Nadir Məmməd oğlu Süleymanov (15 dekabr 1932 – 25 oktyabr 2024) — Azərbaycan alimi, riyaziyyatçısı, AR-nin əməkdar müəllimi, fizika-riyaziyyat elmlər doktoru və professoru. Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi.
Həyatı və təhsili Nadir Süleymanov 15 dekabr 1932-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Rəstəcə kəndində anadan olmuşdur. 1941–1951-ci illərdə Ucar şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1951–1956-cı illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda diplom işinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin birinci mükafatına layiq görülmüşdür.
1956-cı ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1959–1962-ci illərdə isə Moskva Dövlət Universitetində aspiranturada təhsil almışdır. Elmi rəhbəri tanınmış riyaziyyatçı, akademik Georgi Yevgenyeviç Şilov olmuşdur.
Elmi fəaliyyəti 1964-cü ildə Bakı Dövlət Universitetində “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri” mövzusunda namizədlik dissertasiyasını, 1982-ci ildə isə Moskva Dövlət Universitetində “Evolyusion tənliklər üçün Viman–Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1969-cu ildən Bakı Dövlət Universitetində çalışırdı. 1960–1965-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, 1965–1970-ci illərdə baş elmi işçi, 1970–1984-cü illərdə Bakı Dövlət Universitetində dosent, 1984–1990-cı illərdə professor vəzifələrində çalışmışdır. 1990–2000-ci illərdə ehtimal nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. 2012–2015-ci illərdə BDU-da professor-məsləhətçi, 2013-cü ildən etibarən isə AMEA Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir.
Elmi nailiyyətləri Nadir Süleymanov xüsusi törəməli diferensial tənliklər, funksional analiz və ehtimal nəzəriyyəsi sahələri üzrə görkəmli mütəxəssis olmuşdur. O, diferensial tənliklərin keyfiyyət nəzəriyyəsində yeni elmi istiqamət formalaşdırmış, evolyusion tənliklər üçün Viman–Valiron tipli qiymətləndirmələrin inkişafına mühüm töhfələr vermişdir.
80-dən çox elmi məqalənin, 2 monoqrafiyanın və dərsliklərin müəllifidir. 2012-ci ildə Moskva Dövlət Universitetinin nəşriyyatında çap olunmuş “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman–Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası akademik V. A. İlyin tərəfindən yüksək qiymətləndirilmişdir.
Vəfatı Nadir Süleymanov 25 oktyabr 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölümü Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi tərəfindən təsdiqlənmişdir.
İstinadlar
Kateqoriya:1932-ci ildə doğulanlar Kateqoriya:2024-cü ildə vəfat edənlər Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin professorları