Red Faction () — 2001-ci ildə "Volition" tərəfindən hazırlanmış, THQ tərəfindən yayımlanmış birinci şəxs atıcı janrlı videooyun. Oyun ilkin olaraq, "PlayStation 2" və "Microsoft Windows" platformaları üçün satışa çıxarılmış, 2001-ci və 2002-ci illərdə "Macintosh" sistemləri üçün də uyğunlaşdırılmışdır. Onun "N-Gage" versiyası "Monkeystone Games", mobil versiyası isə "Blue Beck" tərəfindən hazırlanmışdır. 2016-cı ildə oyun "Plaion" tərəfindən "PlayStation 4" platformasına köçürülmüş, "THQ Nordic" tərəfindən həm fiziki, həm də rəqəmsal formatlarda yayımlanmışdır. Oyun müasir elmi-fantastik əsərlərin bir sıra nümunələrindən ilham almışdır.

Hadisələr XXI əsrin sonlarında Mars planetində cərəyan etmişdir. Oyunçu Parker adlı bir mədənçini idarə edir, "Ultor Corporation" şirkətinə qarşı baş qaldıran üsyana rəhbərlik edənlərdən birinə çevrilmişdir. Oyunun əsas xüsusiyyəti "Geo-Mod" adlandırılan texnologiya olmuşdur. Bu texnologiya dağıla bilən mühitlər yaratmış, oyunçunun səhnənin müəyyən hissələrini məhv etməsinə imkan vermişdir. Məsələn, oyunçu qapını açmaq əvəzinə onun ətrafındakı qayaları partladaraq irəliləyə bilmişdir. 2005-ci ilə qədər oyun 2,000,000-dan çox kopya satmışdır.

29 noyabr 2016-cı il tarixində oyun "PlayStation Network" üzərindən "PlayStation 4" platforması üçün əlçatan edilmişdir. Bu versiyada kubok dəstəyi və geniş ekran ölçüləri kimi əlavə xüsusiyyətlər təqdim olunmuşdur.

Oynanış thumb|left|"Geo-Mod" mühərriki vasitəsilə oyunçu körpünü dağıda və beləliklə, zirehli transportyorun uçuruma düşməsinə səbəb ola bilər.

Oyun ətrafdakı relyef və tikililərin partlayıcı maddələr və ya digər vasitələrlə əhəmiyyətli dərəcədə dəyişdirilməsinə imkan verən "Geo-Mod" texnologiyasından istifadə etmişdir. Bu texnologiyadan əvvəlki oyunlarda ətraf mühit yalnız skriptləşdirilmiş məqamlar və ya əvvəlcədən müəyyən edilmiş sahələr vasitəsilə məhdud şəkildə dəyişdirilə bilmişdir. "Red Faction" oyunçulara skriptləşdirilməmiş şəkildə səviyyə dəyişiklikləri etmək imkanı verən ilk videooyun olmuşdur.

Ətraf mühitin geniş hissələrinin dağıdılmasına imkan verən bu yenilikçi mexanizm "Geo-Mod" texnikası ilk dəfə məhz bu oyunda tətbiq edilmişdir. İnkişaf prosesi zamanı "Volition" studiyası həmin texnikanın yaratdığı yeni imkanları fəal şəkildə təqdim edirdi. Məsələn, oyunçu bağlı qapının açarı üçün axtarış aparmaq və ya raket qurğusu ilə divarı partladaraq alternativ yol açmaq seçiminə malik idi. Bununla belə, səviyyələrin xeyli dərəcədə xətti quruluşda olması və oyunçunun müəyyən edilmiş marşrut üzrə yönləndirilməsi səbəbindən "Geo-Mod" texnologiyası birnəfərli rejimində geympley üzərində əhəmiyyətli dərəcədə təsir göstərmir. Çoxnəfərli rejimdə "Geo-Mod" daha çox taktiki məqsədlərlə istifadə olunur. Digər qrafik mühərriklərindən fərqli olaraq, "Geo-Mod" partlayışın nəticələrini hiss və dağıntı təsvirləri ilə yox, əvvəlcədən modelləşdirilmiş boşluq strukturlarının yaradılması ilə əks etdirir. Mühərrik əvvəlcə səhnənin bütöv vəziyyətdə olan geometriyasını render edir, daha sonra partlayış baş verdiyi zaman uyğun şəkildə hazırlanmış meş fraqmentini səhnədən kəsib çıxarır.

Oyunun PC versiyası "Glass House" () adlı əlavə səviyyəni də əhatə etmişdir. Bu səviyyə oyunçulara geometrik modifikasiya mexanikası ilə sərbəst, sınaq xarakterli mühitdə təcrübə aparmağa şərait yaratmışdır.

"PlayStation 2" versiyasında oflayn bölünmüş ekran rejimi mövcud olmuşdur. Bu rejimdə süni intellekt tərəfindən idarə olunan botlar və eyni vaxtda maksimum 4 oyunçu ilə ölüm matçı rejimini oynamaq mümkün olmuşdur. Oyunun PC versiyası oflayn LAN rejiminə əlavə olaraq rəqəmsal çoxnəfərli imkanlarına malik olmuşdur. Burada 25 xəritə üzrə maksimum 32 oyunçunun iştirakı ilə ölüm matçı, komanda ölüm matçı və bayraq ələ keçirmə rejimləri təqdim edilmişdir. PC versiyası üçün iki əlavə çoxnəfərli səviyyə də hazırlanmış və bunlar oyunu "GameStop" və ya "Electronics Boutique" mağazalarından alan oyunçular üçün eksklüziv məzmun kimi daxil edilmişdir. Daha sonrakı "PlayStation 3" və "PlayStation 4" versiyaları orijinal "PlayStation 2" versiyasının birbaşa portu olmuş və heç bir çoxnəfərli funksionallıq təqdim etməmişdir. Buna baxmayaraq, həmin versiyalarda kubok dəstəyi və geniş ekran ölçüləri kimi əlavə xüsusiyyətlər təqdim olunmuşdur.

Süjet "Red Faction" oyununda hadisələr təxminən 2075-ci il ətrafında Mars planetində cərəyan etmişdir. Yer planetində faydalı qazıntı ehtiyatları tükənməyə başladığına görə bəşəriyyətin həyatda qalması üçün daha çox resursa ehtiyac yaranmışdır. Marsda aparılan genişmiqyaslı mədən işlərini "Ultor Corporation" şirkəti idarə etmişdir. Mədənçilərin yaşayış şəraiti son dərəcə ağır olmuş, onların insan hüquqları ciddi şəkildə məhdudlaşdırılmışdır. Koloniyada "Vəba" adında məlum müalicəsi olmayan xəstəlik sürətlə yayılmışdır. Xəstəlik əsasən mədən kompleksinin özündə geniş yayılmış, koloniyanın əhalisi üçün böyük təhlükə yaratmışdır. Mədənçi Parker həyatında yeni bir başlanğıc tapmaq ümidilə Marsa gəlmiş, burada "Ultor"un təqdim etdiyi imkan və vədlərlə cəlb edilmişdir, lakin mədənin sıx şəraiti, mədənçilərə təhqiramiz münasibət və qida çatışmazlığı ilə keçən adi iş günlərindən birində Parker növbəsinin sonunda bir mühafizəçinin mədənçiyə qarşı zorakılıq göstərməsi və ona hücum etməyə cəhd etməsi nəticəsində başlayan qarşıdurmanın üsyana çevrildiyinin şahidi olmuşdur. Mədənçi müqavimət göstərərək mühafizəçini öldürmüşdür. Parker silahlanmış və üsyançılara qoşulmuşdur. Ona "Ultor"un üsyankar təhlükəsizlik üzrə texniki mütəxəssisi Hendriks kömək etmiş və kompleks boyunca yönləndirmişdir. Hendriks Parkerin mədənçilərdən bir qrupla birləşməsinə çalışmışdır. Həmin qrup təchizat şatlını ələ keçirib kompleksdən qaçmağa hazırlaşmışdır, lakin Parker gec çatmış və şatl qalxış etdikdən dərhal sonra raketlərlə vurularaq məhv edilmişdir.

Parker "Ultor" kompleksində irəlilədikcə şirkətin bütün müqavimət cəhdlərini zərərsizləşdirmişdir. O, Orion adlı yüksək rütbəli "Red Faction" üzvünün dəstəyi ilə təşkilatın lideri Eos üçün "Ultor"un yüksək vəzifəli administratoru Qrifonu ələ keçirmişdir. Parker Qrifon vasitəsilə öyrənmişdir ki, "Vəba" xəstəliyinin yaradıcısı Kapek olmuşdur. Kapek nanotexnologiya üzərində təcrübələr aparmış və vəba mədənçilərin illik tibbi baxışı zamanı edilən inyeksiyaların yan təsiri kimi meydana çıxmışdır. Hendriks Parkerə Kapekin məxfi yeraltı laboratoriyasına getməyi tapşırmışdır. Parker və Eos həmin laboratoriyada Kapeki zərərsizləşdirmişdilər. Ölüm ayağında Kapek vəba üçün müalicə olduğunu bildirmiş, lakin onun hazırlanma üsulunu açıqlamadan ölmüşdür. Kapekin ölümü laboratoriyanın özünü-məhv mexanizmini işə salmışdır. Eos müalicəyə dair məlumatları tapmaq üçün geridə qalmış, Parker isə rabitə mərkəzinə doğru hərəkət etmişdir. O, Yer Müdafiə Qüvvələrinə fövqəladə çağırış göndərmiş və daha sonra "Ultor"un onu vurmasının qarşısını almaq üçün raket müdafiə sistemini məhv etmiş, Mars orbitindəki "Ultor" kosmik stansiyasına gedəcək şatla minməyə nail olmuşdur. O, bu stansiyada lazer müdafiə sistemini deaktiv etmişdir.

Kosmik stansiyanı məhv etdikdən sonra Parker qaçış kapsulu ilə Marsa qayıtmışdır. "Ultor" şirkəti mədənçilərlə mübarizəni davam etdirmək üçün ehtiyat muzdlu qüvvələrini işə çıxarmışdır. Hendriks Parkerə bildirmişdir ki, muzdlu dəstələr "Ultor"un törətdiyi qanunsuzluqların izlərini silmək məqsədilə mədən kompleksini məhv etmək əmri almışdır. Qısa müddət sonra Hendriks muzdlu qüvvələr tərəfindən öldürülmüşdür. Parker muzdlu qüvvələrin bazasından keçmiş, onların liderləri Masako ilə qarşılaşmış və onu məhv etmişdir. Bu zaman Parker Eosun bir bombanın yanında bağlı vəziyyətdə olduğunu görmüşdür. Bombanı deaktiv etdikdən sonra Yer Müdafiə Qüvvələri vaxtında gəlmiş, Parker və Eosu qırıcı təyyarənin hücumundan xilas etmişdir. Eos Parkerə vəba xəstəliyi üçün dərmanın hazırlanmış olduğunu və xəstələnmiş mədənçilərə verildiyini bildirmişdir. O həmçinin, Marsı tərk edəcəyini, Parkerin isə yeni qazandığı qəhrəman statusundan bəhrələnməsi lazım gəldiyini bildirmişdir.

İstehsal "Descent 4" oyunu "Descent" seriyasının tərkib hissəsi kimi, ilk "Descent" oyununa prikvel olmaq məqsədilə "Volition" tərəfindən hazırlanmışdır, lakin layihə ləğv edilmiş və onun texnologiyası ilə süjet xəttinin müəyyən elementləri "Red Faction" oyununa inteqrasiya edilmişdir.

"Descent: FreeSpace – The Great War" oyununun 1998-ci ilin martında buraxılmasından sonra "Volition" studiyası cari və gələcək layihələri barədə məlumat vermişdi. "Descent 3" və "Descent: FreeSpace – Silent Threat" inkişaf mərhələsində idi, "FreeSpace 2" isə 1998-ci ilin yayına planlaşdırılırdı. 1998-ci ilin iyununda "Volition" həm "Summoner", həm də "Descent 4" üzərində işləməyə başlamaq qərarına gəlmişdi. "Descent 4" üçün nəzərdə tutulan iddialı inkişaf prosesi layihənin həddindən artıq uzanması və buraxılış tarixinin "Descent 3"dən çox geriyə çəkilməsi riski yaradırdı. İki oyunun buraxılışı arasında fasiləni minimuma endirmək üçün studiya "Descent 4" üzərində mümkün qədər tez işə başlamalı olduğunu müəyyən etmişdi. Bu qərar altı ay sonra, 1998-ci ilin dekabrında verilmiş müsahibədə açıqlanmış və ictimaiyyət tərəfindən vaxtsız hesab edilmişdi, çünki "Descent 3" hələ tamamlanmağa çox uzaq idi. Oyun yalnız 11 iyun 1999-cu il tarixində satışa çıxmışdı.

İnkişaf komandası "Descent 4" üçün mühərriki sıfırdan yaratmağa məcbur idi, çünki "Descent 3" mühərriki kifayət qədər stabil deyildi və oyun mexanikaları da əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihəyə start verildikdən bir il yarım sonra oyun hələ də tamamlanmamışdı. Bu müddətdə studiya "FreeSpace 2", "Summoner" və "Descent 3" kimi bir neçə oyun çıxarmışdı, lakin bu layihələrin gətirdiyi gəlir şirkətin ümumi xərclərini tam qarşılamır və ilk ciddi maliyyə çətinliklərinə səbəb olurdu. Nəticədə "Volition" fəaliyyətini yavaşlatmağa məcbur qalmışdı. 30 avqust 2000-ci ildə "Descent 4"ün inkişafı müvəqqəti olaraq dayandırılmışdır. 31 avqust 2000-ci ildə THQ şirkəti "Volition"u satın almışdı. 11 sentyabr 2000-ci ildə "Descent 4" layihəsinin inkişafı rəsmi şəkildə ləğv edilmişdir.

Layihə sonradan "Red Faction" üçün əsas yaranmışdır. "Geo-Mod" texnologiyası və "Descent 4" üçün nəzərdə tutulmuş digər innovasiyalar burada yenidən istifadə edilmişdir. Əsas personajın adı olan Parker və süjet xəttinin bir sıra elementləri – hadisələrin Marsda cərəyan etməsi, mədənlərdə üsyankar qarşıdurmalar, nanotexnologiya mövzusu və s. olduğu kimi qorunub saxlanılmışdır. Oyunun inkişaf müddəti cəmi səkkiz ay davam etmişdi. "Geo-Mod" texnologiyasının proqramlaşdırılması Con Slegel tərəfindən altı aylıq iş tələb etmişdi.

"Red Faction" ilə 1990-cı ildə buraxılmış "Ümumi xatırlatma" filmi arasında oxşarlıqların mövcud olduğu qeyd edilmişdir. Bunlara Mars mühiti və mühafizəçilərə qarşı üsyan motivi daxildir. Baş dizayner Alan Lourens 2014-cü ildə verdiyi müsahibədə bu paralelləri etiraf etmiş, lakin filmin əsas ilham mənbəyi olmadığını, mövcud oxşarlıqların tamamilə təsadüfi xarakter daşıdığını bildirmişdir.

Oyunun musiqisi Den Vents tərəfindən bəstələnmişdi. Həmin dövrdə "Volition" və "Interplay" öz aparıcı layihələrinin saundtreklərini hazırlamaq üçün ona mütəmadi olaraq müraciət edirdilər. Vents xüsusilə "Descent", "Summoner" və "FreeSpace" seriyası üçün bəstələdiyi musiqilərlə tanınırdı.

"Red Faction" 1998-ci ildə ilkin istehsalat mərhələsinə daxil olmuşdur. İlkin konsepsiyaya görə oyunun hər bir hissəsinin dağıdıla bilməsi nəzərdə tutulmuşdur, lakin texniki çətinliklər və oyunçunun xətti irəliləyişlə yönləndirilməsi zərurəti səbəbindən bu yanaşmanın miqyası azaldılmışdır. Oyun nisbətən məhdud büdcəyə malik kiçik bir komanda tərəfindən hazırlanmış və 2001-ci ildə satışa çıxarılmışdır. Oyunun "N-Gage" versiyası Con Romeroya məxsus "Monkeystone Games" studiyası tərəfindən hazırlanmışdır.