Abdullah Cövdət bəy (, , ; ) — Türkiyə ziyalısı və həkimi, mason. O, İttihad və Tərəqqi Komitəsinin (İTK) qurucularından biri olmuş və "Bir kürd" təxəllüsü ilə "Meşveret", "Kürdüstan" və "Roji Kürd" kimi nəşrlərdə Şərq–Qərb dixotomiyası, kürd oyanışı və milliyyətçiliyi haqqında məqalələr yazmışdır. Şəxsi nəşri olan "İctihad"da cəmiyyətin qərbləşdirilməsini, feminizmi, fəhlə hüquqlarını, azadlığı, elmi, sekulyarizmi və sosial liberalizmi təbliğ etmişdir. 1902-ci ilədək İTK-nın ideoloqu olmuş, lakin təşkilatın türk milliyyətçiliyini qəbul etməsindən sonra qurduğu təşkilata qarşı müxalif mövqeyə keçmişdir. 1908-ci ildə Demokratik Partiyanı qurmuş, bu partiya 1911-ci ildə Azadlıq və Razılaşma Partiyası ilə birləşmişdir. 1920-ci illərin əvvəllərində qısa müddət kürd müstəqilliyini dəstəkləmiş, sonradan isə Mustafa Kamal Atatürk ilə Türk Milli Hərəkatını müdafiə etmişdir.

Cövdətin ədəbi fəaliyyəti dini mühafizəkarlarla düşmənçilik münasibəti və daimi mətbuat senzurasının müşayiəti ilə xarakterizə olunmuşdur. İslam və Məhəmməd haqqında tənqidi tarixi esselərinə görə bir neçə dəfə küfr ittihamı ilə məhkəməyə verilmişdir. Osmanlı ictimaiyyətinə Çarlz Darvinin təkamül nəzəriyyəsini və bəhai dinini təqdim etmişdir. Cövdətin bir çox fikirləri, Atatürkün öz etirafına görə, sekulyarizm, mədrəsələrin bağlanması və qadın hüquqlarının genişləndirilməsi kimi islahatlarda həyata keçmişdir.

Həyatı

Erkən illəri Abdullah Cövdət 9 sentyabr 1869-cu ildə (və ya 1867-ci ildə) Malatyanın Ərəbgir şəhərində anadan olmuşdur. O, kürdmənşəli ailədə doğulmuşdur. Özünü həmişə kürdmənşəli türk kimi təqdim etmişdir. Atası Diyarbəkirdə yerləşən birinci batalyonun katibi Hacı Ömər Vasfi Əfəndi olmuşdur. Hozat və Ərəbgirdə ibtidai təhsilini Rüşdiyyə məktəbində başa vurmuş, bundan sonra ailəsi ilə Harputa köçmüşdür. 1885-ci ildə Mamurətül-əziz Hərbi Orta Məktəbini bitirmişdir. On beş yaşında İstanbulaya gedərək Kuleli Hərbi Tibb Hazırlıq Məktəbinə daxil olmuşdur. Üç il sonra məzun olaraq təhsilini Məktəbi-tibbiyeyi-şahanədə davam etdirmişdir.

Cövdət əvvəlcə dindar müsəlman olmuş və dini təhsil almış, lakin Qərb materialist fəlsəfələrinin təsiri ilə institusional dinə qarşı dönmüşdür. O, "müsəlman Allahının müasir dövrdə faydasız olmasına baxmayaraq, islam cəmiyyətinin islam prinsiplərini qoruması lazım olduğunu" düşünmüşdür.

Tibb məktəbində Məktəbi-tibbiyeyi-şahanədə tələbəlik illərində məktəbdə üstünlük təşkil edən bioloji materializm ideologiyasından təsirlənmişdir. Onu çox təsir edən Lüdviq Büxnerin "Güc və mahiyyət" əsərinin bir hissəsini "Fizyolociya-i Tefekkür" (1890), yəni "Təfəkkür fiziologiyası" adı ilə tərcümə etmişdir. Həmin il beyin funksiyaları haqqında "Dimâğ" () əsərini nəşr etdirmişdir. 1890-cı ildə islam alimlərinin fikirləri ilə bioloji materialist filosofların ideyalarını uzlaşdırmağa çalışan "Fünûn ve Felsefe" () əsərinin ilk layihəsini hazırlamışdır. Məktəbin son ilində bioloji materializm və beyin funksiyaları haqqında iki kitab – "Fizyolociya ve Hıfz-ı Sıhhat-i Dimâğ" () və "Melekât-ı Akliyye" () nəşr etdirmiş, eyni mövzularda "Maârif", "Musavver Cihan" və "Resimli Kitab" jurnallarında məqalələr yazmışdır.

Cövdət siyasi baxışlarını formalaşdırdıqca özündən əvvəlki "Gənc osmanlılar", xüsusilə Əli Suavi ilə eyniləşmişdir. 3 iyun 1889-cu ildə üç dostu – İbrahim Temo, İshaq Sükuti və Mehmed Rəşid ilə birlikdə Osmanlı İttihad Komitəsini qurmuşdur. Bu cəmiyyət sonradan İttihad və Tərəqqi Komitəsinə çevrilmişdir. Cövdət kimi digər "Gənc türklər" in ümumi məqsədi Sultan II Əbdülhəmidin mütləqiyyətçi rejiminə son qoymaq olmuşdur. Təhsili dövründə siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilmiş və müvəqqəti olaraq məktəbdən xaric olunmuşdur. Tibb məktəbində olarkən ədəbiyyat mühitinə qoşulmuş, Əbdülhaq Hamidin xahişi ilə onun şeirlərini kitab şəklinə salmışdır. Ömər Cövdət adı ilə nəşr olunan bu erkən əsərlərdə Namiq Kamal, Rəcaizadə Mahmud Əkrəm, Həmid və Xalid Ziyanın təsirləri hiss olunur. 1890-cı ildə nəşr olunan ilk şeir kitabı "Hiç"dən sonra "Tuluat" (1891) və "Masumiyet" (1893) şeir kitablarını da çap etdirmişdir.

Cövdət Məktəbi-tibbiyeyi-şahanədə Əli bəy Hüseynzadə ilə birlikdə təhsil almışdır. Abdulla Cövdət və Əli bəy Hüseynzadə arasında uzunmüddətli dostluq və intellektual əməkdaşlıq mövcud idi. Abdullah Cövdət barədə ilk yazını 1906-cı ildə Bakıda Əli bəy Hüseynzadə, Hüseynzadə barədə ilk yazını – "İhyayi layəmut. Həkim, ədib Əli bəy Hüseynzadə" sərlövhəli məqaləni 1908-ci ildə o zaman Qahirədə çıxan "İctihad" jurnalında Abdullah Cövdət yazmış, məqalədə "Rəsuli-həqq" adlandırdığı Hüseynzadəni Prometey ilə müqayisə etmişdi. Hüseynzadənin imzası ilk dəfə 1891-ci ildə Abdullah Cövdətin "Ramazan bağçası"nda görünmüşdür. Ondan başqa, Mirzə Ələkbər Sabir də Cövdətin yaradıcılığından ilham almışdır.

Nəhayət, 1894-cü ilin iyulunda tibb təhsilini başa vurmuş və göz həkimi olmuşdur. Məktəbi bitirdikdən sonra İstanbulda yerləşən Heydarpaşa Nümunə Xəstəxanasında praktika keçmişdir. Həmin ilin noyabrında vəba epidemiyası səbəbindən müvəqqəti olaraq Diyarbəkirə göndərilmiş, eyni zamanda şəhərdə İTK filialını qurmaq üçün fəaliyyət göstərmişdir. Burada olduğu zaman Cövdət Ziya Göyalp ilə ünsiyyətə keçmişdir. Ziyanın əmisi dindar idi və onun ateist olan Cövdət ilə ünsiyyətinə qarşı çıxırdı. Ziya materializmi kəşf etməsinin yaratdığı ekzistensial böhrandan, iqtisadi çətinliklər səbəbilə təhsilini davam etdirmək məqsədilə İstanbula gedə bilməməsi və ailəsinin evlənmək üçün təzyiqindın sonra 1895-ci ilin əvvəllərində intihara cəhd etmişdir. Abdullah Cövdət bəy onu xilas etmək üçün hərəkətə keçmiş, Diyarbəkirdə yaşayan gənc rusəsilli cərrah ilə birlikdə morfin istifadə etmədən Ziyanın öz başına atdığı gülləni çıxarmışdır. Cövdət bundan sonra Ziyanı İTK-yə daxil etmişdir. Cövdət sonralar Ziyanın türkçü ideoloqa çevrilməsindən şikayətlənmişdir. Hər halda, Cövdət Diyarbəkirdə olduğu dövrdə fürsətdən istifadə etmiş, burada Büxnerin "Təbiət və ruh" əsərini "" təxəllüsü ilə tərcümə etmişdir.

Aktivist kimi thumb|Abdullah Cövdətin "Darvin nəzəriyyəsinin nümayəndəsi" adlı karikaturası.

1895-ci ildə İstanbula qayıtdıqda qiyam ittihamı ilə həbs edilmiş və Trablusqərb vilayətinə sürgün edilmiş və orada Tripoli şəhərində Mərkəzi Xəstəxananın göz xəstəlikləri şöbəsinə təyin olunmuşdur, yəni de-fakto sürgün edilmişdir. Trablusqərb vilayətinə sürgün edilmiş və orada Tripoli şəhərində Mərkəzi Xəstəxananın göz xəstəlikləri şöbəsinə təyin olunmuşdur. Buna baxmayaraq, Cövdət orada da İTK naminə fəaliyyətini davam etdirmişdir. Bir il yarım xidmət etdikdən sonra yenidən həbsə alınmışdır. Dörd ay sonra azadlığa buraxıldıqda Fəzzana deportasiya olunacağını öyrənmiş və 1897-ci ildə Tunisdən keçərək Fransaya qaçmışdır. Bu səbəbdən qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmişdir.

O, Murad bəyin Əhməd Rzanı İTK liderliyindən devirdiyi dövrdə, yəni Mizancı Murad hadisəsindən sonra Parisə çatmışdır, lakin sonradan Sultan II Əbdülhəmidin baş kəşfiyyat zabiti Əhməd Cəlaləddin Paşa ilə razılaşma əldə etmiş və Osmanlı imperiyasına qayıtmışdır. Cövdət Cenevrəyə getmiş, burada Tunalı Hilmi və doktor Mehmed Rəşid kimi "Gənc türklər"lə görüşmüş, Əhməd Rza ilə yaxınlaşmışdır. Cövdət və İbrahim Temo 1902-ci ildən sonra təşkilatın türkçü milliyyətçi siyasətini qəbul etməsi ilə İTK ilə əlaqələrini kəsmişdilər. Hələlik İshaq Sükuti ilə birlikdə Cenevrədə türk və fransız dillərində İTK-nın yeni orqanı olan "Osmanlı" qəzetini nəşr etdirmiş və avtokratiyanı pisləyən məqalələr yazmışdır. O, Qərb əsərlərini tərcümə etmişdir. Tərcümə etdiyi əsərlər arasında Fridrix Şillerin "Vilyam Tell" dramı da var idi. Sonradan bu əsərə yazdığı ön sözü "İki Emel" adlı kitab şəklində nəşr etdirmişdir. Həmçinin, Vittorio Alfierinin "Zülm" (1789) essesini "İstibdâd" () adı ilə tərcümə etmişdir. Cenevrədə nəşr etdiyi şeir kitablarından biri olan "Kahriyât"da siyasi məqsədlərlə yazılmış, burada azadlıq və vətənpərvərlik mövzulu şeirlər yer almışdır. Bu şeirlərin demək olar hamısı II Əbdülhəmidə qarşı yönəlmiş və onu azadlığa düşmənçilikdə ittiham etmişdir.

Nəhayət, Əbdülhəmid Cövdətin nəşr etdiyi təhlükəli ədəbiyyata diqqət yetirmişdir. 1899-cu ildə Cövdət Fəzzan və Tripolidə həbs olunmuş 72 dostu azadlığa buraxılsın nəşrlərini yumşaltmışdır. Sultan sonra onun mövqeyini satın almaq üçün Vyana səfirliyinin baş həkimi vəzifəsini təklif etmiş, şərt olaraq siyasi məqalələr yazmaqdan imtina etməsini və İstanbuldan uzaq durmasını qoymuşdur. Cövdət bu təklifi qəbul etmiş və bu, "Gənc türklər"dən olan dostlarında böyük narazılıq doğurmuşdur. Bu dövrdə sultan müxalifəti ilə müəyyən qədər eyniləşməsini davam etdirmişdir, lakin daha çox şeirlə və simvolist dairələrdə maraq doğuran kitabların nəşri ilə məşğul olmuşdur. Onun şeiri hərəkatla əlaqələndirilmiş və Qustav Kan kimi aparıcı Fransa müəlliflərindən təriflər almışdır.

Vyana səfiri 1903-cü ildə Cövdətin siyasi fəaliyyətini gizlincə davam etdirdiyini saraya xəbər vermişdir və buna görə Cövdət səfirə şillə vurmuşdur. Buna görə onun vəzifəsi dayandırılmışdır. Cenevrəyə qayıtmış, Osmanlı İttihad və İnqilab Cəmiyyətini qurmuş, "Osmanlı" qəzetini təşkilatın orqanı kimi yenidən nəşr etdirmişdir. Hökumət onu İsveçrədən ekstradisiya etmək üçün saxta bayraq əməliyyatı təşkil etmiş, sultana qarşı yönəlmiş pornoqrafik broşürnın müəllifi olduğunu iddia etmişdir, halbuki broşür əslində hökumət agenti tərəfindən nəşr olunmuşdur. Cövdət İsveçrədən deportasiya edilmiş, lakin Misirə köçməyə nail olmuşdur.

Misirdə 1904-cü ildən ömrünün sonuna – 1932-ci ilədək Cövdət "İctihad" adlı dövri nəşri buraxmış və siyasətdən kənar qalmışdır. O, burada Qərbləşmə və sekulyarizmi təbliğ edən məqalələr yazmışdır. Jurnalın bağlanmaları səbəbindən müxtəlif adlar altında nəşr olunmuşdur: "Cehd", "İşhâd", "İştihâd", "Âlem", "Eski İçtihad". Cövdət Qahirəyə köçmüş, burada şahzadə Sabahəddinin Xüsusi Təşəbbüs və Desentralizasiya Liqasına qoşulmuşdur. 1906-cı il Ərzurum üsyanını dəstəkləyən məqalələr yazmış, konstitusiyalı monarxiyanın qurulmasını və bəzi vergilərin ləğv edilməsini tələb etmişdir. Gənc türklər inqilabından və konstitusiyalı monarxiyanın bərpasından sonra dərhal İstanbula qayıtmamış, Misirdə 1910-cu ilədək qalmışdır.

Qahirədə Şərq və Qərb ədəbi ənənələrini uzlaşdırmağa çalışmışdır. Bu məqsədlə Şekspir, Şiller, Hüqo və Bayronun, eləcə də Sədi, Rumi və Xəyyamın əsərlərini tərcümə etmişdir. Osmanlı imperiyasının geridə qalmasını və rəqabət qabiliyyətinin aşağı olmasını cəmiyyətdə dinin rolu ilə izah etmişdir. Bu dövrdə Cövdət Əli bəy Hüseynzadə ilə məktublaşırdı. Hüseynzadə "Həyat" və "Füyuzat" nəşrlərində Cövdətin yaradıcılığını təbliğ edirdi. O, Cövdəti "hürriyyət mücahidi, şair və Qərb ədəbiyyatının tərcüməçisi" kimi təqdim etmiş, "İctihad" jurnalını islam dünyasının oyanışı üçün vacib hesab edirdi. Hüseynzadə Cövdətin Bayron, Şiller və Şekspir tərcümələrini yüksək qiymətləndirirdi. Cövdət Hüseynzadə ilə məktublarında öz nəşrlərinin və tərcümələrinin Bakıda yayılması və maliyyələşdirilməsi üçün Hüseynzadədən kömək istəyirdi. Hüseynzadə Hacı Zeynalabdin Tağıyev və Murtuza Muxtarov kimi Bakıdakı varlı şəxslərlə əlaqə yaratmağa çalışırdı. 1908-ci ildə Reynhart Dozinin iki cildlik "İslamçılığın tarixinə dair esse" əsərini "Tarih-i İslâmiye" () adı ilə tərcümə etmiş və nəşr etdirmişdir. İslamı və Məhəmmədi tənqid edən bu kitab nəşr olunduqda böyük qalmaqal doğurmuş, 1910-cu ilin fevralında senzura tərəfindən qadağan edilmiş, müsadirə olunmuş və mövcud nüsxələri şeyxülislam Mehmed Cəmaləddin Əfəndinin diqqətini cəlb etdikdən sonra Qalata körpüsündən atılmışdır. Cövdət əsəri tərcümə etməkdə məqsədinin müsəlman tarixçilərə Dozinin səhvlərini düzəltmək imkanı vermək olduğunu bildirmişdir.

Cövdət 1903-cü ildə şeirlərindən birini "Neue Freie Presse" qəzetində dərc etdiyinə görə Teodor Herzl ilə görüşmüş və ona təşəkkür etmişdir. Bu tanışlıqdan sonra Herz ilə əməkdaşlıq etmiş, onun məktublarını türk dilinə tərcümə etməyə başlamışdır.

1910-cu ildən sonra