Balo bəy Cəlil bəy oğlu Vəkilov (1889 – Naxçıvan şəhəri, 1982) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şərur-Dərələyəz bölgəsində azərbaycanlı əhalinin özünümüdafiə hərəkatında komandanı və Çivə kəndində yaradılmış könüllü silahlı dəstəyə rəhbəri. O, Mətbuatda və ictimai-tarixi mənbələrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün xalq qəhrəmanlarından biri kimi təqdim olunur.
Həyatı və Fəaliyyəti Erkən həyatı Balo bəy Cəlil bəy oğlu Vəkilov 1889-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri bölgədə baş vermiş erməni-müsəlman qarşıdurmaları fonunda keçmişdir. Xüsusilə 1905–1907-ci illər hadisələri onun dünyagörüşünün və milli mövqeyinin formalaşmasına ciddi təsir göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti 1918-ci ildə Cənubi Qafqazda siyasi vəziyyətin kəskinləşməsi və erməni silahlı birləşmələrinin Şərur-Dərələyəz bölgəsində azərbaycanlı kəndlərinə hücumları fonunda Balə bəy Vəkilov Çivə kəndində könüllü özünümüdafiə dəstəsi təşkil etmişdir.
Bu dəstənin tərkibinə Vəkilovlar nəslinin üzvləri və kənd sakinləri — Əhməd bəy (Amo), İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayi Əşrəf bəy, Kərbəlayi Firudin bəy və başqaları daxil idi.
Mənbələrdə qeyd edilir ki, Balo bəy Vəkilovun rəhbərliyi altında Çivə kəndi uzun müddət hücumlardan qorunmuş, müdafiəçilər erməni silahlı dəstələrinə ciddi itkilər vermişdir. Onun hərbi bacarığı, atıcılıq qabiliyyəti və taktiki qərarları döyüşlərin gedişinə təsir göstərmişdir.
Mühacirət və geri dönüş Döyüşlərin daha da şiddətlənməsi nəticəsində Şərur-Dərələyəz və Naxçıvan bölgəsindən olan əhali ilə birlikdə Balo bəy Vəkilov Araz çayını keçərək İran ərazisinə çəkilməyə məcbur olmuşdur. Sonradan Bakı şəhərinə gedərək Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə ilə görüşmüşdür. Görüşdən sonra doğma yurda qayıtmaq qərarı verilmişdir.
Sovet dövrü və repressiyalar 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra Şərur-Dərələyəz bölgəsində siyasi və inzibati dəyişikliklər baş vermiş, Çivə kəndi Ermənistan SSR-in tərkibinə daxil edilmişdir. Bu dövrdə Vəkilovlar nəsli repressiyalara məruz qalmış, mülkiyyətləri müsadirə edilmişdir.
1930-cu illərdə Balə bəy Vəkilovun da adı repressiya siyahılarına salınmış, lakin gizlənərək həbsdən yayınmışdır. Daha sonra Naxçıvan şəhərinə köçərək ömrünün sonuna qədər burada yaşamışdır.
Ailəsi Balo bəy Vəkilov Kəngərli nəslindən Qoçəli bəy Kəngərlinin qızı Dostu xanımla ailə qurmuşdur. Bu nigahdan bir qızı və bir oğlu olmuşdur.
Ölümü və xatirəsi Balo bəy Vəkilov 1982-ci ildə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur.
2023-cü ildə Dərələyəz icması və ictimaiyyət nümayəndələri tərəfindən onun məzarı ziyarət edilmiş, fəaliyyəti və tarixi rolu yad olunmuşdur.
Balo bəy Vəkilovun həyat və fəaliyyəti müasir dövrdə də ictimai yaddaşda yaşadılır və ona həsr olunmuş video-materiallar yayımlanmışdır.
İstinadlar