Alberobello () — İtaliyanın Apuliya regionunun Bari əyalətində yerləşən kənd (kommuna). Bu kənd əsasən "trulli" adlanan qədim daş evləri ilə məşhurdur. Trulli evləri yuvarlaq formalı, daşdan tikilmiş və konus damlarla örtülmüş tikililərdir. Alberobelloda yerləşən bu evlər 1996-cı ildə UNESCOnun Ümumdünya İrsinə daxil edilib.
Kommunanın əhalisi 10.654 nəfərdir (2004), əhali sıxlığı 261 nəfər/km²-dir. Ərazisi 40 km²-dir. Poçt kodu 70011-dir. Telefon kodu 00080-dir. Tarixi Trulli evlərinin tarixi XIV-XV əsrlərə gedib çıxır. Bu evlərin tikilmə texnikası o dövrdə vergi ödəməkdən yayınmaq üçün istifadə olunub, çünki bu evlər asanlıqla sökülə bilirdi. Trulli evləri quru daş texnikası ilə tikilib və sement istifadə edilməyib. Bu texnika evlərin davamlılığını və unikal görünüşünü təmin edir. Damların üzərində tez-tez simvolik şəkillər və naxışlar olur. Bu rəmzlər adətən dini, astroloji və ya mifoloji mənalar daşıyır. Trulli evləri yayda sərin, qışda isə isti olur. Bu, onların təbii izolyasiya xüsusiyyətlərindən irəli gəlir. Neapol krallığında olan vergi ödənişlərindən yayınmaq üçün Trulli evləri tikilirdi. Vergi müfəttişləri gələndə evlər asanlıqla sökülüb, yoxlamadan sonra yenidən tikilə bilirdi. 1767-ci ildə Alberobellonun sakinləri Neapol krallığına qarşı üsyan edərək Kral IV Ferdinanda müraciət etdilər. Bunun nəticəsində Alberobello müstəqil bir qəsəbə statusu aldı.
Tarixi əhəmiyyətli və turistik məkanlara Rione Monti, Aia Pikkola, Sant'Antonio Trullo kilsəsini misal göstərə bilərik. Rione Monti məhəlləsi Alberobello kəndindəki ən məşhur və turistik məhəllədir. Bu ərazi trulli evlərinin ən sıx yerləşdiyi və kəndin əsas cazibə mərkəzi olan hissəsidir. Rione Monti 1000-dən çox trulli evindən ibarətdir və hər il minlərlə turisti özünə cəlb edir. Bu məhəllə 1996-cı ildə UNESCO-nun Ümumdünya İrsinə daxil edilmişdir. Rione Monti Alberobello kəndinin cənub hissəsində, təpə üzərində yerləşir. Bu məhəllənin dar küçələri daş döşəməli və ziqzaq şəkilli formadadır, bu da onu daha cazibədar edir.Burada yerləşən trulli evləri əsasən mağazalara, restoranlara və suvenir dükanlarına çevrilib.
Qalereya
İstinadlar
Xarici keçidlər
Official website Alberobello.com Alberobello Tourism The Trulli of Alberobello UNESCO Collection on Google Arts and Culture
Kateqoriya:1635-ci ildə yaranan yaşayış məntəqələri Kateqoriya:İtaliyadakı ümumdünya irsi