-ci ildə "Qarabağ" komandasının heyətində Azərbaycan SSR çempionatının qalibi olub. 1989-ci ildə klubun heyətində SSRİ ikinci liqasında 35 görüş keçirib.
1989 mövsümündə "Qarabağ"ın baş məşqçisi olmuş Rəşid Özbəyovun tövsiyyəsi ilə 1990-cı ildə Bakının "Neftçi" komandasına transfer olunub. Lakin Əsgər Abdullayev və Vidadi Rzayev kimi futbolçularla rəqabət aparmaq çətin olduğundan, yeni klubunda cəmi 3 oyun keçirə bilib.
1990-cı ildə yenidən Ağdam təmsilçisinə qayıdan Əliyev, "Qarabağ"la ikinci dəfə Azərbaycan SSR çempionatının qalibi olub, həmçinin Azərbaycan SSR kubokunu da əldə edib.
1993-cü ildə kapitanı olduğu "Qarabağ"la həm ölkə çempionluğunu, həm də Kuboku qazanaraq "qızıl dubl" edib.
2004-cü ildə "Qarabağ" forması ilə son oyununa çıxıb və peşəkar futbolçu karyerasına yekun vurub. Əliyev, Azərbaycan Premyer Liqası tarixində bir klubda ən çox oyun keçirmiş futbolçular siyahısında 9-cu yerdə qərarlaşıb (230 oyun).
Məşqçilik karyerası Futbolçu karyerasını sonlandırdıqdan sonra "Qarabağ"ın məşqçilər korpusuna daxil edilib və 2010-cu ilədək burada daimi yer alıb. Daha sonra müxtəlif illərdə Azərbaycan U-17, "Abşeron", "Neftçi" və "Sabah"da çalışıb. 2021-ci ildə "Qarabağ"ın U-19 komandasına baş məşqçi təyin edilib.
Şəxsi həyatı 5 qardaşı var. Ən böyük qardaşı da futbolla məşğul olub.
Oğlu, Kamran Əliyev peşəkar futbolçu olub. "Səbail" klubunda və 17 yaşlılardan ibarət Azərbaycan milli komandasında çıxış edib. Hazırda futbol hakimidir.
Nailiyyətləri Futbolçu kimi Qarabağ Azərbaycan SSR çempionu: 1988, 1990 Azərbaycan SSR Kubokunun qalibi: 1990 Azərbaycan çempionu: 1993 Azərbaycan Superkuboku: 1994 Azərbaycan çempionatının gümüş mükafatçısı: 1993/1994, 1996/1997 Azərbaycan Kubokunun qalibi: 1993 Azərbaycan Kuboku finalçısı: 1995/1996, 1997/1998, 1999/2000
Qeydlər
İstinadlar
Xarici keçidlər Səttar ƏliyevTransfermarkt.com saytında
Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri