Amira Süleyman — Azərbaycan rəssamı və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (2023-cü ildən etibarən).
Həyatı və fəaliyyəti Amira Süleyman 10 may 1985-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlmişdir. O, 2004-cü ildən fotoqraf kimi fəaliyyət göstərir. 2010-cu ildə Azərbaycan Fotoqrafları Birliyinin üzvü olmuş, 2013-cü ildən SOCAR-ın "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində fotoqraf kimi işləmişdir. Ankara və Bursada foto dərslərində iştirak etmiş, seminarlara qatılmışdır. 2022-ci ildə Azərbaycan Fotoqraflar Birliyinin İdarə heyətinin üzvü və sədr müavini seçilmiş, 2023-cü ildən isə Birliyin sədri vəzifəsini icra etmişdir. 2024-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin sədri vəzifəsinə ümumi səsvermə yolu ilə seçilmişdir.
O, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ordubad rayonunda keçirilən "Sehrli Ordubad" adlı foto sərgidə, Gəncədə mədəniyyət tədbiri – "Əsrlərin şahidi Gəncə" adlı foto sərgisində təşkilatçı olaraq iştirak etmişdir. Amira Süleyman "Əsrlərin şahidi Gəncə" adlı foto sərgidəki çıxışında "Visit Gəncə" adlı yeni layihəyə start verildiyini qeyd etmişdir. Bu layihənin məqsədilə Gəncənin turizm potensialını artırmaq, yerli və xarici turistlər üçün cəlbedici məkan yaratmaqdır. Bu layihə çərçivəsində turizm marşrutlarının hazırlanması, turizm xəritəsi və tematik kataloqun nəşr edilməsi planlaşdırılır.
Amira Süleyman Laçının müharibədən sonrakı vəziyyətini əks etdirən foto layihədə iştirak etmiş, Füzuli Şəhəri Günü münasibətilə keçirilən "Zamanın qanadlarında: Füzuli" adlı fotosərgidə və Kəlbəcər Şəhəri Günü münasibətilə keçirilən "Kəlbəcər – obyektivdən tarixə" fotosərgidə onun əsərləri nümayiş olunmuşdur. O, həm də Cəbrayılda "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisində iştirak etmiş, fotoqrafların Böyük Qayıdışın işıqlandırılmasında və Qarabağa və Şərqi Zəngəzura qayıdışın fotosalnaməsinin yaradılmasında iştirakından danışmışdır.
Onun sədrliyi ilə Azərbaycan Fotoqraflar Birliyinin Tacikistanda "Qarabağ: milli irsin yaddaşı" adlı fotosərgisi nümayiş olunmuşdur. Burada Qarabağın mədəni irsi, həmçinin Qarabağın müharibədən əvvəlki və sonrakı vəziyyəti, görülən bərpa işləri nümayiş edilmişdir.
İstinadlar
Xarici keçidlər Fotoqraf Amira Süleyman Sənətim. Mədəniyyət TV
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Kateqoriya:XXI əsr Azərbaycan qadın rəssamları